ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanın bir-birinin energetika infrastruktura zərbələr endirməmək barədə razılığa gəldiyini iddia edib. Lakin Kiyev rəsmi sənədin olmadığını, yalnız Qərb tərəfdaşlarının real zəmanəti olacağı təqdirdə bu addımın atıla biləcəyini bəyan edib.
Tramp özünün “Truth Social” sosial şəbəkəsindəki hesabında tərəflər arasında belə bir anlaşmanın əldə olunduğunu yazıb. O, həmçinin dünyada dizel yanacağının bahalaşmasında İranı deyil, birbaşa Rusiya-Ukrayna müharibəsini günahlandırıb.
Lakin nə Ukrayna, nə də Rusiya tərəfi rəsmi səviyyədə hər hansı yekun müqavilənin imzalandığını təsdiqləməyib.
Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında Trampın bəyanatına reaksiya verərək bildirib ki, Kiyev tərəfdaşlarına kritik infrastrukturun qorunması üçün mexanizm təklif edib, lakin Rusiyanın öhdəliklərinə əməl edəcəyinə şübhə ilə yanaşır:
“Əgər tərəfdaşlarımız Rusiyanın elektrik şəbəkələrimizə, digər energetika obyektlərimizə və ərzaq təchizatına zərbə vurmayacağına zəmanət verməyə hazırdırlarsa, biz də dərhal analoji zəmanəti verməyə hazırıq. Lakin bu, rusiyalıların öz «seçkiləri» dövründə benzin və dizel təzyiqini azaltmaq üçün istifadə etdiyi müvəqqəti gediş deyil, uzunmüddətli və etibarlı mexanizm olmalıdır. Kritik infrastruktura münasibətdə deeskalasiya sülhə doğru ilk addım ola bilər”.
“Financial Times” qəzetinin Ukrayna üzrə müxbiri Kristofer Miller də Kiyevdəki mənbələrinə istinadən bildirib ki, Tramp bu bəyanatı verməkdə bir qədər tələsib. Jurnalistin sözlərinə görə, bu istiqamətdə danışıqlar və hazırlıq işləri aparılsa da, hələlik yekun anlaşma əldə olunmayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə Kiyevin mülki iqtisadi infrastruktura zərbələri dayandırması çağırışını “yalnız alqışlamaq mümkündür” deyərək şərh edib. Lakin Peskov Kiyev bu tələbi yerinə yetirəcəyi təqdirdə Rusiyanın Ukraynanın iqtisadi infrastrukturunu vurub-vurmayacağı ilə bağlı sualı cavabsız qoyub.
Maraqlıdır ki, Trampın bu bəyanatı artıq Rusiya maliyyə bazarlarına təsir edib. Bəyanatdan dərhal sonra Moskva Birjasının indeksi 3,61% artaraq 2 363,41 bəndə yüksəlib.
