30 C
Bakı
15 Sentyabr 2026 16:13
DünyaTexnologiya

Sİ nəhənglərinin “təhlükəsizlik” çağırışının arxasında nə dayanır?

Keçən həftənin sonu birdən birə ABŞ-a aid süni intellekt (Sİ) nəhəngləri bir nəfər kimi təcili olaraq Sİ-nin inkişafını məhdudlaşdırmağı təklif etdilər.

Əvvəl xəbərlərdən çıxarışları dinləyək.

Anthropic şirkətinin (Claude modelinin) baş direktoru Dario Amodei:

“Son bir neçə ay ərzində mən əmin oldum ki, risklərlə bağlı problemlərin tam həlli daha çox ehtiyatlı olmağı – təkcə risklərin qarşısının alınmasına investisiya qoymağı deyil, həm də risklərin qarşısının alınması sisteminin ayaqlaşa bilməsi üçün imkanların inkişaf tempini tənzimləməyi tələb edir. Sİ imkanlarının inkişafının artan tempini nəzərə alsaq, qorxuram ki, daimi fəaliyyət göstərən botnet vasitəsilə belə bir dəstə 6-12 ay ərzində bütün interneti ələ keçirə və yüz milyardlarla dollar ziyan vura bilər. Kifayət qədər təhlükəsizlik tədbirləri olmadan Sİ daha da güclənərsə, ziyanın miqyası artacaq. Risk çox yüksəkdir.”

Çinlə razılaşma da daxil olmaqla, ümumi təhlükəsizlik standartları və məhdudiyyətlərinin müəyyən edilməsi məqsədilə Amodei Sİ sahəsində bütün aparıcı şirkətlərinin xarici ekspert yoxlanışının, onlar arasında koordinasiyanın və hökumətlər səviyyəsində qlobal koordinasiyanın tətbiq edilməsini təklif etdi.

İlon Musk (xAI “Grok”) Amodeinin haqlı olduğunu bildirdi.

OpenAI-ın baş direktoru Səm Altman:

“Hesab edirəm ki, onilliyin sonuna qədər 10% ehtimalla hamımızın ölməsinə dair riski götürmək qəbuledilməzdir. Düşünürəm ki, indi biz yeni bir dövrə qədəm qoyuruq və çox güman ki, keçmişdə etdiyimiz kimi, işimizin bütün bəşəriyyətə fayda verməsini təmin etmək üçün heç kimi riskə atmadan fərqli davranmalı olacağıq. Düşünmürəm ki, nə vaxtsa bizim “Bütün GPU-ları [qrafik prosessorları] əridin!” deməyə məcbur olacağımız an gələcək. Lakin bəşəriyyətin davamlı mövcudluğunu təmin etmək üçün oxşar bir addım atmaq tələb olunarsa, bunu mütləq edəcəyik.”

Buna görə də, OpenAI Sİ-nin təhlükəsizliyinə və nəzarətdə olmasına diqqəti artıracaq.

Hugging Face-ın baş direktoru Klement Delanj şirkətinin “açıq konsensus təşəbbüsü” başlatdığını və üçüncü tərəf təhlükəsizlik qiymətləndirmə sistemlərindən istifadə etməyə açıq olduğunu bildirdi.

Keçən həftə Anthropic-dən istefa verən tədqiqatçı Ceykob Kokson Sİ şirkətlərinin açıqlamasından əvvəl dünyada geniş müzakirələrə səbəb olan bəyanatında demişdi:

“Biz ən aqressiv ssenari ilə irəliləyirik – vəziyyət artıq gələn ilin sonuna qədər nəzarətdən çıxa bilər.”

İşdən çıxmasını da özü özünü təkmilləşdirən və bəşəriyyəti məhv edə bilən Sİ sistemləri yaratmaq yarışında iştirak etmək istəməməsi ilə əlaqələndirdi. Çünki heç bir şirkət Sİ-ni məsuliyyətlə inkişaf etdirmək qabiliyyətində deyil.

Çox maraqlı açıqlamalardır! Sİ yaradıcıları öz bizneslərinin inkişafını məhdudlaşdırmaq istəyirlər!!!

Kapitalizmdə belə şey indiyədək görünməyib! Arı baldan şikayət edir.

Böyük pullar olan yerdə insanları düşünən kapitalisti heç cür təsəvvür edə bilmirəm.

Məgər bu sistemləri düşünənlərin əsas məqsədlərindən biri elə əhali sayını kəskin azaltmaq deyil?!

Kovid aferası zamanı insanları inandırmaq üçün etdikləri nə oldu? Qorxutmaq. Çünki insan qorxanda məntiqi yox, emosiyaları ön plana çıxır – özünümüdafiə instinkti işə düşür. Panika içində olan insan təklif olunan istənilən müdafiə mexamizmlərinə ümid edir, onlardan ikiəlli yapışır.

Bunlar da əvvəl qorxudurlar: Altman deyir ki, bu onilliyin sonuna Sİ 10% ehtimalla hamımızı məhv edəcək; Koksan isə qorxunu daha da şiddətləndirərək deyir ki, gələn ilin sonuna Sİ axırımıza çıxacaq.

Çıxış yolu nədir? Gəlin, Sİ-yə nəzarət mexanizmlərini təkmilləşdirənədək onun inkişafını məhdudlaşdıraq, yəni dayandıraq.

Necə? Bütün, o cümlədən Çinin də Sİ şirkətlərinin işini xarici ekspertlər tərəfindən yoxlanması sistemini yaradaq ki, heç kim öz Sİ sistemini sürətlə inkişaf etdirməsin.

Bax, burada “xoruzun quyruğu görünür”.

Məncə, ABŞ Sİ şirkətlərinin yekdilliklə Sİ-nin inkişafını məhdudlaşdırmaq təklifinin arxasında heç də filantropluq dayanmır. Bu nonsens olardı.

Məsələ daha sadədir – pul yoxdur!

Sİ-nin inkişafı yüz milyardlarla dollar investisiya tələb edir. Onların dünyanı ələ alması üçün $2,5 trilyon investisiya qoyulmalıdır. Onlar Trampı prezident etmişdilər ki, Tramp bu investisiyanı onlar üçün təmin etsin. Bunun üçün onlar Trampın bütün barbarlığına “yaşıl işıq” yandırmışdılar – təki tələb olunan investisiyaları gətirsin.

Tramp isə ABŞ-ı elə zibilə saldı ki, indi nə Körfəz ölkələrindən, nə Aİ-dən, nə Yaponiyadan, nə C.Koreyadan, nə də Hindistandan investisiya gözləmək əbəsdir. Əksinə, indi ABŞ həmin ölkələri (əslində özünü) xilas etmək üçün dollar çap etməyə məcburdur.

ABŞ Sİ şirkətlərinə pul gəlməzsə, onların inkişafı dayanacaq. Hazırda onlar Çin Sİ şirkətlərinin nəfəslərini öz kürəklərində hiss edirlər. Onların sürəti azaltması Çin şirkətlərinin az sonra irəli çıxacaqları və zaman keçdikcə ABŞ şirkətləri ilə aralarındakı məsafəni artıracaqları deməkdir.

Deməli, Çin şirkətlərini də dayandırmaq lazımdır. Həm də xarici yoxlayıcılar vasitəsilə onların hansı səviyyədə olduğunu öyrənmək olar.

Aydındır ki, Çin bu “filantrop” milyarderlərin təklifini qəbul edə bilməzdi. Etmədi də.

Bir sözlə, ABŞ-ın Sİ şirkətlərinin şişirdilmiş köpüyü partlamaq ərəfəsindədir – köpüyə daim əlavə pul gəlmirsə, onun partlaması labüddür.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Trampdan seçkiqabağı Putinə “dost köməyi”

redaktor

Olduqca maraqlı və müəmmalı olan bu siyasi fiqur qəsd nəticəsində ağır yaralanır və sonra ölür

admin

ABŞ İnstitutu: Ukrayna ordusu cəbhədə əhəmiyyətli uğurlar qazanır…

redaktor