CNN-in Yəmən hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, husilər Bab əl-Məndəb boğazının mərkəzində yerləşən strateji Perim adasını ələ keçiriblər.
Kanalın qeyd etdiyi kimi, bu, husilərə əsas qlobal gəmiçilik marşrutlarından birini tamamilə nəzarətdə saxlamaq imkanı verir və bu marşrut vasitəsilə hər gün milyonlarla barel neft də daxil olmaqla, dünyada çoxlu miqdarda yük daşınır.
Cümə günü Əl-Ərəbiyyə televiziyası bildirib ki, Yəmən hökumət qüvvələrinə qarşı əməliyyat zamanı husilər artıq Bab əl-Məndəb boğazına qədər Yəmənin bütün Qırmızı dəniz sahil xəttini, o cümlədən Moxa, Dubab liman şəhərlərini və Murad şəhərini nəzarətə götürüblər.
Ənsar Allah (Husi) hərəkatının sözçüsü Yəhya Sari cümə günü bildirib ki, Yəmən ətrafındakı gəmiçilik yolları Səudiyyə Ərəbistanına bağlı gəmilər istisna olmaqla, bütün gəmilər üçün açıqdır.
O qeyd edib ki, Husilər Səudiyyə Ərəbistanının obyektlərinə qarşı blokadanı, hərbi əməliyyatları və hücumları Krallıq Husilərlə əlaqəli ərazilərin blokadasını qaldırana qədər davam etdirəcəklər. O əlavə edib ki, Taiz və Hudeyda əyalətlərindəki son hücum zamanı Husilər 5400 kvadrat kilometr ərazini nəzarətə götürüblər.
