Sentyabrın 3-də Səbail Rayon Məhkəməsi narkotik ittihamı ilə həbsdə saxlanılan Azərbaycan Boks Federasiyasının hakimi Tural Əhmədovun müdafiəçisinin şikayətini təmin etməyib.
İşə hakim Şəhla Süleymanovanın sədrliyi ilə baxılıb.
“Abzas Media”nın əldə etdiyi məlumata görə, şikayət Tural Əhmədovun saxlanılması zamanı polis əməkdaşları onu döyməsi, işgəncə verilməsi və üzərinə narkotik vasitə qoyulması ilə bağlı iddialar üzrə cinayət işinin başlanmasından imtina edilməsi barədə Baş Prokurorluğun qərarından verilib.
Əhmədov Cinayət Məcəlləsinin 234.4.3-cü – satış məqsədilə külli miqdarda narkotik vasitəni qanunsuz əldə etmə və saxlama maddəsi ilə təqsirləndirilir. O, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Əldə edilən məlumatlara görə, müdafiə tərəfi bildirir ki, Tural Əhmədov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşlarının zorakılığına məruz qalıb, onun cibinə narkotik vasitə qoyulub və daha sonra etiraf ifadəsi verməyə məcbur edilib.
Müdafiə tərəfinin versiyasına görə, Əhmədov saxlanıldığı gün Abşeron rayonunun Ceyranbatan qəsəbəsində tanışı ilə kafedə olarkən telefonuna tanımadığı şəxsdən zəng gəlib. Zəng edən şəxs ona “Umico” bonus kartına hədiyyə daxil olduğunu deyərək Bakı-Sumqayıt avtomobil yolunun 25-ci kilometrinə gəlməsini istəyib.
Məlumata görə, Əhmədov deyilən ünvana tək gedib. Müdafiə tərəfi iddia edir ki, həmin ərazidə qara rəngli avtomobildən düşən dörd nəfər onu zorla maşına mindirib.
Şikayətdə bildirilir ki, avtomobildə Əhmədovun cibinə narkotik vasitə qoyulub, daha sonra ondan bunun özünə məxsus olduğunu etiraf etməsi tələb olunub. İddiaya görə, ona etiraf etməyəcəyi halda qardaşının da saxlanılacağı ilə bağlı hədə-qorxu gəlinib.
“Bunu boynuna almalısan, əks halda qardaşını da tutacağıq, onun cibindən və evinizdən narkotik maddələri çıxacaqdır”,– şikayətdə polislərin Əhmədova belə dediyi qeyd olunub.
Müdafiə tərəfinin sözlərinə görə, Əhmədov buna etiraz etdikdən sonra döyülüb, üz, boyun və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb, boğazından sıxılıb.
Şikayətdə həmçinin iddia olunur ki, vəziyyəti pisləşəndən sonra Əhmədova enerji içkisi qabında maye verilib və bundan sonra onun halı daha da ağırlaşıb. Müdafiə tərəfi həmin mayenin tərkibində narkotik maddə olduğunu və bunun sonrakı tibbi müayinə zamanı narkotik istifadəsi əlamətlərinin müəyyən edilməsi məqsədi daşıdığını iddia edir.
Əldə edilən məlumata görə, daha sonra Əhmədov avtomobildən düşürülüb və üzərində narkotik vasitənin “aşkarlanması” videoya çəkilib. Bundan sonra o, BMCMİ-yə aparılıb.
Müdafiə tərəfi iddia edir ki, zorakılıq idarədə də davam edib və Əhmədov törətmədiyi cinayəti etiraf etməyə məcbur olunub.
Şikayətdə Əhmədovun bədənindəki xəsarətlərin Bakı İstintaq Təcridxanasında onunla eyni kamerada saxlanılan şəxslər və təcridxananın həkiminin də gördüyü bildirilir.
Müdafiə tərəfi həmçinin hesab edir ki, Əhmədovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını təsdiqləyən etibarlı sübut yoxdur və ittiham əsasən polis əməkdaşlarının tərtib etdiyi sənədlərə, ifadələrə və ekspertiza rəyinə söykənir.
Əhmədovun müdafiəçisi bu iddiaların araşdırılması üçün Baş Prokurorluğa şikayət edib.
“Abzas Media”nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsi aparılan araşdırmadan sonra polis əməkdaşlarının Əhmədova fiziki zor tətbiq etməsinin təsdiqlənmədiyi qənaətinə gəlib və həmin hissə üzrə cinayət işinin başlanmasını rədd edib.
Əhmədovun bədənində müəyyən edilən xəsarətlərin hansı şəraitdə yaranmasının araşdırılması isə Baş Prokurorluğun Daxili İşlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilib.
Müdafiə tərəfi prokurorluğun bu qərarı ilə razılaşmayaraq Səbail Rayon Məhkəməsinə müraciət edib. Vəkil qərarın ləğv edilməsini, Əhmədovun şikayətində göstərilən halların tam araşdırılmasını istəyib.
Müdafiəçi həmçinin Əhmədov barəsində narkotik ittihamı üzrə aparılan cinayət işinin BMCMİ-nin İstintaq İdarəsindən alınaraq aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq İdarəsinə verilməsini tələb edib.
Məlumata görə, məhkəmə iclasında Tural Əhmədov və onun vəkili şikayətin təmin olunmasını istəyiblər. Barəsində şikayət verilən qurumun nümayəndəsi isə prosesdə iştirak etməyib.
Məhkəmə Baş Prokurorluğun apardığı araşdırma çərçivəsində Əhmədovun, BMCMİ əməkdaşlarının izahatlarının alındığını, məhkəmə-tibbi ekspertiza keçirildiyini və digər araşdırma tədbirlərinin aparıldığını əsas gətirərək prokurorluğun qərarının ləğvi üçün əsas görməyib.
Nəticədə müdafiə tərəfinin şikayəti təmin edilməyib.
Tural Əhmədov 1994-cü ildə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində anadan olub. O, Azərbaycan Boks Federasiyasında hakim kimi fəaliyyət göstərib. Müdafiə tərəfinin məlumatına görə, Əhmədov boks üzrə beşqat Azərbaycan, ikiqat Avropa və bir dəfə dünya çempionu olub, müxtəlif beynəlxalq turnirlərdə qalib gəlib.
Bu iddialarla bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.
Azərbaycanda saxlanılan şəxslərin üzərinə narkotik vasitələrin qoyulması ilə bağlı iddialar əvvəllər də məhkəmələrdə və Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) səsləndirilib.
AİHM 2015-ci ildə jurnalist Sakit Zahidovun işi üzrə qərarında onun saxlanılması ilə şəxsi axtarışının aparılması arasındakı təxminən 20 dəqiqəlik müddətin sübutun “yerləşdirilməsi” ilə bağlı əsaslı şübhə yaratdığını qeyd edib. Məhkəmə həmin işdə ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu qənaətinə gəlib.
Strasburq Məhkəməsi Azərbaycana qarşı müxtəlif işlərdə saxlanılan şəxslərlə pis rəftar və bu barədə şikayətlərin səmərəli araşdırılmaması ilə bağlı pozuntular da müəyyən edib. (AbzasMedia)
