Qapıdan içəri yeni məhkum girən kimi korpusdakı məhkumları təlaş bürüyür. Onun gəlişi ilə qadınlar arasında suallar da çoxalır: “Mətbəxdə, anbarda əşyalarını hara yerləşdirəcək?”, “Yeməkxanada harada oturacaq?”, “Bəs ərzaqlarını hara qoyacaq? Axı soyuducularda yer yoxdur”. Onları sayları artdıqca sıxlıqla necə baş edəcəkləri qayğılandırır.
Lənkəran Penitensiar Kompleksində saxlanılan qadın məhkumların sayı 24-ə çatıb. Onlar birmərtəbəli cərimə təcridxanasında saxlanılırlar. Bu binaya qadın məhkumlar 2025-ci ilin sentyabrında köçürülüb. Elə o vaxt onlara adam sayı çoxalarsa, korpus binalarından birinə köçürüləcəkləri vəd edilib. Bir ildən sonra sayları 10-dan 24-ə qalxsa da, saxlanıldıqları bina dəyişdirilməyib.
Qadın məhbusların sıxlıqdan əziyyət çəkdikləri yerlərdən biri mətbəxdir. Mətbəxdə hərəkət üçün yer məhduddur. Uzunluğu 7 addım olan mətbəxin eni cəmi 2 addımdır. Burada 3 nəfər eyni anda yemək bişirəndə hərəkət etmək çətinləşir, dördüncü adam içəri girəndə isə artıq bir nəfər çıxmalıdır. Kiçik mətbəxdən 24 nəfər istifadə etdiyindən döşəmə də çökür. Hər ay mətbəxin çökən hissələrini ustalar taxtalarla yamayır, amma digər hissələri də çökməyə davam edir.
Mətbəxdə yemək bişirmək qadın məhkumlar üçün marafona çevrilib. Əksəriyyəti səhər saat 6-da kameraların qapısı açılan kimi özünü mətbəxə atır. O saatlarda həm mətbəxdə sıxlıq olmur, həm də boş peç tapmaq mümkündür.
Mətbəxdə cəmi 3 peç var. Müəssisənin verdiyi peç yemək bişirməyə yararlı olmadığından məhkumlar onları evdən gətiriblər.
Korpusun digər otaqları kimi, mətbəxdə də heç bir havalandırma sistemi və aspirator yoxdur. Yemək bişirən qadın peçlərin istisinə, digər qadınlar isə korpusu bürüyən qarışıq yemək qoxularına dözməli olurlar.
Qadınlar görüşdən qayıdanda sevinclə yanaşı, tədirginlik də yaşayırlar. Sovqatları gələn kimi onu soyuducuya necə yerləşdirəcəklərini götür-qoy edirlər. Soyuducunun qapısını açıb növbəti gedişini düşünən şahmatçılar kimi nəyi hara qoyacaqlarını uzun-uzadı düşünürlər.
Mətbəxdə 5 təkqapılı kiçik soyuducu var. Bu soyuducular müəssisə üçün yox, fərdi istifadəyə yararlıdır. Soyuducuların tutumu az olduğundan içinə çox ərzaq yığmaq olmur.
Mətbəxə su çəkilməyib. Qadınlar istifadə etdikləri ərzaqları və əllərini yumaq üçün tez-tez yeganə qab yuma yerinin olduğu yeməkxanaya gedirlər. Qab yumaq da məhkumlar üçün əlavə çətinliyə çevrilib. İsti su axşam saat 8-dən sonra gəlir. Bəzi məhkumlar saatlarla növbə gözləməmək üçün qablarını soyuq su ilə yumalı olurlar.
İndi gələk yeməkxanaya… Sıxlıq yeməkxananın qapısının ağzına qədər gəlib. Qapını açan kimi kiminsə stuluna ilişirsən. Yeməkxanada 5 masa, 14 stul var. Məhkumlar yemək zamanı digər kameralardan stul gətirməli olurlar. Bəzi məhkumlar isə yemək üçün masalardan birinin boşalmasını gözləyirlər. Yer tapa bilməyənlərin bəziləri də həyətdəki söhbətgaha yığışır. Havalar soyuyanda onların hara gedəcəyi məlum deyil.
Film otağı kimi açılan, amma 2 aya yaxındır televizor olmadığından baş çəkilməyən bu otaq istifadəsiz qalıb. Rəis Babək İsgəndərov avqustun 24-də film otağına televizor göndərəcəyinə söz versə də, vədinə hələ də əməl etməyib. Otaqdakı boş stullar isə iclas zamanı işə yarayır, amma onların da sayı məhkumların sayı ilə tərs mütənasibdir: 24 nəfərə cəmi 16 stul.
Daxili intizam qaydalarına əsasən, cəzaçəkmə müəssisələrinin yaşayış sahəsində həm də idman zalları, kompüter otağı, camaşırxana, klub, kitabxana və ibadət otağı olmalıdır. Lakin qadın korpusunda bunlardan sadəcə kitabxana otağı var. Mətbəxlə üzbəüz 7 addımlıq otağa 2 kiçik kitab şkafı, 2 masa, 3 stul qoyulub. Kitabxana həm mütaliə, həm də ibadət otağı kimi istifadə olunur. Buradakı masaların birində kitab oxunur, digərində namaz qılınır. Bu otaq həm də köməkçi mətbəx kimi işlədilir. Mətbəxdə yer olmadığı üçün qadınlar biş-düşlərini kitabxanadakı masaların üzərinə düzürlər.
Qanunda nəzərdə tutulan telefon otağı da korpusda yoxdur. Telefon dəhlizdə, əməkdaşların tualetinin qarşısında, mətbəx və yeməkxana ilə üzbəüz quraşdırılıb. Məhkumlar dörd bir yandan gələn səsləri susdurub telefonla danışmağa çalışırlar. Buna görə də telefon günlərində dəhlizdə tez-tez “Sakit olun, telefonla danışıram” qışqırıqları eşidilir.
Cərimə təcridxanasının binasında dəhlizə bitişik 4 gəzinti yeri var. Qadın məhkumlar binaya köçürüləndə bu otaqlardan birinin üstü bağlanaraq anbara çevrilib. Anbarda cəmi 7 dəmir rəfli şkaf var. Rəflərdə yer olmadığından məhkumlar əşyalarını bir-birinin üzərinə qoyurlar, bəzi əşyalar isə yerdə qalır. Soyuducuya yerləşdirə bilmədikləri üçün anbarda saxladıqları ərzaqlar yayda isti hava səbəbindən bir neçə günə xarab olur.
Məhkumlar sıxlığın yaratdığı problemləri dəfələrlə rəhbərliyə bildiriblər. Eşitdikləri isə sadəcə vədlər olub: “İnşallah, düzələcək”.
İyunun 1-də kompleksin rəisi Babək İsgəndərov müavinləri və köməkçiləri ilə qadın korpusuna baş çəkmişdi. O, sıxlıqla bağlı problemləri bildiyini deyib, gəzinti üçün istifadəsiz qalan otaqlardan birinin mətbəxə, birinin anbara, digərinin isə yeməkxanaya çevriləcəyini bildirmişdi. Korpusun dəstə rəisinə də tapşırmışdı ki, təmir-tikinti üçün nələrin lazım olduğunu hesablayıb ona məruzə etsin.
Amma o vaxtdan heç bir təmir aparılmadı. Elə o gündən rəisin də ayağı korpusdan kəsildi. Özü ilə birlikdə verdiyi sözləri də apardı. Nə təmir-tikinti avadanlıqları gətirildi, nə də usta. Hər dəfə müavini Əli Abdalovdan mətbəxin, yeməkxananın və anbarın nə vaxt təmir olunub istifadəyə veriləcəyini soruşanda dəqiq tarixi bilmədiyini deyir.
Hazırda korpusda elə bir otaq yoxdur ki, burada saxlanılan 24 qadının hamısı ora yerləşsin. Amma hər şənbə günü qapı açılıb yeni məhkum içəri salınanda onun harada yemək bişirəcəyi, ərzaqlarını hara qoyacağı, paltarlarını hara yığacağı, harada yemək yeyəcəyi dərdi məhkumları qayğılandırır, onları bura göndərənləri yox. (AbzasMedia)
