2014-cü ildə Krımın ilhaqından sonra ABŞ bir sıra Rusiya banklarını (məsələn, Bank Rossiya, SMP Bank) qara siyahıya saldı. Nəticədə Visa və MasterCard həmin bankların kartlarına xidmət göstərməyi dayandırdı. Bu artıq Rusiya üçün xəbərdarlıq idi ki, Qərb Rusiya banklarını istənilən vaxt SWIFT sistemindən çıxarda bilər. Yarana biləcək qlobal təcriddən qorunmaq üçün Rusiya elə həmin il SWIFT-in daxili analoqu olan SPFS (Maliyyə Mesajlarının Ötürülməsi Sistemi) platformasını inkişaf etdirməyə başladı. 2022-ci ildə Rusiya üçün SWIFT bağlananda bütün banklar dərhal SPFS-ə keçdilər və bunun sayəsində ölkədaxili bank köçürmələrində heç bir problem yaranmadı.
Rusiya nümunəsindən Çin də dərs götürdü. 2015-ci ildə Çin SWIFT-in analoqu olan CIPS-i (Cross-Border Interbank Payment System – Transsərhəd Banklararası Ödəniş Sistemi) tətbiq etməyə başladı. CIPS sistemi yalnız yuanla işləyir. ABŞ bu sistem üzrə tarnzaksiyaları nə izləyə bilir, nə də onları dondura bilir.
2022-ci ildə Rusiyaya qarşı total sanksiyalardan sonra əksər ölkələr dollarla ticarətin riskli olduğunu görüb, SWIFT-lə paralel CIPS platformasında da işləməyə başladılar. Həmin ildən CIPS-ün üzvləri kəskin şəkildə artdı. Hazırda CIPS 192 ölkə və regionu əhatə edir, ona 5.200-dən çox maliyyə institutu birbaşa və dolayı yolla qoşulub (müqayisə üçün – SWIFT-də 11.500-dən çoxdur). CIPS üzərindən keçən köçürmələrin illik dəyəri ~206 trilyon yuandır (~$30 trilyon).
CIPS bütün xarakteristikalarına görə SWIFT-dən üstündür. CIPS-də tranzaksiya millisaniyə ərzində həyata keçirilirsə, SWIFT-də 3-5 gün çəkir. CIPS-də tranzaksiyaya görə cüzi sabit ödəniş ($15) varsa, SWIFT köçürülən məbləğin 3-5%-i həcmində komissiya tutur. Qərbin istənilən aləti silah kimi istifadə etdiyini də hamımız bilirik.
Sözümü nəyə gətirirəm?
ABŞ dollardan silah kimi istifadə etdikcə, dolların təsir dairəsindən çıxanlar və çıxmaq istəyənlər çoxalır. Dolları silaha çevirən institutlara, platformalara alternativlər yaradılır.
İndi ABŞ İrana qarşı guya tarixdə görünməmiş maliyyə-iqtisadi sanksiyalara start verib. Bu nə deməkdir? O deməkdir ki, CIPS platforması üzrə tranzaksiyaların məbləği daha sürətlə artmağa başlayacaq…
…və bir gün ABŞ anlayacaq ki, SWIFT sistemində özündən və bir-iki vassalından başqa heç kim qalmayıb.
