25 C
Bakı
01 Sentyabr 2026 18:45
Tarix

“Admiral Naximov” faciəsi: 8 dəqiqəyə batan gəmi və 423 itirilən həyat

31 avqust 1986-cı il, “Admiral Naximov” kruiz gəmisinin Qara dənizdə batması nəticəsində yüzlərlə adam həlak olur.

1925-ci ildə istifadəyə verilən və ilk adı “Berlin” olan sərnişin  gəmisi əvvəlcə Almaniyaya məxsus idi və transatlantik marşrutda işləyirdi. İkinci dünya müharibəsi başlayanda gəmi-hospital kimi istifadə olunur. 1945-ci il yanvarın 31-də minaya toxunaraq Baltik dənizində batır.

Gəminin cəmi 13 metr dərinlikdə batmasından istifadə edən sovet tərəfi 1947-ci ildə onu su üzərinə qaldırıb özününküləşdirir və adını “Admiral Naximov” edir. 1957-ci ilə qədər davam edən təmir işlərindən sonra Qara dəniz gəmiçiliyinə verilir və Odessa limanına qeydə alınır. Gəmi əsasən Krım-Qafqaz marşrutunda işləyir.

Gəmi 1986-cı il avqustun 29-da son yeddi günlük kruiz səfərinə yollandı. Odessadan çıxıb əvvəlcə Yaltaya, sonra da Novorossiysk limanına gəldi. “Naximov” avqustun 31-də saat 22.00-da buradan ayrılmalı idi. Amma gəmidə olan yüksək çinli məmur, Odessa KQB-nin sədri general Krikunov və ailəsi Yaltada ləngidiklərindən 10 dəqiqə gec yola düşdü. Bir qədər sonra sərnişinlərin bir hissəsi Həzi Aslanov haqqında “Sizi dünyalar qədər sevirdim” filminə baxmaq üçün kinozala gedir. Gəminin kapitanı Markov da idarəetməni ikinci köməkçisinə tapşıraraq öz kayutuna yollanır.

Gəmi Çemes buxtasından çıxanda “Pyotr Vasev” adlı quru yük gəmisi ilə üzbəüz gələcəkdi. Gəminin kapitanı Tkaçenko həm dispetçerlə, həm də “Admiral Naximov”la əlaqə zamanı sərnişin gəmisinə yol verəcəyini bildirir. Amma buna baxmayaraq, SARP adlı qurğunun göstəricilərinə güvənərək gəmilərin bir-birinin yanından keçəcəyini düşünür və sürəti azaltmır. Nəticədə saat 23.12-də yük gəmisi “Naximov”un sağ tərəfinin düz ortasına girdi. Sərnişin gəmisinin ətalət üzrə hərəkət etməsi nəticəsində dəlik böyüdü və 80 m²-ə çatdı. 60-dan çox yaşı olan “Naximov” cəmi 8 dəqiqə sonra batdı. Gəmidə olan 1243 nəfərdən 423 nəfər (359 sərnişin və 64 heyət üzvü) həlak oldu.

Qəzanın səbəblərini araşdırmaq üçün təşkil olunan dövlət komissiyasına SSRİ baş nazirinin birinci müavini Heydər Əliyev rəhbərlik edirdi. Sonda hər iki kapitana 15 il həbs cəzası verildi, amma hər ikisi 1992-ci ildə vaxtından qabaq azad edildilər.

P. S. “Admiral Naximov”un batmasından bəhs edən rusdilli materialların çoxunda gəminin gözəlliyi vəsf olunur. Yəni 7 il əvvəl Birinci Dünya müharibəsindən məğlub ayrılan, təzminatlar məngənəsində boğulan Almaniyanın inşa etdiyi gəmi 60 il sonra SSRİ-də ən qəşəng gəmilərdən biri sayılırdı.

“Tarixçi” whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l

“Tarixçi” teleqram kanalı
https://t.me/yadigarsadigli

 

Tacxeber.com

Oxşar xəbərlər

Şəfiqə xanım, siz tarixsiniz – kreslo davası ilə yox, möhtəşəm rollarınızla yadda qalın!

redaktor

Əfsanəvi hokkeyçi Valeri Xarlamov

admin

Qırmızı ordu hissələri Təbriz küçələrində

redaktor