Azərbaycanda siyasi repressiyalar ağırlaşır, müstəqil media demək olar ki, sıradan çıxarılıb, yüzlərlə insan siyasi məhbus kimi tanınır. Korrupsiya göstəricilərində ölkə yenə aşağı sıralardadır.
Normalda belə vəziyyət Qərblə münasibətlərin pisləşməsinə səbəb olmalı idi.
Amma tam əksi baş verir.
Azərbaycan–ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qalxır, Avropa İttifaqı Bakı ilə enerji, nəqliyyat və təhlükəsizlik əməkdaşlığını genişləndirir.
Qərb Azərbaycanda baş verənləri görmürmü?
Görür. Hətta özü sənədləşdirir.
Problem ondadır ki, bugünkü geosiyasi şəraitdə Azərbaycan Qərbə əvvəlkindən daha çox lazımdır.
Bunun əsas səbəblərindən biri Rusiya–Ukrayna müharibəsidir.
Avropa Rusiya enerjisindən asılılığı azaltmağa çalışdıqca Azərbaycan qazının əhəmiyyəti artdı. Üstəlik, Çin və Mərkəzi Asiyanı Avropaya bağlayan, Rusiya və İrandan yan keçən Orta Dəhlizin mərkəzində Azərbaycan dayanır.
Azərbaycan eyni zamanda Rusiyanın peyki deyil, İranın müttəfiqi deyil, amma hər ikisi ilə danışa bilir. Türkiyənin ən yaxın müttəfiqidir, İsraillə strateji əlaqələri var və Mərkəzi Asiyaya çıxış nöqtəsidir.
İran–İsrail–ABŞ qarşıdurması Azərbaycanın qiymətini daha da artırıb.
Azərbaycanın İranla uzun sərhədi var. Bakı İsraillə yaxın münasibətlər saxlayır, amma İranla açıq qarşıdurmadan yayınmağa çalışır. İran ətrafında təhlükəsizlik böhranı dərinləşdikcə Azərbaycan həm Qərb, həm İsrail, həm də regional kommunikasiya baxımından daha vacib dövlətə çevrilir.
Hörmüz boğazında yaranan təhlükə isə enerji məsələsini yenidən Qərbin əsas qayğılarından birinə çevirir.
Belə şəraitdə Xəzərdən gələn, həm Rusiyadan, həm də İrandan yan keçən hər enerji və nəqliyyat xəttinin siyasi dəyəri artır.
Azərbaycanın da dəyəri artır.
Bu yeni geosiyasi vəziyyət İlham Əliyevin Avropa institutlarına münasibətində də özünü göstərir. İlham Əliyev 13 iyul 2026-da Şuşa Qlobal Media Forumunda Azərbaycanın Avropa Şurasından tamamilə çıxmasını ciddi şəkildə nəzərdən keçirdiyini açıqlayıb. Hətta Avropa Şurasının baş katibi Alain Bersetin ondan bu addımı atmamağı xahiş etdiyini də deyib.
Burada diqqətçəkən məqam budur: İlham Əliyev Avropadan iqtisadi və geosiyasi mənada uzaqlaşmır. Azərbaycan Avropaya qaz satmaqda, Aİ ilə enerji və nəqliyyat layihələrini genişləndirməkdə, Qərblə təhlükəsizlik əməkdaşlığını inkişaf etdirməkdə maraqlıdır.
Problem Avropanın özü deyil. Problem Avropanın Azərbaycandan demokratiya, insan hüquqları və hüququn aliliyinə əməl etməsini tələb edən hissəsidir.
Başqa sözlə, Bakı Avropanın bazarını, investisiyasını və siyasi əməkdaşlığını istəyir, amma Avropanın siyasi-hüquqi nəzarət mexanizmlərini qəbul etmək istəmir.
Bu da “geosiyasi immunitet” anlayışını daha aydın göstərir. Bakı görünür belə hesab edir ki, Azərbaycan enerji, nəqliyyat və təhlükəsizlik baxımından Qərbə kifayət qədər lazım olduğu üçün Avropanın insan hüquqları ilə bağlı təzyiqlərinə əvvəlkindən daha sərt cavab verə bilər.
Amma burada bir mühüm fərq var:
Qərb tam susmur.
Avropa Şurası, Avropa Parlamenti, insan hüquqları təşkilatları və Qərb mediası Azərbaycandakı siyasi həbsləri, jurnalistlərin təqibini və media azadlığının boğulmasını tənqid edir.
Ancaq Qərbin dediyi ilə etdiyi arasında böyük məsafə yaranıb.
Strasburq deyir: siyasi məhbusları azad edin.
Vaşinqton deyir: təhlükəsizlik əməkdaşlığını genişləndirək.
İnsan hüquqları təşkilatları deyir: jurnalistləri həbs etməyin.
Brüssel deyir: enerji və nəqliyyat layihələrini böyüdək.
İlham Əliyev üçün bu immuniteti təkcə Bakı yaratmayıb.
Onun bir hissəsini Putin Ukraynaya hücum etməklə yaratdı.
Bir hissəsini İran–İsrail–ABŞ qarşıdurması yaratdı.
Bir hissəsini Avropanın enerji qorxusu.
Bir hissəsini isə Avrasiya nəqliyyat yolları uğrunda mübarizə.
İlham Əliyev də Azərbaycanın coğrafiyasını, enerji resurslarını və regional əlaqələrini bu şəraitdə siyasi kapitala çevirməyi bacarıb.
Bu gün Azərbaycan hakimiyyətinin ən güclü müdafiə xətti nə ordudur, nə də neft pulları.
Ən güclü müdafiə xətti Azərbaycanın Qərbə lazım olmasıdır.
Ona görə sual budur: Qərb niyə susur?
Azərbaycanda nə baş verdiyini bilmədiyi üçün? Xeyr. Bilməyinə bilir- amma hazırda öz geosiyasi maraqlarını daha vacib hesab edir…

