28 C
Bakı
28 Avqust 2026 13:20
İdmanMaraqlıTarix

Əfsanəvi hokkeyçi Valeri Xarlamov

27 avqust 1981-ci il, Moskvaya gedən Leninqrad şosesində baş verən qəzada əfsanəvi hokkeyçi Valeri Xarlamov, arvadı və qaynı həlak olur.

Uşaq vaxtı idmanda iki kumirim vardı: futbolda Bloxin, hokkeydə Xarlamov. Sonuncunun faciəli ölümü barədə xəbəri oxuyanda keçirdiyin hissləri indi də xatırlayıram.

Valeri 1948-ci ildə Moskvada anadan olub. Atası rus, anası isə ispandır, ölkəsində gedən vətəndaş müharibəsi zamanı SSRİ-yə göndərilən uşaqlardan biridir. 14 yaşından hokkeylə məşğul olan Xarlamov 1968-ci ildən sovet hokkeyinin şəriksiz lideri ÇSKA-da oynamağa başlayır. Məşqçilər onu xeyli tərəddüdlə komandaya götürürlər, çünki fiziki qabaritləri çox aşağı idi.

Həmin ilin oktyabrında ilk dəfə Boris Mixaylov və Vladimir Petrovla eyni üçlükdə oynamağa başlayır. Tezliklə həmin üçlük nəinki ÇSKA-nın, həm də SSRİ yığmasının əsas üçlüyü, dünyada ən güclüsü olur. 1970-ci ildən hamının xatırladığı 17 nömrəli köynəklə çıxış etməyə başlayır.

Möhtəşəm driblinqi ilə seçilən Valeri Xarlamov karyerası ərzində iki dəfə olimpiya, səkkiz dəfə dünya, 11 dəfə SSRİ çempionu oldu.

1980-ci il Leyk Plesid olimpiadasında SSRİ komandası gözlənilmədən tələbələrdən ibarət ABŞ komandasına uduzaraq yalnız ikinci yeri tutdu və bu ölkədə böyük uğursuzluq kimi qiymətləndirildi (bu barədə məqaləmə keçid şərhdə).

Məğlubiyyətin əsas səbəbkarı baş məşqçi Viktor Tixonov idi. O isə günahı Mixaylov-Xarlamov-Petrov üçlüyünün üzərinə atdı. Boris Mixaylov karyerasını yekunlaşdırdı. Xarlamov isə 1981-ci il dünya çempionatına aparılmadı.

Bununla belə o, həmin ilin avqustuna keçiriləcək Kanada Kubokunda iştirak edəcəyinə ümid bəsləyirdi. Lakin Tixonov onu bu turnirə də aparmadı. Moskvada qalan hokkeyçi bir neçə gündən sonra avtomobil qəzasında həlak oldu.

Avqustun 27-də Valeri Xarlamov, arvadı İrina və arvadının kuzeni Sergey şəhərkənarı bağ evindən Moskvaya qayıdırdılar. Hokkeyçinin 00-17 nömrəli “QAZ-24” avtomobilini İrina idarə edirdi. Yağışdan sonra sürüşkən yolda idarəetmənin itirilməsi nəticəsində maşın qarşı zolağa çıxdı və yük maşını ilə toqquşdu. Nəticədə avtomobildəki üç nəfərin hamısı həlak oldu.

2008-ci ildə 16 ölkəni təmsil edən 56 hokkey ekspertinin səsverməsi ilə XX əsrin rəmzi yığması müəyyənləşdirildi. Heyət belə idi: qapıçı – Vladislav Tretyak (SSRİ), müdafiəçilər – Vyaçeslav Fetisov (SSRİ), Börye Salminq (İsveç), hücumçular, Sergey Makarov (SSRİ), Ueyn Qretski (Kanada) və Valeri Xarlamov.

 

Mənbə: Yadigar Sadıqlı (Tarixçi)

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Aqil Abbas: “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər”

redaktor

Stokholm sindromu

admin

“Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanı…

admin