Təhsil fundamental, məqsədli, gələcəyə yönəlik olmalıdır.
Müasir Azərbaycan təhsili bu tələblərə cavab verirmi?
Acı həqiqət budur ki, ölkənin təhsil sistemi bərbad, məqsədsizdir və fundamental deyil. Hər il təhsil siyasətimiz dünya təhsilindən bir az da uzaqlaşır.
Təhsilin birinci məqsədi bilikli insan yetişdirməkdir. Bilikli insan yetişdirmək üçün dərs verən özü savadlı və pedoqoji vərdişlərə malik olmalıdır.
Azərbaycan təhsilində həm bilikli müəllim problemi, həm də pedoqoji vərdiş sorunları var.
Uzun illər, Azərbaycan təhsili ən zəif kadrlardan təşkil olunmuşdu. Rüşvət ali məktəblərə qəbulda, təhsil prosesində savadsız kadrların yetişməsinə səbəb olmuş, ən zəif qiymətlərlə institutları bitirən şəxslər sonda orta məktəblərdə dərs demişlər. (Bu proses hələ də davam edir)
Kütləvi “diplom siyasəti” insanları övladlarını rüşvətlə ali məktəblərə daxil olmağa sövq edirdi. Qoyununu, inəyini satanlar bir tanış tapıb, övladını harasa “düzəldirdi”. Məktəblərdə kütləvi savadsızlığın əsası burdan qoyuldu. Kimsə nə təəccüb, nə də etiraz etsin. Kəndlərimizdə, qohum-əqrəbamızda nə qədər desəniz, belə diplomlu “savadsızlar” olub. Bu heç də onların günahı deyildi. Sadəcə sovet dövrünün ağır həyat şəraiti və yalançı kommunizm ideolojisi insanları bu cür tərbiyə etmişdi. Kənddə diplomsuz bir kənd qızının taleyini düşündünüzmü? Ya pambıq tarlası, ya üzüm bağının sonsuz əzabları ilə üz-üzə qalmaq elə də xoş gələcək vəd etmirdi. Sovet idarəçiliyi və sistem insanları buna məcbur edirdi. Beləliklə, o illərdən məktəblərimiz savadsız kadrlarla yüklənməyə başladı.
Heç kəs bizi Rusiya, Baltikyanı ölkələrlə, Ukrayna, Belarusla müqayisə etməsin. Heç Gürcüstan və Ermənistan da bizimlə eyni deyildi. Orta Asiya respublikaları və Azərbaycan sovet quruluşunun içində quldarlıq dövrünü yaşayırdı. (Buna nə qədər desəniz, misallar çəkmək olar)
Müstəqillikdən sonra orta məktəblərdə kadr bazasının zəifliyi ilə yanaşı, müəllimlərin əmək haqqının aşağı olması faktı savadlı insanları məktəblərdən bir qədər də uzaqlaşdırdı. Qəbul prosesində sistem bütövlükdə dəyişsə də, əməyin qiymətləndirilməməsi savadlı şəxsləri məktəbdən qaçırtdı. Bu o demək deyil ki, məktəblərimizdə savadlı müəllimlərimiz yox dərəcəsindədir, əsla. Savadlı müəllimlər sadəcə yaşayışını təmin etmək üçün repetitorluq işinə başladılar. Dərslər siniflərdən evlərə keçdi.
Birinci səbəb kadr qıtlığıdır.
Azərbaycan təhsili Boloniya sistemi ilə Sovet sisteminin arasında qaldı. Təhsilin məqsədi, fəlsəfəsi itdi. Gələcəyə yönəlik təhsil siyasəti planlaşdırılmadı. Dərs vəsaitləri yarımçıq, qeyri-müəyyən materiallarla dolduruldu. Orta məktəb dərsliklərinin yükü düzgün müəyyən olunmadı. Ümümorta təhsilin fəlsəfəsini nə hökümət, nə də müvafiq nazirlik anlaya bilmədi. Şagirdlər az qala 8-ci sinifdən özlərinə ixtisas seçməyə və ona müvafiq də fənnlər üzrə hazırlaşmağa başladılar. Nəticədə, orta məktəbin son siniflərinin şagirdləri ancaq repetitor yanına qaçmağa başladı. Bilik siyasətindən çox, qiymət, bal siyasətinə yuvarlanan təhsil sistemimiz yarandı.
Orta ümumtəhsilin gerçək fəlsəfəsi sualına kimsə cavab tapmağa çalışmadı. Məktəblərdə ibtidai, icbari, orta ümumtəhsil bölgüsü formalaşdıran nazirlik və hökumət bunun nə demək olduğunu hələ də anlamadan, az qala məktəblərdə ixtisas seçiminə yaxın dərs proqramı səviyyəsində tədris kursu keçməklə məşğuldur.
İkinci səbəb təhsil fəlsəfəsinin olmamasıdır.
Ölkə idarəetməsində, kadr seçimində daim neqativlərin mövcudluğu, yerlibazlıq, qohumbazlıq prinsiplərinə üstünlük verilməsi, rüşvətin kadr seçiminə hələ də təsir etməsi savad, bilik meyarını arxa plana keçirib.
İnsanlar idarəetmədə iştirakını savadında deyil, əlaqə və imkanlarında axtarır. Bu da fundamental bilik almasına geniş mənada böyük maneələr törədir. Çox az adam tapılar ki, savadı və biliyi ilə haralarasa yüksələ bilsin.
Xaricdə təhsil alanların əksəriyyəti isə daha çox idarəetmədə vəzifə tutan şəxslərə bağlı olanlardır. Müstəqil, öz hesabına xaricdə təhsil alanların çoxu isə ölkəyə qayıtmır və ya qayıdıb, iş tapmaqda çətinlik çəkərək, yenidən ölkəni tərk etməyə məcbur olur.
İdarəetmədə savad və biliyin əsas meyar olmaması da üçüncü səbəbdir.
Təhsilin digər məqsədi intizamlı, dürüst, əxlaqlı insan yetişdirməkdir. Belə insan yetişdirmək üçün mütləq təhsil verən özü nümunə olmalıdır. Azərbaycan məktəbində belə nümunə yoxdur və ya barmaqla sayıla biləcək qədər azdır.
Azərbaycan müəllimi nümunə ola biləcək qədər böyükdürmü?
Təəssüf… Xeyr…
Azərbaycan müəllimi səs oğurlayan (əziz müəllimlər, məni bağışlayın), seçki saxtalaşdıran, rüşvət alan, şagirdin, tələbənin əlinə baxan, seçkidə tanımadığı namizədə məcburi müşahidəçilik edən, məcburi partiyalaşdırılan, təbliğat aparan varlığa çevrilib. (Daha ağır məqamları yazmaq istəmədim)
Təhsil həm də insanda əxlaqi tərbiyə formalaşdırır, ona məsuliyyətli olmağı, cəmiyyətə və başqalarına hörmətlə yanaşmağı öyrədir. Azərbaycan məktəbində bu öyrədilirmi?
Sözdə öyrədilir, nümunədə isə…
Bunlar isə müəllimin günahından daha çox, idarəetmənin, sistemin xətalarıdır. Müəllimlər sadəcə bu təhsil sistemin qurbanlarıdır.
Təhsil insana həm də daim oxumağı təlqin etməlidir. Bizdə təhsil siyasətindən, öyrənmək fəlsəfəsindən çox qiymət və bal düşüncəsi hakim olduğu üçün ilk uğurdan sonra əksəriyyət oxumağı unudur, davamiyyət ölür. Çünki gələcək savadın və elmin üzərində qurulmur.
Qısaca, təhsilimizin vəziyyətini dedim.
Bəs çıxış yolu varmı? Nə etməliyik?
Ardı var…
