DünyaMaraqlı

Allah istəsəydi, bizi başqa cür də yarada bilərdi…

Təbiətə baxdıqca insan heyrətlənir.

Biz dünyaya gəlirik, böyüyürük, qocalırıq və ölürük. Bizim üçün həyatın təbii yolu budur.

Amma bütün canlılarda belə deyil.

Məsələn, Turritopsis dohrnii adlı kiçik meduzaya hətta “ölməz meduza” deyirlər. Müəyyən şəraitdə o, yetkin mərhələdən əvvəlki həyat mərhələsinə qayıda və həyat dövrünə yenidən başlaya bilir.

Əlbəttə, “ölməz” sözü hərfi mənada başa düşülməməlidir. Onu başqa canlı yeyə bilər, xəstəlik və ya xarici təsir öldürə bilər. Sadəcə, münasib şəraitdə onun orqanizmində bizim qocalma haqqında adi təsəvvürümüzdən çox fərqli proses baş verə bilir.

Təbiətdə başqa möcüzəli hadisə də var.

Bəzi balıqlar həyatlarına erkək başlayıb sonradan dişiyə, bəziləri isə dişi başlayıb erkəyə çevrilirlər. Onlar bunu seçmirlər. Bu, həmin canlıların təbii biologiyasıdır.

Təbiətdə daha bir heyrətamiz hadisə var. Bəzi canlıların bədəninin bir hissəsi kəsilib ayrılsa, həmin hissə məhv olmur; çatışmayan hissələrini yenidən yaradaraq bütöv bir canlıya çevrilə bilir. Planariya deyilən kiçik yastı qurdlar bunun ən maraqlı nümunələrindəndir. Başqa canlılar da itirdikləri bədən üzvlərini müəyyən dərəcədə yenidən yarada bilirlər. Deməli, təbiətdə itirilmiş orqanın yenidən yaradılması biologiyanın özündə mümkündür. Allah istəsəydi, insana da belə bir xüsusiyyət verə bilərdi: insan qolunu, ayağını və ya başqa bir orqanını itirəndə bədəni onu yenidən yarada bilərdi. Amma insan belə yaradılmayıb. Niyəsini bilmirik. Bildiyimiz yalnız budur ki, təbiətdə mümkün olan imkanların çox kiçik bir hissəsi insana verilib.

Mən Allaha inanan insan kimi burada başqa bir sual görürəm:

Əgər yaradılışda bütün bunlar mümkündürsə, Allah istəsəydi, insanı da belə yarada bilməzdimi?

İnsan qocaldıqdan sonra yenidən cavanlaşa bilərdi. Bəlkə həyat dövrünə yenidən başlaya bilərdi. Bioloji cinsiyyəti müəyyən mərhələdə təbii şəkildə dəyişə bilərdi.

Yaxud insanın yaddaşı indikindən yüz, min dəfə güclü ola bilərdi.

Buradan mənim üçün maraqlı bir düşüncə yaranır:

İnsan möhtəşəm varlıqdır, amma kamil varlıq deyil.

Biliklərimiz böyükdür, amma sərhədlidir. Kainat haqqında çox şey öyrənmişik, amma hələ də ən böyük suallarımız qalır: Niyə kainat mövcuddur? Niyə həyat var? Şüur necə yaranır? Ölüm hər şeyin sonudurmu?

Elm bunların bir qisminə cavab verir, bir qismini araşdırır. Bəzilərinin cavabını isə hələ bilmirik.

Bəlkə də ən böyük həqiqətlərdən biri elə budur:

İnsan çox şey bilir, amma hər şeyi bilmir.

“Ölməz” meduzanı, cinsiyyətini dəyişən canlıları, insan beyninin imkanlarını gördükcə anlayırıq ki, təbiətin mümkün hesab etdiyi şeylərin sərhədi bizim təsəvvürümüzdən çox genişdir.

Və bəlkə buna görə insanın ən gözəl xüsusiyyətlərindən biri təkcə bilmək deyil.

Bilmədiyini də bilməkdir…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Ayda olmuş qol saatı

admin

Putini devirə bilərlərmi?!

redaktor

85 milyard dollarımız var. Bəs bu pul necə işləyir?

redaktor