DünyaGündəmTarix

Ayda olmuş qol saatı

Nil Armstronqun Aya uçuş zamanı (“Apollo 11”) taxdığı “Omega Speedmaster Professional” saatı hazırda Vaşinqton şəhərindəki Smitson Milli Hava və Kosmos Muzeyində saxlanılır.

NASA Ay uçuşları üçün əllə qurulan, su keçirməyən, zərbəyə davamlı, antimagnit, Farenheyt üzrə 0–200 dərəcə hərarətə və 12 g-yə qədər sürətlənmələrə tab gətirə bilən qol xronoqrafı lazım idi. Agentlik 1965-ci ildə bir sıra saatları sınaqdan keçirdi və “Omega”nı seçdi. Sonralar bütün Ay uçuşları zamanı bu saat markasından istifadə olundu və ona “Moonwatch” (Ay saatı) statusu verildi.

Armstronqun saatı əslində Ay səthinə çıxmayıb. Yerin təbii peykinə enən Ay modulunda taymer işləmirdi. Buna görə də Armstronq saatını taymer kimi modulda qoydu, partnyoru Bazz Aldrin isə özü ilə götürdü.

Amma Aldrinin saatı sonralar anlaşılmaz şəkildə it-bat oldu. Armstronqun saatı isə muzeydədir.

Armstronq, Aldrin və Maykl Kollinz (komanda modulunda qalıb Aya enməyən heyət üzvü) uçuşdan bir müddət sonra çıxdıqları dünya turu çərçivəsində İranda olarkən şaha bir “Omega Speedmaster Professional” hədiyyə etdilər. Şah bu saatı atabir bacısı Fatimə Pəhləviyə, o da özünə helikopter sürməyi öyrədən britaniyalı pilot Robin Uayta bağışladı. Həmin saat 2020-ci ildə hərracda 18 min funt sterlinqə satıldı.

1970-ci ilin aprelində Aya uçan “Apollo 13” gəmisində qəza baş verərkən astronavtlar mühərrikin əllə işə salınması, eniş hesablamalarının düzgün aparılması üçün “Omega”dan istifadə etdilər. Hesablamalardakı kiçik səhv faciəyə səbəb ola bilərdi. Lakin “Omega” özünü doğrultdu.

2026-cı ildə baş tutan “Artemis II” Ay missiyası zamanı astronavtlar “Omega Speedmaster X-33” rəqəmsal-analoq kvars modelindən istifadə etdilər.

 

Mənbə: Tarixçi

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Allah istəsəydi, bizi başqa cür də yarada bilərdi…

redaktor

Putini devirə bilərlərmi?!

redaktor

85 milyard dollarımız var. Bəs bu pul necə işləyir?

redaktor