31.6 C
Bakı
07 Avqust 2026 19:09
DünyaSiyasət

Bakının Moskva-Kiyev diplomatiyası

Azərbaycan  Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya  səfər edib. Səfər indiki məqamda xüsusi diqqət çəkir. Onun əhəmiyyətini artıran əsas məqam bundan əvvəl Ceyhun Bayramovun Moskvada yüksək səviyyəli görüşlər keçirməsidir.

Bakının həm Moskva, həm də Kiyevlə təmaslar qurması və rəsmi səviyyədə qarşılıqlı səfərlər həyata keçirməsi təbiidir. Azərbaycan uzun illərdir xarici siyasətdə balansı qoruyub saxlayır. Xüsusilə Rusiya – Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə Moskva və Kiyevlə ardıcıl təmasların qurulması Azərbaycanın hər iki ölkə ilə münasibətlərini ayrı-ayrılıqda inkişaf etdirmək niyyətini göstərir. Bakı nə Rusiyaya, nə də Ukraynaya münasibətdə qarşıdurma məntiqindən çıxış edir. Əksinə, hər iki dövlətlə qarşılıqlı maraqlara söykənən əməkdaşlıq xəttini qorumağa çalışır.

Düzdür, Azərbaycan Ukrayna ərazilərinin işğalını pisləyib və davam edən müharibənin dayandırılmalı olduğunu deyib. Bununla yanaşı, Bakı Rusiyaya qarşı Qərbin tətbiq etdiyi sanksiyalara qoşulmayıb. Azərbaycanı fərqləndirən əsas cəhət də məhz budur. Bir tərəfdən Rusiya ilə siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlıq davam etdirilir, digər tərəfdən Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə olunur, humanitar yardım proqramları həyata keçirilir və iqtisadi əlaqələr saxlanılır. Rəsmi Bakı beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan mövqeyini dəyişmədən hər iki paytaxtla dialoqu davam etdirir.

Ceyhun Bayramovun Ukraynaya səfəri də məhz bu siyasətin məntiqi davamı kimi qiymətləndirilə bilər. Belə bir vaxtda yüksək səviyyəli təmasların qurulması Azərbaycanın tərəflərlə açıq dialoqa üstünlük verdiyini, regional proseslərdən kənarda qalmadığını və xarici siyasət qərarlarını milli maraqlar əsasında formalaşdırdığını göstərir.

Azərbaycanın hər iki ölkə ilə siyasi dialoqu qoruyub saxlaması perspektivdə yeni diplomatik imkanlar da yarada bilər. Bakı həm Moskva, həm də Kiyevlə işlək münasibətlərini davam etdirən azsaylı ölkələrdən biridir. Bu isə münasib siyasi şərait formalaşacağı təqdirdə Azərbaycanın tərəflər arasında dialoqun təşviqinə və ya mümkün sülh təmasları üçün neytral platforma rolunu oynaya bilməsi ehtimalını gündəmə gətirir. Son illərdə müxtəlif beynəlxalq tədbirlərə və platformalara uğurla ev sahibliyi etməsi, habelə balanslı xarici siyasət kursu Azərbaycanın gələcəkdə Rusiya-Ukrayna sülh danışıqları üçün potensial görüş məkanlarından biri kimi nəzərdən keçirilə bilməsi ehtimalını artırır.

 

Turan Rzayev

Tacxeber.com

Oxşar xəbərlər

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən yeganə sülh modeli

redaktor

İrana qarşı 4-lü ittifaqın ilk addımı bu gün atılacaq: Ərdoğan Səudiyyə Ərəbistanına niyə getdi?

redaktor

İran rejiminin zirvəsində çatlar; Xamenei ailəsində qardaşlar üz-üzə

redaktor