Ukraynanın Xəzər dənizində İrana məxsus bir gəmini vurmasından sonra Tehran fili mindi. SEPAH-a bağlı qüvvələr “biz də Ukraynanı vuracağıq” dedi.
Sözsüz ki, İran Ukraynanı vuranda Kiyev də, türklər demişkən, armud toplamayacaq. Onlar da eyni qaydada İranı raket və dron atəşinə tutacaqlar. Beləcə, onsuz da ABŞ və İsraillə başı dərdə girən İran bir də Ukraynanın hərbi zərbələri ilə uğraşmalı olacaq.
Sual olunur: Ukrayna öz sərhədlərindən kənara çıxmadan İrana zərbə endirə bilərmi?
Bu suala cavab vermək üçün iki nüansa diqqət yetirmək kifayətdir. Əvvəla, əgər Ukrayna Xəzər dənizindəki İran gəmisini vurubsa, məntiqlə Xəzərin cənub sahilinə də öz dronlarını dənizin sahilinə də çatdıra bilər.
İkincisi, Ukraynanın son zamanlar Rusiyanın dərinliklərinə endirdiyi zərbələrin məsafəsinə nəzər salsaq, İranın da onun vuruş mənzili əhatəsində qaldığını anlaya bilərik. Zira Ukrayna bu yaxınlarda Qərbi Sibirin iki şəhərini – Omskla, Tümeni vurmuşdu. Kiyevlə Omsk arasındakı hava məsafəsi 2870 km-dir. Belə çıxır ki,Ukrayna indiki imkanları ilə 3000 km uzaqlığı rahatlıqla vura bilir.
Tehranla Kiyev arasında hava məsafəsi isə təxminən 2330 kilometrdir.
İranın mərkəzində yerləşən İsfahan da Ukraynanın vuruş mənzilindədir. Kiyevlə İsfahan arasındakı hava məsafəsi təxminən 2630 kilometrdir. Yəni Omskla Kiyev arasındakı məsafadən 240 km daha qısadır. Belə anlaşılır ki, Kiyev İranın cənub-qərb hissəsində istənilən nöqtəni rahatlıqla vurmaq imkanına malikdir.
Üstəlik, Rusiyadan fərqli olaraq İranın hava hücumundan müdafiə sistemləri də istənilən səviyyədə deyil. Başqa sözlə desək, İranı vurmaq Ukrayna üçün Rusiyanı vurmaqdan daha asandır.
Bizim üçün ən maraqlı məsələ ondan ibarətdir ki, Ukrayna İranı vurmaq fikrinə düşsə, atdığı raket və dronlar bizim ərazimizdən keçməyəcək. İsfahana və ətrafına atdığı raketlər Naxçıvandakı cənub sərhədlərimizi yalayaraq öz hədəfinə doğru irəliləyəcək. Tehrana atdığı raket isə Zəngəzur dəhlizinin Ermənistan hissəsindən keçəcək. Təbii ki, bizim bu raketləri göydə zərərsizləşdirmək imkanlarımıza olmayacaq. Əks halda ya cənub qonşumuzun, ya da Ermənistanın hava sərhədlərini pozmuş sayılarıq. Fikrimcə, nə İran, nə də mərhum dini lider Xamenei həzrətlərinin təbiri ilə desək, İranın minillik qardaşı Ermənistan bizim bu xeyirxah təşəbbüsümüzü arzulayar.
Qısası, İranın ağlı olsa, Ukraynanın şapalağını dost tənbehi kimi qəbul edib ona cavab vermək xəyalına düşməz. Hər halda İranla Ukrayna arasında umu-küsünün günahkarı Kiyev deyil. Bu umu-küsünün əsasını İran ilk dəfə 2020-ci ildə Tehrandan havalanan Ukraynanın sərnişin təyyarəsini vurmaqla qoymuşdur. 2022-ci ildən indiyə qədər isə Rusiyaya “Şəhid” dronları verib Ukraynanın altını üstünə çevrilməsində rol oynayan da elə həmin İran idi. İran İslam Respublikası belə vəziyyətlərdə gərək İbrahim surəsinin 42-ci ayəsini xatırlayaraq hərəkət etsin: “Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. (Allah) sadəcə onları (cəzalandırmağı) gözlərinin bərələ qalacağı günə saxlayır”.
Yəni Allah Təalla bu ayəsi ilə deyir ki, ey İran Ukraynanın Xəzərdə sənin gəmini vurmasından gözün bərəlməsin. Öz günahındır və bunun bədəlini sənə ödətdirəcəyəm. Allah İranı Suriya, İraq, Livan müsəlmanlarının da qisasından qorusun. Onların qısası daha ağır olacaq. Mən hələ İranın yardımı ilə məscidinə donuz bağlanan Azərbaycan müsəlmanlarının qisasını demirəm.
