CəmiyyətHadisə

Prokuror AXCP üzvü Kənan Basqala 10 il həbs istəyib

Prokuror Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Kənan Zeynalovun (Basqal) 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

“Azadlıq Radiosu”nun məlumatına görə, iyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı Babaxan Həsənəliyev çıxış edərək Zeynalova qarşı irəli sürülmüş ittihamların məhkəmə zamanı sübuta yetirildiyini bildirib.

Kənan Zeynalov AXCP sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olub. O, Anar Rəhimov adlı şəxsə bıçaqla ağır xəsarət yetirməkdə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıqda ittiham olunur.

Zeynalov ittihamları qəbul etmir. Onun sözlərinə görə, axşam məscidə gedərkən tanımadığı bir nəfər ona hücum edib. Qısa mübahisədən sonra həmin şəxs yerə yıxılaraq qışqırmağa başlayıb, ardınca isə hadisə yerinə polis əməkdaşları gəlib. AXCP üzvü üzərində bıçaq olmadığını və heç kimə xəsarət yetirmədiyini deyir.

Məhkəmə iclasında müdafiə tərəfi istintaqın tamamlanmasına etiraz edib. Vəkil Nazim Musayev bildirib ki, iş üzrə həqiqətin müəyyənləşdirilməsi üçün qaldırdıqları vəsatətlərin heç biri təmin olunmayıb.

Vəkil Kənan Zeynalovu saxlayan üç polis əməkdaşının, cinayət işi üzrə hal şahidlərinin və ekspertiza rəyini hazırlayan ekspertin məhkəmədə dindirilməsini istəyib. Hakimlər kollegiyası vəsatətləri təmin etməyib.

Müdafiəçi ekspertiza rəyində hadisə yerindən bıçaq götürüldüyünün yazıldığını, lakin onun konkret harada aşkarlandığının göstərilmədiyini deyib:

“Ekspertiza rəyində yazıblar ki, hadisə yerindən bıçaq götürülüb. Konkret haradan? Daşın üstündən? Otun üstündən? Belə rəy olar?! O rəyi yazan ekspert dindirilməlidir”.

Nazim Musayev zərərçəkmiş Anar Rəhimovun köynəyinin də məhkəməyə gətirilməsini tələb edib. Onun sözlərinə görə, ekspert rəyində köynəyin üzərində yanaşı yerləşən üç deşiyin olduğu göstərilib:

“Bu rəyi oxuyanda adama elə gəlir ki, onu səliqəli şəkildə bıçaqlayıblar. Köynək maddi sübutdur və müdafiə tərəfi olaraq ona baxmaq hüququmuz var. Xahiş edirik, gətirin, baxış keçirək, görək, yazılanlar nə dərəcədə həqiqətdir”.

Bu vəsatət də rədd edilib. Məhkəməyə sədrlik edən hakim Mahirə Kərimova iş üzrə kifayət qədər araşdırma aparıldığını bildirib.

Vəkil zərərçəkmiş kimi tanınan Anar Rəhimovun məhkəmə iclaslarına qatılmamasına da etiraz edib. O bildirib ki, müdafiə tərəfinin etirazlarına baxmayaraq, proses zərərçəkmişin iştirakı olmadan davam etdirilir:

“Biz hər dəfə etiraz edirik, amma nəticəsi olmur. O zaman niyə soruşursunuz?”

Müdafiə tərəfinin etirazlarına baxmayaraq, məhkəmə istintaqının başa çatdığı elan olunub. Bundan sonra prokuror Kənan Zeynalova 10 il həbs cəzası verilməsini təklif edib.

Növbəti məhkəmə iclasının bir həftə sonra keçirilməsi nəzərdə tutulur. İclasda vəkil müdafiə nitqi söyləyəcək, Kənan Zeynalova son söz veriləcək. Bundan sonra hökmün elan olunması gözlənilir.

Kənan Zeynalov 2025-ci il martın 21-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 126.2.4-cü – xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və 221.3-cü – silah qismində istifadə olunan əşya ilə xuliqanlıq maddələri üzrə ittiham verilib. Bu maddələr üzrə 11 ilədək həbs cəzası nəzərdə tutulur.

İttihama əsasən, Zeynalov Anar Rəhimovla mübahisə zamanı ona bıçaqla xəsarət yetirib və sonradan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

AXCP sədri Əli Kərimli Kənan Zeynalovun həbsini “qeyri-adi şərləmə” adlandırıb:

“Kənan Basqalı tanıyanlar bilir ki, o, həddən artıq mədəni, mehriban, heç vaxt zorakılığa meyl göstərməyən bir insandır”.

AXCP rəhbərliyi ittihamların siyasi motivli olduğunu bildirir. Dövlət qurumları isə siyasi motivlərlə bağlı iddiaları qəbul etmir və təqsirləndirilən şəxslərin konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunduğunu bildirirlər.

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

AXCP daha bir üzvünün saxlandığını bildirir

admin

Həmid Herisçi kimə və nəyin minnətini vurur?

redaktor

Ələsgər Məmmədli: “Azad fikri, azad sözü dəmir barmaqlıqlar arxasına məhkum etmək mümkün deyil”

admin