1945-ci ildə Uilyam Uilkerson adlı biznesmen Las Veqasda 13 hektar ərazi satın aldı. O, burada “Flaminğo” adlı dəbdəbəli hotel-kazino tikmək istəyirdi. Amma az sonra məlum oldu ki, əlində olan vəsait planladığı işin az bir hissəsinə çatır. Belə olanda özünə şərik axtarmağa başladı. Belə şərik Benjamin Siqel adlı birisi oldu.
“Baqsi” Siqel yeni tipli Amerika mafiyasının əsasını qoyan adamlardan biri idi. Laki Luçano, Pol Kastellano, Meyer Lanski və Benjamin Siqel bu yola birlikdə başlamışdılar. Lanski və Siqel italiyalı olmadıqlarından (ikisi də yəhudi idi) rəsmən mafiya üzvü deyildilər, amma mafiya daxilində nüfuzları bir çox italiyalıdan artıq idi. Baqsi mafiyanın ən amansız killeri sayılırdı.
Məhz Baqsi mafiyanı qumar oyunlarına icazə verilən Nevada ştatında böyük pullar qazanmağın mümkünlüyünə inandırır və “Flamingo” kazinosuna pul ayırmağa razı salır. Hotelin 2/3 payına mafiya yiyələnir. Amma tezliklə Uilkersonu başa salırlar ki, öz payını satmasa, başına bədbəxt hadisə gələ bilər. O da taleyi ilə çilingağac oynamayaraq payını satır.
Amma tikintinin xərci gözlənildiyindən çox çıxır. Mafiya tikintiyə 1 milyon dollar xərcləməyi planlaşdırdığı halda 1946-cı ilin oktyabrında 4 milyon dollar xərclənir. Hotel isə hələ hazır deyildi.
Mafiyanın lideri Laki Luçano 1936-cı ildə 30 il həbsə məhkum edilmişdi. Amma müharibə dövründə həbsxanadan ABŞ hökumətinə göstərdiyi köməyin müqabilində 1946-cı ildə azad olundu və İtaliyaya deportasiya edildi. Onun ABŞ-a qayıtmaq hüququ yox idi. Buna görə də azadlığa çıxandan az sonra Havanada mafiyanın “sammit”ini təşkil edir.
Görüşdə başqa məsələlərlə yanaşı “Flamingo”ya xərclənən pullar müzakirə olunur. Sübut olunur ki, Siqel xərcləri şişirdir, mafiyaya “atır”. Onun məşuqəsi Virciniya Hillin adına İsveçrə bankında xeyli məbləğ var. Belə olduqda, Baqsinin öldürülməsi təklif olunur. Amma Lanski bunu etməməyi xahiş edir.
“Flaminğo”da işlər tam yekunlaşmamış, dekabrın 26-da açılış oldu. Amma bu, uğursuz ideya idi. Qonaqlar şəraitdən, hələ davam edən tamamlama işlərinin səs-küyündən narazı qalır. Baqsi hoteli yenidən qapadır. 1947-ci il martın 1-də “Flamingo”nun daha bir açılışı olur. Bu dəfə hər şey uğurlu keçir və hotel-kazino gəlir gətirməyə başlayır. Amma xərclər artıq 6 milyona çatmışdı və mafiya rəhbərlərinin hövsələsi tükənmişdi. Lanski də dostuna kömək etməkdə aciz idi.
Baqsi Siqel 1947-ci ili iyunun 20-də Virciniya Hillin evində ikən çöldən açılan atəşlə öldürüldü. Mafiyanın əfsanəvi fiqurunun 41 yaşı vardı.
Hotel ötən 80 ildə dəfələrlə genişləndirilib və yenidən tikilib. Baqsi zamanın tikilən sonuncu bina 1993-cü ildə tikilib.
“Flamingo”nun tikintisinə xərclənən 6 milyon dollar indi 106 milyon dollara ekvivalendir. Amma indi, xüsusən də Las Veqasda torpağın kəskin bahalaşması səbəbindən hotel tikintisi üçün 106 milyon kifayət etməz, ən azı 1 milyard dollar lazımdır.
1991-ci ildə Baqsi Sigelin həyatından bəhs edən “Baqsi” filmi çəkilib. Baxmalı filmdir.
