DünyaSiyasət

Bir sahədə oxu, başqa sahədə alim ol – Azərbaycan modeli…

Azərbaycan elmi cəhətdən də izahı mümkün olmayan məmləkətlərdəndir. Akademiklər Abel Məhərrəmov və İsa Həbibbəyli şadlıq sarayları işlədirlər. A. Məhərrəmov səhərdən axşama qədər Y.V.Çəmənzəminli küçəsində özünə məxsus “Moza Liza” restoranında kabab və menyu üzərində “kimyəvi araşdırmalar” aparır, İ.Həbibbəyli isə bütün elmi-filoloji monoqrafiyalarını Salamzadə küçəsində yerləşən və özünə məxsus olan “Karvan” restoranında hazırlayır. Təsəvvür edin, məşhur amerikalı kimyaçı alim Şarpless toy qiyməti danışır, steykin qiymətini müəyyənləşdirir, yaxud məşhur rus kimyaçısı Fokin şadlıq sarayı işlədir.

Şəksiz, Sisianovu öldürənlərin qəhrəmanlığı başqa, amma onun batinkaları uğrunda bir-birini xəncərləyən iki qardaşın faciəsinə səbəb olan cəsarət başqa…

Amma Siyavuş Novruzovun təbirincə desək, “tema” bu deyil…

Azərbaycanda illərdir göz önündə olan, amma nədənsə haqqında ciddi müzakirə aparılmayan bir ziddiyət var. Özü də elm sahəsində… Elmi mühitdə elə nümunələrə rast gəlinir ki, bir sahənin məzunu heç bir əlaqəsi görünməyən başqa bir elm istiqamətində dissertasiya müdafiə edir və alimlik dərəcəsi qazanır. Maraqlıdır, deyilmi?

İqtisadçı filoloq olur, kimyaçı siyasi elmlər doktoruna çevrilir, bioloq tarixdən müdafiə edir – yəni, başqa bir sahənin məzunu tamam fərqli istiqamətdə elmi ad əldə edir. Bu cür nümunələrin təsadüf olduğuna inanmaq çətindir, onların sayı az da deyil.

Təbii ki, mənim bu adamlara qarşı qərəzim, onlarla şəxsi ədavətim yoxdur. Amma çox maraqlıdır…

Araşdırmışam və görürəm ki, Azərbaycan Respublikasının qanunvericiliyi buna tamamilə yol verir və hüquqi cəhətdən heç bir qadağa yoxdur (oxu: Ali Attestasiya Komissiyasının (AAK) Əsasnaməsi).

Amma bu imtiyazdan hər bir kəsin yararlanmaq imkanı da yoxdur. Azərbaycanda yüzlərlə ixtisaslı adam var ki, öz işini müdafiə edə bilmir, ya pul istəyirlər, ya da digər bürokratik əngəllər ortaya çıxır. sonda müdafiə edirsən və kuliminasiya nötqəsi başlayır – maaşına 60 manat əlavə olunur. Şadlıq sarayın da yoxdur, di get, öl!

Fərqli ixtisas sahiblərinin tamamilə fərqli ixtisaslardan müdafiə edərək alimlik adı qazanması hər kəsə nəsib olmur. Bu müəyyən şəxslər, ailələr, nəsillər üçün nəzərdə tutulub. Axı elmi ad, xüsusilə də son zamanlar “siyasi elmlər üzrə fəlsəfə doktoru” elmi dərəcəsi almaq dəbə minib, bu, elitarlıq, kübarlıq sayılır.

Məsələn, Bakı Avrasiya Universitetinin prorektoru Gülzar İbrahimova 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib, 2003-cü ildə “Gümüşün xalkoqallatlarının xassələri” mövzusund dissertasiya müdafiə edərək alimlik dərəcəsi alıb. 2011-ci ildə isə BDU-nun birdəflik şurasında müdafiə edərək “Siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi qazanıb.

Olsun! Lakin əsas sual budur – bir insan ali təhsilini bir istiqamətdə alaraq uzun illər bu sahədə işləyibsə, sonradan hansı elmi hazırlıq və hansı fundamental baza onu tamamilə başqa sahədə alimə çevirir? Bu keçid həqiqətən elmi zərurətdən doğur, yoxsa illər ərzində formalaşmış, heç kimin ciddi şəkildə sual vermədiyi bir praktikaya çevrilib?

Başqa bir nümunə çəkək. Millət vəkili Tənzilə Rüstəmxanlı 1977-ci ildə Bakı Ticarət Texnikomunun mühasibat uçotu, 1991-ci ildə isə Moskva Kooperativ İnstitutunun iqtisadçı ixtisasını bitirib. Amma 2012-ci ildə Bakı Dövlət Universitetində müdafiə edərək Filologiya üzrə fəlsəfə elmlər doktoru elmi dərəcəsini alıb. Mühasibat uçotu hara, filologiya hara!? Bu keçidin hansı elmi hazırlıq əsasında baş verdiyi sual doğururmu?! Ən xoşuma gələn isə, T.Rüstəmxanlının dissertasiya mövzusu başqa olsa da, onun “Sabir Rüstəmxanlı yaradıcılığında Cənubi Azərbaycan mövzusu” adlı əsəri oldu.

Elm adları nüfuz, etibar və məsuliyyət deməkdir. Məqsəd faktları göstərmək və Azərbaycanda müxtəlif ixtisas sahiblərinin tam fərqli elm istiqamətlərində elmi dərəcə almasının hansı elmi meyarlar baxımından doğru olub-olmadığını araşdırmaqdır. Bir sahədə təhsil almış şəxsin başqa sahədə elmi dərəcə almasının meyarları nədir? Bu, legitim ictimai müzakirə mövzusudur.

 

Samir Feyruzov

Tacxeber.com

Oxşar xəbərlər

Son bir neçə ildə dağıdılmış miflər

redaktor

Lindsi Qremin qəfil ölümünün üzə çıxardığı gerçəkliklər

redaktor

Rusiya yol ayrıcında: Müharibə, yoxsa danışıqlar?

redaktor