Hazırkı dünya güc üzərində qurulub. Qanunlar, qaydalar, nizamnamələr, konvensiyalar – hamısı kağız parçasından başqa bir şey deyil. Ordunun gücü ilə də işi bitmiş hesab etmək olmaz. 44 günlük müharibə təkcə ordunun gücünü yox, həm də xalqın nə qədər önəmli bir faktor olduğunu ortaya qoydu. Rusiya Ukraynada işğalçı müharibəyə başlayanda əgər Ukrayna xalqı dirəniş göstərməsəydi, 10 dənə də Zelenski olsa, nəyisə dəyişə bilməyəcəkdi.
Venesuela ordusu heç də zəif ordu sayıla bilməz, ancaq ABŞ-nin mühasirəsinə qarşı xalqın dirənişi yox idi. ABŞ ordusu buna görə də rahatlıqla Maduronu və arvadını yataq otağından götürüb apardı – nə ordunun səsi çıxdı, nə də xalqın. Əslində, ordunu güclü edən şey təkcə müasir silahlar, texnikalar, texnologiyalar da deyil.
Azərbaycandakı diplomatik nümayəndəliklərdən birinin hərbi ataşesi sual verdi ki: “44 günə o qədər ərazini necə işğaldan azad edə bildiniz?” Yola vermək üçün dedim ki, dronların, müasir silahların sayəsində. Adam dedi ki: “Erməni ordusu kifayət qədər güclü idi, müdafiəni mükəmməl səviyyədə qurmuşdu, silah-sursat çatışmazlığı yox idi, relyef də onların xeyrinə idi. Təkcə dronlarla, müasir silahlarla qalib gəlmək mümkün deyildi. 44 günə isə heç deyildi!” Öncə ona təşəkkür etdim. Çünki adam bizim cəmiyyətdən, bizim mütəxəssislərdən məsələyə daha ciddi yanaşmışdı.
Ermənistan ordusu zəif idi? Zəif olduğunu düşünənlərin, ümumiyyətlə, müharibədən xəbəri olmayıb. Silah çatışmazlığı var idi? Bir neçə istiqamətdə onlardan qənimət qalan sursatları özlərinə qarşı istifadə etmişik. Elə mövqeləri var idi ki, orada olan silahları, sursatları görən bizim bəzi zabitlər deyirdi: “Bu qədər silah-sursat məndə olsa, aylarla döyüşərəm, bir metr geri çəkilmərəm”. Əslində, müharibənin içində eşitdiyim bu sözlər məni məcbur etdi ki, müharibədən sonra generalların, istiqamət üzrə komandirlərin üzərinə “Sən erməni zabiti olsaydın, uduzardın?” sualı ilə gedim. Maraqlısı bilirsiniz nədir? Hətta elə zabitimiz oldu ki, dedi: “İcazə ver, iki gün düşünüm, hesablayım, sənə detallı cavab verim”. Amma hamısı eyni şeyi dedi: “Uduzmazdım!”
Həmin hərbi ataşeyə belə bir sual verdim: “Suqovuşan istiqamətində qüvvələr nisbətindən xəbəriniz var?” Dedi: “Qarşı tərəfin xeyrinə idi”. Dedim: “Siz o gücə qarşı daha az qüvvə ilə hücuma keçərdiniz? Təkcə siz yox, ABŞ ordusu, NATO orduları, hətta Türkiyə ordusu o addımı atardı?” Dedi: “Buna hərbi nizamnamələr imkan vermir. Riskdir. Bu düşüncə rütbəni, vəzifəni, karyeranı və ən nihayət, həyatını qumara qoymaq kimi bir şeydir”. Dedim: “Ancaq bizimkilər etdi”.
Başqa sual verdim: “Qarşıda düşmən, sağda, solda düşmən… Komandirlər rabitədə qışqırır, söyür ki, olduğunuz mövqedən geri çəkilin. Siz önə doğru hərəkət edərdiniz, yoxsa arxaya?” Dedi: “Əlbəttə, arxaya!” Dedim: “Ancaq bizim XTQ-nin bir taboru arxaya getmək yerinə, kilometrlərlə önə hərəkət etdi. Müharibə vaxtı tapşırıq alan komandirlə tapşırıq verən komandir halallaşırdı ki, onsuz da bu tapşırığın sonu ölümdür. Bu dəliliyə gedərdiniz?” Susdu!
Müharibələri təkcə silahlar, təkcə müasir texnologiyalar qazanmır. Müharibəni ağıllı risklər, dəli cəsarəti, qorxmazlıq və ölümə hazır olanlar qazanır! Bizə o zaman bu ifadə gülməli gəlirdi, amma müharibəni “nabarot qızışıyoruz” təfəkkürü qazanır. Ukrayna və İran göstərdi ki, özündən qat-qat güclü olan düşmənə qarşı da döyüşmək, boyun əyməmək olar.
Ermənistanı qoyuram kənara; demirəm ki, sabah İranla, Rusiya ilə müharibə edəcəyik, ancaq elə bir dünyada yaşayırıq ki, heç nəyin qarantiyası yoxdur. Bütün resursların müqayisəsini aparanda görürsən ki, sənin böyük dövlətlər qarşısında heç bir şansın yoxdur. Ancaq mübarizə aparmaq, savaşmaq, döyüşmək, məğlub olmamaq hər şeyi kökündən dəyişə bilir. Və burada da önə xalq çıxır.
İki kitab oxuyan özünü ağıllı sayır, bir-iki məqalə yazan özünü dahi hesab edir. Hamısı da bu xalqı aşağılayır, təcrübə dovşanı kimi istifadə edir. O müharibəni qazanan kim idi? Xaricdə sertifikat alanlar idi? Əsgərinin ən çox istədiyi şey əsgər duası idi. Sən Aşuranı lağa qoyursan, gördüklərimi qoyuram kənara, çoxlu sayda videolar, fotolar var – uşaqlar alnına “Ya Hüseyn” yazıb döyüşə girirdi. Hacı Şahin XTQ ilə birgə hərbi təlimlərdə idi. Hətta XTQ mənsublarından biri o vaxt deyir: “Hacı, elə danışırsan, adam istəyir belinə bomba bağlayıb gedib girsin erməni postuna, bombanı partlatsın, onlar da cırıq-cırıq olsun, özüm də”. Müharibəni qazandıran həm də motivasiya, mənəvi-psixoloji hazırlıqdır. “Gerald Ford” aviadaşıyıcısının komandanı əvvəlcədən demişdi ki, şəxsi heyətimin mənəvi-psixoloji vəziyyəti döyüşə hazır deyil. Gündə bir oyun çıxdı o gəmidə: bir gün kanalizasiya, bir gün yanğın…
Bilirəm, yazdıqlarımı kimlərsə başqa yerindən anlayacaq. Ümumiyyətlə, dindar adam deyiləm. Bunlar hamısı müşahidələrdir və bir şeyi də anlamaq lazımdır ki, ordular xalqdan formalaşır və bütün ordular xalqın əhval-ruhiyyəsində olur!
Azərbaycan ordusu indiki həddə çatmaq üçün tonlarla qan töküb, can verib, can alıb. O vaxt Birinci Qarabağ müharibəsini araşdırıb yazılar yazanda bir çoxları – aralarında deputatlar da olmuşdu – deyirdilər ki: “Sənin yazılarına baxanda adam elə bilir Birinci müharibəni də biz udmuşuq”. Niyə? Çünki ağlaşma, məğlubiyyət yox, ancaq qalib gəldiyimiz, uğurlu olan əməliyyatları araşdırıb yazırdım. Həyat budur. İnsanlara ağlaşma göstərəcəksən – ağlayacaq, komediya göstərəcəksən – güləcək, düşüklük, bambılılıq təbliğ edəcəksən – bambılılıq edəcək, fahişəliyi təbliğ edəcəksən – fahişə olacaq.
Azərbaycan Silahlı Qüvvələri keçmişin acı dərslərindən düzgün nəticə çıxararaq, bu günün reallıqlarına tam cavab verən bir qələbə ordusu formalaşdırmağı bacardı. Ancaq hərbi analitika bizə diktə edir ki, hərbi sahədə dayanan, yenilənməyən tərəf həmişə uduzur. Bir çoxları quru pafosdan o yana keçməyən fikirlər səsləndirir. Dünən qazanılan qələbənin arxayınlığındadır. Nəzərə almaq lazımdır ki, 44 günlük müharibə dünənin müharibəsidir, orada istifadə edilən taktika, texnika müasir müharibənin ibtidai forması idi. Bizim gələcək hədəfimiz rəqəmsal mühitə tam inteqrasiya olunmuş, süni intellekt alqoritmləri ilə gücləndirilmiş və kiber-müdafiə xətti sarsılmaz olan gələcəyin “smart ordu” modelini tamamlamaq və bu üstünlüyü qoruyub saxlamaqdır.
Təəssüf ki, elə bir coğrafiyada yerləşirik ki, dünən də, bu gün də, sabah da bizim üçün həyat mübarizə meydanı olacaq. Mübarizə aparmaq üçün isə güclü vətəndaşa, güclü xalqa və güclü orduya ehtiyac var.
Yolu ordudan keçən hər kəsin günü mübarək olsun! Veteranlara sağlam can, şəhidlərə isə rəhmət diləyirəm!
Orduda danılmaz əziyyətləri olan kişilər olub. Onların haqq etdiklərinin qarşılığını görməyi çox istəyirəm. Raquf Orucov Milli Qəhrəman adını haqq edir. Ümid edirəm, gələn il bu gün bu adı almış olar! Ziya Kazımov həbsdədir. Müharibədə ən ağır yerlərdə döyüşdü, antiterror əməliyyatında cəhənnəm kimi yerdən üzüağ çıxdı. Səhər həbsə gedəcəkdi, gecə dedi ki: “Qaqa, narahat olma, həbsi də dövlətə xidmət kimi görürəm”. Gələn il bu vaxt Ziya Kazımovu da azadlıqda görmək istəyirəm!
Bayramınız mübarək olsun!
