İran məsələsində Trampın komandası 2 qrupa bölünüb:
1. Şərti olaraq dövlət katibi Marko Rubionun başçılıq etdiyi İranla müharibə tərəfdarları – bunlar əsasən sionistlərdir və başa düşürlər ki, İranla danışıqlara getmək İsrail üçün sonun başlanğıcıdır, yəni bunları birləşdirən “Israil First!” şüarıdır.
2. Şərti olaraq vitse-prezident Di Vensin başçılıq etdiyi İranla müharibə əleyhdarları – bunlar müharibənin ABŞ üçün də ağır nəticələr verəcəyini gördükləri üçün İsraili arxa plana atmaq, ABŞ-ı xilas etnəyə çalışırlar, yəni bunları birləşdirən “America First!” şüarıdır.
Vens və Rubio 2028-ci il prezident seçkilərində namizədliklərini verməyə hazırlaşırlar. Buna görə də İran məsələsində kim seçicilərin rəğbətini qazanarsa, növbəti prezident olma şansını da artıracaq.
Tramp özü bunların heç birinə aid deyil – hansı uğur qazansa, Tramp özünü o qrupun lideri elan edəcək.
Vens İranla danışıqlar apardığı müddətdə Rubio Körfəz ölkələrinə səfər edərək, İrana qarşı koalisiya yaratmağa çalışır. Dünən hətta bəyan etmişdi ki, İsrailin Livanda atəşkəsə getməsi düzgün deyil (?!).
Rubio hiyləgər mövqe tutub. O, müharibə tərəfdarıdır, lakin bilir ki, müharibə olmayacaq, çünki ABŞ-ın hazırda müharibə aparmaq imkanı yoxdur. Yəni danışıqlar ABŞ üçün uğursuz alınsa, əvvəlcədən onun əleyhdarı olduğu üçün “ura-patriotlar” sayəsində reytinqi yüksələcək. Həm də onu bütün yəhudi lobbisi müdafiə edir..
Vensin işi isə çox çətindir – danışıqlara o rəhbərlik edir. O, döyüş meydanında uduzulmuş müharibəni qələbəyə çevirməlidir. İranla danışıqlar təcrübəsi olan Vens yaxşı bilir ki, bu mümkün olmayacaq. Deməli, onun əsas məqsədi stol arxasında razılaşmaları yalnız ABŞ-ın xeyrinə yozmaq olacaq.
Əks halda respublikaçılar Konqresin həm Nümayəndələr Palatasına, həm də Senatına seçkilərdə uduza bilərlər. Bundan başqa danışıqların nəticəsi ABŞ-ın məğlubiyyəti kimi görünərsə, onun təşəbbüskarı və aparıcısı olan Vensin karyerası üzərindən xətt çəkmək olar.
Buna görə də danışıqların ilk günündən Vens də, Tramp da onun aralıq nəticələrindən elə danışırlar ki, sanki İran məğlubiyyət aktını imzalamağa gəlib.
Məsələn, deyirlər ki:
İran Hörmüz boğazını tam açıb – yalandır: İran boğazı gah açır, gah bağlayır, bununla boğaza nəzarət etdiyini göstərir; açanda da oradan əsasən İrana aid gəmilər keçir.
Hörmüz boğazı müharibədən əvvəlki rejimdə işləyəcək – yalandır: boğaz indi də İranın müəyyən etdiyi rejimdə işləyir, sadəcə, danışıqlar müddətində İran keçid haqqı almır; danışıqlardan sonrakı keçid rejimini isə yalnız Omanla müzakirə edir.
İran BAEA-nin müfəttişlərini nüvə obyektlərinə buraxmağa razılıq verib – yalandır: İran bu məsələnin müzakirəsinə yalnız bütün aktivləri tam qaytarıldıqdan, İsrail qoşunları Livandan tam çıxdıqdan sonra başlayacaq.
İran uranın zənginləşdirilməsindən imtina edib – yalandır: İran bu məsələni heç müzakirə etməyib.
İrana qaytarılacaq aktivləri ABŞ-ın özündə xərclənəcək, o pullara ABŞ fermerlərinin sata bilmədikləri (Çin almır axı) məhsulları alıb, İrana göndərəcəklər – yəqin ki, yalandır: İranın bu şərtlə razılaşacağına inanmıram.
Bunların gurultulu yalanları gülməli görünür. Müharibədə ABŞ-a qalib gəlmiş, iqtisadi cəhətdən küncə sıxmış, sursatını tükətmiş, Yaxın Şərqdəki hərbi bazalarını dağıtmış İran danışıqlarda niyə güzəştə getməlidir? Güzəştə getməsə, ABŞ nə edə biləcək ki?
Faktiki olaraq, heç nə. Nəyi etmək mümkün idisə, etdi. İrana öz şərtlərini diqtə edə bilsəydi, heç danışıqlara getməzdi – Venesueladakı kimi.
Bəs İran niyə Tramp və Vensin gopalogiyasını aktiv təkzib etmir? Çünki onlar başa düşürlər ki, danışıqlar ya onların xeyrinə olacaq, ya da baş tutmayacaq. İranın xeyrinə olan razılaşmanı imzalamaq üçün isə Vens və Tramp maksimum səviyyədə yalan danışmalı, onu seçicilərinə qələbə kimi “yedizdirməlidirlər”.
Yəni ABŞ-da nə danışmaları İran üçün vacib deyil, vacib olan nə etmələridir. Bir İran diplomatı demişkən: onlar danışırlar, biz iş görürük.
