Cəmiyyət

Bu ölkənin problemi Allah deyil

Baxırsan fransızların, almanların, italyanların, rusların, hətta ermənilərin millətçilərinə – adamların hədəfləri xaricdəki rəqibləridir. Bir də çönüb öz millətçilərimizə baxırsan: bir türk gedir hardasa bir başdanxarab talış tapıb onunla dalaşır, bir talış bir başdanxarab türk tapıb onunla didişir, bir ləzgi türklə, bir türk kürdlə cırmaqlaşır. Kimin əli kimin cibindədir, bilinmir. Bu ölkənin millətçilik anlayışı da dəmşalaqdı. Özümüzlə boğuşmağa hesablanıb.

Bir talış dostum var, millətçi damarı tutmuşdu. Dedi, bu ölkədə talışları sıxışdırırlar. Dedim, a kişi, bu ölkədə adamları milliyyətinə görə ayırıb minmirlər, ağına-bozuna baxmadan minirlər. Dişlərini ağartdı, dedi, həqiqi, düz deyirsən e.

İndi Həzi Aslanov türk olsa nə olar, talış olsa nə olar, lap belə udindir. Sonra? Nəsə dəyişir? Attila, Çingiz xan, Şah İsmayıl türkdür. Dillənəndə deyirik onların nəvələriyik. Babası Attila, Çingiz xan, Şah İsmayıl olanın nəvəsi belə mütəi, qorxaq, yaltaq, dəmşalaq, iyrənc cəmiyyət qurar? Şah İsmayıla “baba” deyir, amma qohum-əqrabası, iş yoldaşları hamısı bunu suka kimi tanıyır. Ya o baba dediklərinizdə problem olub, ya da nənələriniz ərlərini aldadıb.

Son vaxtlar ölkədə en çox müzakirə olunan məsələ dindir. Ateistlər dirəşib “Allah yoxdur” deyir, guya xalqı maarifləndirirlər; şiələr bir tərəfdə radikallaşır, sünnilər o biri tərəfdə. A kişilər, Allah hətta gözlə görüləcək, əllə toxunulacaq olsa və aramızda yaşasa belə, bu ölkənin dünyanın ən Allahsız ölkəsi olması reallığı dəyişməyəcək. Bu ölkəyə “Allahsız” deməyim ateistlərin, dinə inanmayanların sayına görə deyil, anasının əmcəyini kəsənlərin sayına görədir. Hansı sahəyə əl atırsan Allahsızlıq, vicdansızlıq, qansızlıq hökm sürür. Bu ölkənin dərdi, problemi Allahdır? Belə ölkədən baxanda, yuxarıda Allah olsa nə olar, olmasa nə olar…

Saxta vətənpərvərlik, saxta dövlətsevərlik, saxta “bayraq üçün ölərlik”… Doğulduğun yerə vətən deyirlər; vətənini çapıb talayırlar, səsin çıxmır. Hakimiyyətin xeyrinə bir cümlə işlədirsən, deyirlər “yaltaq”, müxalifətin lehinə bir cümlə işlədirsən, deyirlər “xain”. Maraqlısı budur ki, “xain” deyənlər də Qərbin ruporlarıdır – adamın sadəcə olaraq əli üzündə qalır. İran-ABŞ müharibəsini obyektiv yazırsan, olursan “aftafa”, Rusiya-Ukrayna müharibəsini yazırsan, olursan “5-ci kolon”. Bu tərəfdə Hitlerə söyür, nasistliyi piləyir; o biri tərəfdə Qəzzada olanlara haqq qazandırır ki, “ölənlər ərəblərdir də”. Eyni adamlar Rusiyanın Ukraynada etdiyini faşizm adlandırır. ABŞ raketlə İranda məktəbi vurur, uşaqlar ölür, buna da “yaxşı olur” deyir. Daha sonra da bunlar (bilirəm, dil qaydasına görə “onlar” yazmalıyam, ancaq “bunlar” əyinlərinə oturur) çıxıb insanlıqdan, adamlıqdan, humanizmdən-zaddan danışırlar. Hələ bir hörmət, izzət də tələb edirlər. Hakimiyyətin dalından girib qabağından çıxır, yazdığına, danışdığına baxırsan – Elçibəyin tezisləridir. Adam havalanmasın, neyləsin? Belə yerə (məkan anlamında) nənəm “ala qarğa da bala çıxarmaz” deyərdi.

Dünya Çempionatında Səudiyyə Ərəbistanı və İraq bayraqlarının üstündə “Allah” yazıldığı üçün yerə sərilməsinə qarşı çıxıblar, Türkiyə də “müqəddəsdir” deyib bunu tələb edib. Oyunlara baxmasan, elə bilərsən bunlar meydanda savaşacaqlar, qan su yerinə axacaq; aldıqları xala baxırsan, adamın əti tökülür. Bizim bayraqsevərlər də bax belədir. Bayraq üçün hər cür şeir yazar, hər cür aforizmləri əzbər bilər, bayraqla hər pozada şəkil çəkdirər, amma bayraq üçün bir iş görmək lazım gələndə sivişib aradan çıxar. Bu tip adamlara da biz tərəflərdə “toy toğlusu” deyilir.

Ölkədə xirtdəkdən problem var. Təhsilinə baxırsan, heç kim bir ey anlamır. Bu yaxınlarda illərin müəllimi ilə söhbət edirəm. Dedim, təbriklər, indi də Sinqapur təhsil sistemini gətirirlər. Dedi, gətirsinlər də, onsuz da biz öz bildiyimizi keçirik. Səhiyyəyə baxırsan – oradakı biabırçılıqdan danışmağa dəyməz. Bir şirkətin sürücülərindən biri Narkoloji Mərkəzdə analiz verib. Cavab çıxıb ki, kişi hamilədir. Yazıq adam utandığından bir həftə işə getməyib. Hər şey cəhənnəm, o lağlağıya dözmək var… Türkiyə ordu modelinə keçmişik. Türkiyə ordusunun içində olanlar bilir, orada kantinlər var. Oradakı qiymətlərlə çöldəki qiymətlər arasında ciddi fərq var idi (indi bilmirəm). Bizdə isə orduya mağaza şəbəkəsi girib. Təkcə orduya yox, həm də valideynlərin cibinə dürtülüb. Enerji içkilərinin qabları keçmiş Balaxanı zibilliyini xatırladır. Hər əsgərin cibində bir kart. Əvvəl yazıq valideyn ayda-ildə bir əsgərə pul göndərərdisə, indi gündəlik pul göndərmək məcburiyyətində qalıb. Keçib narkotik də satın. Bu, xüsusi yazının mövzusudur. Əvvəl işçiləri məcbur edirdilər ki, ərizə yazıb özləri işdən çıxsınlar, indi “Ç” bəndi ilə qovalayırlar. Ölkədə kimi dindirirsən, borcun-xərcin içindədir. Deyirlər, ölkədə problemli kredtlər var. “Ç” bəndi ilə işdən çıxarılan adam harda işləsin, necə işləsin, kredtini necə bağlasın? Banklar bir yandan insanları müflisləşdirib, sələmçilər bir yandan. Kənd Təsərrüfatı naziri deyir heyvanların sayı azalıb; bu yandan heyvan üçün yer tikmək ev tikməkdən daha baha başa gəlir. Bir yandan “həyətdə əkdiyin ağacı kəsməyə görə cərimələyəcəklər” deyirlər, digər yandan kəndlərin çoxusu nəinki ağacına su verməyə, heç içməyə su tapmır. Su quyularına da sayğac qoyacaqlar. Bu gün su quyusuna sayğac qoyan, sabah burnumuza da sayğac qoyub aldığımız oksigenin də hesabını istəyər. Yazığım yekburunlara gəlir.

Deyir: “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”. Bu sözü kim deyib bilmirəm, ancaq “ölməyə” hissəsini dəqiqliklə ölçüb-biçib əynimizə keçirib.

 

Səxavət Məmməd

Tacxeber.com

Oxşar xəbərlər

Heydər Əliyevin heykəlinə “Stalin” yazan gənc həbsxanada intihar edib.

redaktor

“Avropadakı qayıtdı ki, a kişi, tay Rusiya qazını alırdımsa, səni neynəyirdim”

admin

“Banu“nun Günelindən ölüm xəbərinə REAKSİYA

redaktor