ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ötən ilin 12 günlük müharibəsindən fərqli olaraq fasilərlə davam etməsi, ABŞ-ın tətbiq etdiyi dəniz blokadasını sərtləşdirməsi Rusiyanı qorxutmağa başlayıb.
Rusiyada belə bir rəy yaranmağa başlayır ki, İran ABŞ və İsrailin davam edən hərbi zərbələri və davam edən blokada nəticəsində çökə bilər. Rusiyanın bu qorxusu səbəbsiz və əsassız deyil.
Rusiya İranı özünün cənub sərhədlərini kənar güclərin və sivilizasiyaların müdaxiləsindən qoruyan bufer hesab edir. Moskvada yaxşı bilirlər ki, bu bufer ortadan qalxarsa, Xəzər regionu və Qafqaz da daxil olmaqla, Rusiyanın cənub cinahına təzyiq artacaq.
İkincisi, İran Rusiyanın açıq dənizlərə çıxışını təmin edən ən qısa və ən uyğun yoldur. Moskvada anlayırlar ki, İran çöksə Rusiyanın açıq dənizlərə çıxışı təhlükəyə düşəcək.
Eyni zamanda İran Rusiya üçün ABŞ və İsrailin bölgədəki hərbi və siyasi təsirini məhdudlaşdıran əsas müstəqil oyunçudur. Obrazlı şəkildə ifadə etsək, İran Rusiya üçün Qərb təhlükəsinə qarşı qoruyucu qalxandır. Moskvada anlayırlar ki, İran çöksə Yaxın Şərqdə güc balansı pozulacaq və ABŞ Avrasiyanın əsas nəqliyyat və enerji marşrutları boyunca mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu isə Xəzər regionu və Qafqaz da daxil olmaqla, Rusiyanın cənub cinahına təzyiqi artıracq. İkincisi, Rusiyanı Asiya və Yaxın Şərqlə birləşdirən beynəlxalq nəqliyyat dəhlizləri də daxil olmaqla, böyük infrastruktur layihələrinin gələcəyi təhlükə altına düşəcək.
Çünki, İran bu layihələrdə əsas tranzit mərkəzi rolunu oynayır. Bütün bunlara görə, avrasiyaçılar Rusiyanın İranla hərbi müttəfiq olmalı olduğunu ideyasını israrla irəli sürürlər. Avrasiyaçılara görə hər iki dövlət Qərbə qarşı olduqları üçün çoxqatlı təhlükəsizlik sistemi yaratmalı, üçüncü tərəflərin və regiondan kənar oyunçuların Qafqaza və Xəzər bölgəsinə daxil olmasının qarşısını birgə almalıdırlar. Yeri gəlmişkən, Azərbaycandakı avarasiyaçılar da ABŞ və İsrailin bölgədə güclənməsinə qarşı oxşar mövqe tuturlar.
İranın çöküşü ilə bağlı Rusiyanın qorxusu səbəbsiz olmadığı kimi əsassız da deyil. Moskvada çox dəqiq bilirlər ki, İran cəmiyyəti parçlanıb. Son illər İran cəmiyyətində mollalara nifrət edən böyük bir kəsim formalaşıb. Əlbətdə, bu İranın öz-özünə dağılacağı anlamına gəlmir. Buna görə də ABŞ və İsrailin İrana hərbi zərbələri Moskvanı qorxutmağa başlayıb. Rusiya ekspertlərinə görə, İranın elektrik şəbəkələrinə və su sistemlərinə zərbələr 72 saat ərzində ölkənin ifliç olmasına gətirib çıxaracaq. Moskvada yaxşı bilirlər ki, ABŞ Prezidenti Donald Tramp “”Biz daha sərt hərəkət edə, onları bir gün, bir saat ərzində məhv edə bilərdik”-deyəndə məhz bu məqamı nəzərdə tutur. Rusiyada onu da yaxşı bilirlər ki, belə bir vəziyyətdə xalq arasında güclü dəstəyi olmayan rejim ölkənin bütövlüyünü qoruya bilməyəcək.
İranın əhalisinin 90 milyondan çox olduğuna diqqət çəkən Rusiya ekspertləri belə bir demoqrafik məkanda yaranacaq qeyri-sabitliyin bütün region üçün tektonik hadisəyə çevriəcəyini qeyd edərək, hakimiyyət orqanlarının diqqətini bu məsələyə yönəltməyə çalışırlar.
Rusiyalı ekspertlərin bəziləri isə qeyd edirlər ki, İranın bölünməsi Osmanlı İmperiyasının çöküşünün yaratdığı təsirə bərabər olacaq. Bütün bu xəbərdarlıqlara baxmayaraq Rusiyada onu da anlayırlar ki, Suriyada Bəşər Əsədi, Venesuelada Nikolas Maduronu qoruya bilməyən Moskva İrandakı molla rejimini qoruyacaq gücə və imkanlara malik deyil. Bəzi ekspertlər isə qeyd edilər ki, İranın hökmü çoxdan verilib və yeganə sual prosesin nə qədər çəkəcəyi ilə bağlıdır.
Moskvada xatırlamağa başlayıblar ki, İran əhalisinin əhəmiyyətli bir hissəsini azərbaycanlılar təşkil edir. Rusiyanın rəsmi qurumları və ictimai rəy liderləri mətbuat üçün açıqlamalarında İranda azərbaycanlıların sayını azaltmağa çalışsalar da, İranın etnik tərkibi ilə bağlı çox dəqiq məlumatlara malikdirlər. Digər tərəfdən, Rusiyanın dövlət qurumları kürdlər, ərəblər və bəluclardan fərqli olaraq azərbaycanlıların etnik azlıq deyil, əksinə dövlət qurucu xalq olduğunu da gözəl bilirlər.
İranın bölünəcəyi halda yaradacağı tektonik hadisənin yeni dövlətlərin yaranmasına gətirib çıxaracağını söyləyən ekspertlər Böyük Azərbaycan dövlətinin də qurulacağını da vurğulayırlar. Burada ən diqqət çəkən məkan rusiyalı ekspertlərin kürdlərin yaradacı dövlətdən bəhs edərkən Kürdüstan, azərbaycanlıların dövlətindən bəhs edərkən Böyük Azərbaycan ifadəsini işlətməlidir. Əlbətdə, bu müəyyən mənada Azərbaycan adlı dövlətin artıq mövcud olması ilə izah edilə bilər.
Ancaq çox maraqlıdır ki, regionun gələcək mənzərəsini təsvir edəndə də ekspertlər dövlətlərin adından bəhs edərkən də Böyük Azərbaycan ifadəsinə üstünlük verirlər. Rusiyalı ekspertlərə görə, Böyük Azərbaycan Böyük Turan layihəsinin əsas mərkəzinə çevriləcək.
Rusiyalı ekspertlərindən təhlillərində aydın hiss olunan Böyük Azərbaycan qorxusunun səbəbləri çox olsa da, ən öndə Moskvanın Qafqaz üzərində nəzarətinin itirilməsi qorxusu gəlir. Bu gün Qafqazda Rusiya ilə rəqabət aparacaq dövlət yoxdur. İran 1828-ci ildən sonra, Türkiyə isə Birinci Dünya Müharibəsindən sonra Qafqazda Rusiya ilə rəqabət aparmır. Türkiyənin Qafqazda Rusiya ilə rəqabət aparmamasının ən bariz göstəricisi Ankaranın Çərkəzlərə (Adıgey) Rusiya İmperiyası tərəfindən 1763-1864-cü illərdə törədilmiş soyqırımı tanmaqdan israrla yayınmasıdır. Ermənilərin qondarma soyqırımı iddiasının beynəlxalq aləmdə tanınmasında Çar Rusiyasının müstəsna rolu olub. Bəzi tarixçilərə görə, ermənilərin Osmanlıda soyqırıma məruz qalmaları iddiasının tanınması Rusiya imperiyasının o zaman Xarici İşlər naziri olmuş S.D.Sazonovun müstəsna fəaliyyəti nəticəsində mümkün olub.
Rusiya Federasiyasının Dövlət Duması isə 14 aprel 1995-ci ildə “1915-1922-ci illərdə erməni xalqına qarşı soyqırımın pislənməsi haqqında” bəyanat qəbul edərək Osmanlıda ermənilərin soyqırıma məruz qaldğını rəsmən tanıyıb. Çərkəz diasporunun çoxsaylı müraciətlərinə baxmayaraq Türkiyə dövləti Rusiya İmperiyası tərəfindən 1763-1864-cü illərdə törədilmiş soyqırımı tanımır. Halbuki, bu Türkiyənin çərkəzlər qarşısında mənəvi borcudur.
Rusiyalı ekspertlərə görə, Böyük Azərbaycan Türkiyədən fərqli olaraq Qafqazda Rusiyanın əsas rəqibi olacaq. Çünki, Azərbaycan Qafqaz dövlətidir. Qafqaz isə Rusiya tərəfindən süni şəkildə bölünmüş çoğrafiyadır. Rusiyalı ekspertləri qorxudan da Rusiyadan fərqli olaraq Azərbaycan Qafqaz dövləti olmasıdır. Moskvada yaxşı bilirlər ki, Rusiya əsarətindəki Qafqaz xalqları üçün Azərbaycandan daha doğma dövlət mövcud deyil.
İranın parçalanacağı, Böyük Azərbaycanın yaranacağından qorxan rusiyalı ekspertlər İran Azərbaycanında (Güney Azərbaycan) kürdlərin də yaşadığını qabartmağa çalışırlar. İranda azərbaycanlıların sayını qəsdən azaldan Rusiyanın rəsmi qurumları kürdlərin də sayını əsassız şəkildə artır. Bütün bunların Böyük Azərbaycana qarşı etnik separtizm mənbəyi kimi düşünlüdüyünü də hiss etmək çətin deyil. Görünür, Rusiya Qarabağdan dərs almayıb.
Rusiyalı ekspertlər kürdlərdən bəhs edərkən onu da əlavə də edilirlər ki, İranın parçalanması Böyük Azərbaycanla yanaşı Kürdüstanın da yaranmasına gətirib çıxaracaq ki, bu Türkiyə üçün kabusdur. Rusiyalı ekspertlər buna görə Türkiyənin İranın bölünməsinə qarşı olacağına, Ankara ilə maraqlarının üst-üstə düşdüyünə işarə edirlər.
Dünya, xüsusilə də bizim böyük vətənimizin yerləşdiyi çoğrafiya rusiyalı ekspertlərin ifadə etdiyi kimi nəhəng tektonik dəyişikliklər ərəfəsindədir. Belə bir dövrdə Azərbaycan xalqının hədəfi, qayəsi tam aydın olmalıdır.
