Tramp İranda aşkar məğlub olub – bunu etiraf etməyən bircə özü və Heqset qalıb. Amma dəvəquşusayağı başını quma soxub heç nə görməsə də, dalını hamı görür. Son illər ABŞ dünyada onsuz da nüfuzunu itirmişdi, bu nüfuzu saxlayan yeganə dayağı hərbi gücü idi. İran müharibəsi bu gücün də şişirdildiyini sübut etdi.
Kralın (ABŞ-ın) çılpaq olduğunu indi bütün dünya görür. O heç nə ilə (dəyərlər, demokratiya nümunəsi, maliyyə gücü, sənaye gücü, hərbi gücü və s.) başqalarından üstün deyil.
ABŞ daxilində də vəziyyət çox gərgindir. ABŞ onsuz da defolta doğru yuvarlanırdı, amma Tramp onu elə sürətləndirdi ki, 5-10 il sonra gözlənilən proses hətta bu il də baş verə bilər. Hörmüz boğazının bağlanması nəticəsində gübrələrin və yanacağın 30-40% bahalaşmasına görə ABŞ fermerləri kütləvi şəkildə bankrot olurlar. Bu səbəbdən cari ildə k/t əhəmiyyətli torpaqların 1/3 əkilməyib. Eyni səbəbdən payızda ərzaq məhsullarının qiymətlərinin bahalaşacağı gözlənilir.
Bundan da pisi fermerlərin məhsullarının ixracı ilə bağlı məsələdir. Tramp Çinə qarşı tarif müharibəsinə başlayanda Çin də onun məhsullarına qarşı yüksək tariflər tətbiq etdi. Nəticədə ABŞ ərzağı Çin idxalatçıları üçün rəqabət qabiliyyətini itirdi. Onlar ABŞ ərzaqlarını Braziliya, Argentina, Rusiya və başqa ölkələrin daha ucuz müvafiq ərzaqları ilə əvəz etdilər. Bununla Tramp ABŞ fermerləri üçün nəhəng Çin bazarını bağladı.
Eyni hal neft, qaz və neft-qaz məhsulları, çiplər və digər yüksək texnologiya məhsulları üçün də yarandı. ABŞ şirkətləri nəhəng və inkişaf edən Çin bazarını itirdilər, lakin Çin heç nə itirmədi. Bu ilin ilk rübündə Çinin ABŞ-a birbaşa ixrac həcmi azalsa da (hərçənd üçüncü ölkələr vasitəsilə Çinin ABŞ-a ixracı azalmayıb) cəmi ixrac həcmi 15% (!) artdı. Tramp Çinlə ticarət müharibəsində tam məğlub oldu.
ABŞ-ın Çİnə qarşı müasir çip embarqosuna qarşı Çin ABŞ-a nadir metallar embarqosu qoydu. Çin çipləri həm özü hazırlamağa başlayıb, həm də üçüncü ölkələr vasitəsilə əldə edir. ABŞ isə Çinin faktiki monopoliyasında olan nadir metalları əldə etməkdə böyük problemlərlə üzləşib. Nadir metallarsız müasir silahları (təyyarələr, gəmilər, raketlər, radarlar, tuşlama və naviqasiya sistemləri) istehsal etmək mümkün deyil. ABŞ isə Ukrayna və İran müharibələrində arsenallarını boşaldıb. Əgər Çin Tayvanla bağlı müharibəyə başlayarsa, ABŞ ona qarşı bir həftədən artıq davam gətirə bilməyəcək, çünki sursatı yoxdur, yenilərini istehsal etmək üçün isə nadir metalları yoxdur.
ABŞ-da inflyasiya və işsizlik artır, əhalinin yanacaq və ərzaq xərcləri gəlirlərində daha böyük xüsusi çəki qazanır. Ölkə daxilində Trampın daxili və xarici siyasətindən narazılıqlar pik həddə çatıb. Demokratlar fürsətdən istifadə edib yay aylarından ölkədə kütləvi etiraz mitinqlərinə start verməyə hazırlaşırlar…
Belə bir acınacaqlı vəziyyətdə olan Tramp Çinə “xilas jileti” almaq üçün gəlib. Sanki o, Sinin hüzurunda “Ağa, əl mənimdir, ətək sənin – əlimi kəs, ətəyini kəsmə” deyir.
Bəs Çin onu xilas edəcəkmi?
Əslində, Trampı “öldürmək” Çinin maraqlarına uyğun deyil. Onun üçün özündən asılı vəziyyətə düşmüş Trampın qalması daha yaxşıdır. Amma Trampla strateji müqavilələr bağlamağın da mənası yoxdur. Çünki:
1. Tramp sübut edib ki, o heç bir müqaviləyə əməl etmir;
2. Trampın siyasi ömrünə az qalıb. Konqresə noyabr seçkilərindən sonra demokratlar onu impiçment edə bilməsələr, fəaliyyətini iflic edəcəklər.
Tramp artıq vurulmuş “kartdır”. Fürsət düşmüşkən Çin ABŞ-ın boynuna öhdəliklər qoymalı, onun hakimiyyətinə şərikliyini legitimləşdirməlidir. Buna da müxtəlif müqavilələrlə nail olacaq. Əvəzində isə Trampa mahiyyətcə əhəmiyyətsiz olan, lakin Trampa elektorat qarşısında təbliğat üçün istifadə edə biləcəyi “rəngli muncuqlar” verəcək. Bu “muncuqlar”dan biri də blokadanın götürülməsi müqabilində Hörmüz boğazının açılması ola bilər. Çin söz verəcək ki, boğazın əvvəlki statusunun qaytarılması üçün əlindən gələni edəcək, ABŞ blokadanı götürəcək (onsuz da çox saxlaya bilməz). Boğaz, həqiqətən də, açılacaq, lakin İranın nəzarəti qalacaq. Tramp isə bundan “xəbərsiz” olacaq və “qələbəsini” qeyd edəcək. Qalan məsələlərlə bağlı Çinin vasitəçiliyi ilə sonu görünməyən danışıqlar gedəcək və danışıqlarda “möhtəşəm irəliləyişlər” olacaq.
Yəqin ki, ABŞ-ın tarifləri azaltması hesabına ABŞ-dan müəyyən həcmdə ərzaq alacaq, lakin bununla bağlı uzunmüddətli müqavilə bağlamayacaq – heç Tramp da bunda təkid etməyəcək. Onun indi uzun müddəli planı qalmayıb, bütün planları növbəti 5-6 ayı əhatə edir.
Trampın vəziyyəti özü ilə götürdüyü nümayəndə heyətindən də görünür. Hamısı biznes və maliyyə sektorunun nəhəngləridir. Təhlükəsizlik sahəsindən heç kim təmsil olunmayıb. Yəni Tramp elə vəziyyətdədir ki, indi o siyasət haqda yox, qarın haqda fikirləşir.
Bir sözlə, MAGA (Amerikanı Yenidən Möhtəşəm Edək) şüarı ilə hakimiyyətə gələn Tramp 16 ay ərzində Amerikanı zəlil etdi.
