Gürcüstan Dəmir Yollarınin baş direktoru Laşa Abaşidze Kaspi–Qrakali dəmir yolu keçidində aparılan infrastruktur işləri ilə yerində tanış olub.
Magistral xəttin 7 kilometrlik hissəsi əsaslı təmir edilib, paralel olaraq təmas şəbəkəsi də müasir standartlara uyğunlaşdırılır. İnfrastruktur işləri artıq yekun mərhələsinə çatıb.
Laşa Abaşidze bildirib ki, Kaspi–Qrakali keçidi Tbilisi–Batumi magistral xəttinin vacib hissəsidir və əsas magistralda aparılan bütün yenilənmə işləri yay mövsümünə qədər tamamlanacaq.
Layihə başa çatdıqdan sonra Tbilisi–Batumi arasında qatarların hərəkət müddəti 5 saat 30 dəqiqədən təxminən 4 saata enəcək.
Maraqlıdır ki, Tbilisi–Batumi xəttinin uzunluğu 359 km-dir. Müqayisə üçün, Bakı–Gəncə dəmir yolu xəttinin uzunluğu 362 km təşkil edir və sürətli qatarlarla bu məsafənin qət olunma vaxtı artıq 3 saat 55 dəqiqədir. Bu isə regionda dəmir yolu infrastrukturunun modernləşdirilməsi və sürət potensialının artmasının nə qədər vacib olduğunu göstərir.
