Tələyə düşmüş Tramp ABŞ-ı “tarixin ən pis strateji məğlubiyyəti”nin astanasına qoyub: təhlil
Tom Boqqioni
30.04.2026
Nobel mükafatı laureatı, iqtisadçı Pol Kruqman Donald Trampın İran müharibəsinə dağıdıcı qiymət verib: prezident ABŞ-ı rüsvayçı məğlubiyyətə doğru aparır və yeganə çıxış yolu onun kövrək eqosunun heç vaxt icazə verməyəcəyi məğlubiyyəti etiraf etməkdir.
Kruqmanın sözlərinə görə, İranın diktə etdiyi şərtləri qəbul etmədən Hörmüz boğazını yenidən açmağın etibarlı yolu yoxdur – bu reallıq ABŞ iqtisadiyyatını Trampın ehtiyatsız hərbi avantürizminin girovuna çevirəcək.
Kruqman yazıb: “Realistcəsinə danışsaq, Hörmüz boğazının yenidən açılmasının yeganə yolu hər iki tərəfin güzəştə getməsidir: İran boğazdan gəmiçiliklə bağlı de-fakto embarqosunu, ABŞ isə İran gəmiçiliyinə qarşı blokadasını ləğv etməlidir”.
“Bunun üçün rəsmi bir razılaşma imzalanması tələb etmir və hər hansı rejimin digərinə etibar etməsi tələb olunmur. Bunun üçün hər iki tərəfin etdiklərini dayandırması kifayətdir.”
Kruqman bu sadə qərarı qəbul etməklə sülhə aparan yolda üç maneəni vurğulayıb: “Trampın eqosu, onun cahilliyi və Amerika ilə əldə olunan hər hansı razılaşmanın faktiki olaraq mənasız olacağına iranlıların, təəssüf ki, haqlı inamı”.
İqtisadçı Trampın məğlubiyyəti psixoloji olaraq qəbul edə bilməməsinin onun siyasətinə necə təsir etdiyini təsvir edib:
“Trampın eqosu o qədər kövrəkdir ki, heç vaxt məğlub olduğunu etiraf edə bilməz. O, demək olar ki, təkbaşına Amerikanı tarixinin ən böyük strateji məğlubiyyətinə aparması reallığı ilə barışa bilmir. Buna görə də o, İrandan əncir yarpağı kimi ayıbını örtə biləcək və qalib gəldiyini bəyan etməyə imkan verəcək güzəştlər əldə etmək üçün çarəsizcəsinə çalışır.”
Kruqmanın sözlərinə görə, Trampın yaxın ətrafı bu illüziyanı [məğlub olmadığını] gücləndirir – onlar Trampın eqosuna xoş gəlmək üçün ona müharibənin nə qədər yaxşı getdiyi haqda danışırlar. “Nəticədə Tramp müasir tarixdə müharibə şəraitində Amerikanın real vəziyyəti haqqında, yəqin ki, ən pis məlumatlı prezidentdir.”
İran Amerikanın zəifliyini başa düşür. İran liderləri dərk edirlər ki, Hörmüz qarşıdurması həm ABŞ, həm də dünya iqtisadiyyatına ziyan vurur. Ölkə liderləri həmçinin bilirlər ki, müharibənin, onun iqtisadi dağıntılarının və prezidentin usanmaz yalanlarının amerikalılarda yaratdığı qəzəb nəticəsində noyabr seçkilərində Tramp, çox güman ki, böyük məğlubiyyətlə üzləşəcək.
Kruqman əlavə edib ki, nəticə artıq qaçılmazdır – əlbəttə, əgər Tramp müharibə cinayətləri zonasına keçməsə.
“Bu necə bitəcək? Əgər Tramp böyük miqyaslı müharibə cinayətləri törətməyə hazır deyilsə və ABŞ ordusu buna ona qarşı çıxmazsa – hər şey bir neçə həftə əvvəl müzakirə olunan “sazişsiz sövdələşmə” ilə bitəcək: Amerika blokadasını ləğv edəcək, İran isə boğazı açacaq. “İran bu vəziyyətdən daha kasıb, lakin strateji cəhətdən daha güclü çıxacaq. Amerika isə Trampın eqosunu məmnun etmək üçün tamamilə əsassız avantüra nəticəsində tarixin ən pis strateji məğlubiyyətinə uğrayacacaq.”
Kruqmanın yekun sualı böhranın əsl mahiyyətinə toxunur:
“İndi sual budur: Tramp reallığı qəbul etməyə hazır olana qədər dünya və Amerika nə qədər dağıntıya dözməli olacaq?”
Mənbə:https://www.rawstory.com/trump-hormuz/
