Deməli, bu ölkədə elə bir adam tapılmaz ki, onun ailəsindən birinin yolu onkologiyadan düşməsin. Yaxın və ya uzaq hər birimizin qohumu ordan keçib. Həkim ailəsində böyümüşəm, dayılarım, dayım oğlu həkimdir. Onların necə məsuliyyətli və çətin sənət sahibi olduqlarının şahidiyəm. Üstəlik, xeyli həkim dostlarım var və çox hörmət edirəm.
İstisnaları çıxmaqla, hansımızı o xəstəxanadan şirin dillə, xoş ünsiyyətlə, ümidlə yola salıblar? Həyəcanlı səs tonu, tez-tələsik davranışlarla adamı panikaya salmaq sanki orda dəbdir.
Az qala hər birimizi evimizi satmağa məcbur edən onkologiya deyilmi, ordakı sistem və heyət deyilmi?
Oranın hansı həkimi bir dəfə cəsarətlə post paylaşıb və deyib ki, mən buranı tərk edirəm, çünki burda adamın diri-diri dərisini boğazından çıxarırlar? Yəni, o hərəkətləri görüblər və susublar.
Anamın ən ağır günlərində, yəni artıq dördüncü dərəcə olduğunu bildiyimiz günlərdə, oranın həkimləri bir ədəd ( bir qutu yox, sadıcə bir ədəd)dərmanı 1500 azn-ə bizə aldırdı. Əgər onun vicdanı olsaydı, evinə halal pul aparan biri olsaydı, o dərmanı ümidi qırılmış adamların vəziyyətindən istifadə edərək satardımı? Sual verirəm, dürüst olun,- belə həkim həyatda yaşamalııdır ya yox?
Anam qızıllarını, həyatı boyu taxmadığı, nəvəmin toyuna taxaram dediyi qızıllarını satdı və müalicələrinə verdi. Bu, yaşadıqlarımın az hissədir. Hələ demirəm ki, anamı qan aparanda həmin xəstəxana ona adicə sarğını belə minnətlə, onun-bunun üstünə ataraq etdi. Çox hadisələr olub, amma keçmişimi silmişəm.
Amma silə bilməyənlər var. Amma bu gün belə o xəstəxananın həyətində həkimlərdən ümidini kəsib, dilənçiyə və Allaha yalvaranlar var.
Tərkibi bilinməyən kimya-terapiyalarla insanların qanını sovurmaq ədalətlidir?
Siz heç canı boğazına yığılmış adamların nələr edə biləcəyini, necə qarşısıalınmaz, insanlıqdan çıxmış hala düşə biləcəyini təsəvvür edirsinizmi?
Haqqına girmirəm, çünki tanımıram, həyatını dəyişən həkim bəlkə işini bilən imiş. Yaxşılar həmişə var.
Amma ümumi vəziyyət belədir: bərbad, ədalətsiz, insafsız, pulgir və xəstəyə insan kimi baxmayan.
