Alex Vatanka Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunda İran proqramının direktorudur. Müəllim London mərkəzli “Al Majalla” dərgisində İranla bağlı maraqlı və peşəkar təhlillər yazır.
Müəllif qeyd edir ki, ABŞ/İsrail cütlüyünün İranda rejimi dəyişdirmək istəkləri faktiki olaraq real görünmür. Son məlumatlar xüsusilə SEPAH-ın mövcud “ölüm-qalım” vəziyyətindən istifadə edərək İran daxilində daha da gücləndiyini göstərir. Siyasi tarix də belə anlarda güc strukturlarının öz təsir güclərini daha da artırdığı və bütün sferalara nəzarət imkanı qazandığını göstərir.
Vatankaya görə, ata Xamneyi vaxtında dini fiqur güc simvolu idi və təhlükəsizlik qurumları bu gücə təhdid yaratmamaq üçün parçalanmışdı. Ancaq hazırkı vəziyyətdə bütün təhlükəsizlik qurumları birbaşa SEPAH-ın nəzarətində mərkəziləşib. Bu isə istisnasız İran daxilində gücün əl dəyişdirdiyi deməkdir.
Artıq təhlükəsizlik qurumları qərarvermə mexanizmində ilk sıradadır. Nə Pezeşkian (prezidentlik institutu), nə də ordu bu reallığı dəyişə biləcək gücdə deyil. Yeni ali dini liderin belə indiki situasiyada SEPAH-ın iradəsindən kənar nəyisə diktə etməsi çətin görünür. Çünki onu seçdirən elə SEPAH-ın özüdür. Bu gedişat müharibə davam etdikcə İrandakı rejimin dini təmayüldən daha çox militarizmə doğru transformasiya edəcəyini göstərir.
Məncə, müəllif bu məsələdə haqlıdır. Yadınızdadırsa, hələ müharibədən əvvəl Vali Nasrın kitabı haqqında şərh paylaşmışdım. Valiq Nasr da oxşar gözləntiləri paylaşırdı. O, İrandakı rejimin Xamneyi sonrasında daha miltar və SEPAH nəzarətli sistemə keçəcəyini deyirdi. Görünən odur ki, müharibə bu keçidi sadəcə sürətləndirib.
Şübhəsiz ki, ABŞ/İsrail hücumları İrana çox böyük zərər vurur. Ən son oxuduğum qədərilə ümumi zərər 50 milyard dollar həcmində idi. Bu İran üçün kifayət qədər ciddi rəqəmdir. Vatanka yazır ki, proseslər bu cür davam edərsə, İran gələcəkdə daha kasıb, özünə qapanıq, təcrid olunmuş və militarlaşmış dövlət kimi qalacaq. Güc strukturları daha da qüvvətlənəcək, məhdud iqtisadi resurslar bu adamların əlində cəmləşəcək. Ali dini liderin ictimai nüfuzu az olduğu üçün o özü də bu qurumların təlimatı ilə hərəkət edən bir fiqura çevriləcək.
