Trampın danışdığı kürd separatçıları İranla döyüşlərdən faktiki imtina edirlər. ABŞ-ın məşhur “Axios” nəşrinin iddiasına görə, separatçılar gələcək talelərindən çəkindiləri üçün yekun qərarı verə bilmirlər. Prinsipsə, haqsız da deyillər. Trampın ipinin üstünə odun yığılası deyil. Bir də gördün, fikrini dəyişdi, öz proksi qüvvələrini yarı yolda buraxıb aradan çıxdı.
Kürdlərin bu savaşdan geri çəkilməsi ABŞ və İsrail cütlüyü üçün yatsalar yuxularında belə görə bilməyəcəkləri qorxunc kabus kimi bir şeydir. Çünki onların İranla müharibə ssenarilərində “B” planları mövcud deyil və bundan sonra da belə bir plan hazırlaya bilməyəcəklər.
Proksilərdən məhrum olan ABŞ-ın öz gücü ilə İranla müharibəni aparmaq imkanları da sıfıra bərabərdir. Çünki İranda uğura imza atmaq üçün ən azı 250 min əsgərə ehtiyac var. Tramp bu qədər əsgəri İrana göndərsə, gözləmədiyi ağır itilərlər üzləşər, nəticədə Pentaqonda üsyan çıxar, hər şey onun əleyhinə çevrilər.
Bununla belə, İranı da bu müharibənin qalibi saymaq mümkün deyil. Belə ki, bundan sonra onun özünə gəlməsi asan olmayacaq. İran öz yaralarını sağaltmaq üçün mütləq bəzi islahatlara getməli, ən əsası, “şiə ayparası” dokrtirinasından imtina etməlidir. Yəqin ki, İrana bağlı təcrübələrdən onun proksi qüvvələri də dərs aldılar və bir daha eyni səhvi davam etdirmək istəməyəcəklər.
İranın bu versiyada tutacağı ən optimal yol – fars şovinizmi fikrini bir kənara atmaq, öz daxili qüvvələri vasitəsilə regional ittifaqlara, xüsusilə də Türk dünyasına inteqrasiya etmək, iqtisadi inkişaf barədə düşünmək və ən əsası məşhəb ayrıseçkililiyi salan ideologiyasından vaz keçməkdir.
Bu durumda müharibədən ən qazanclı çıxan Türkiyə olacaq. Çünki, kürd separatçılarının bu “qorxaqlığı”ndan sonra onlar artıq ABŞ-a lazım olmayacaqlar. Tramp heç bir faydası olmayan yükü çiyinlərində daşıyacaq qədər sadəlövh deyil və böyük ehtimalla, Şimali İraqdakı separatçıları da İraq, İran və Türkiyənin ümidinə buraxıb Yaxın Şərqdən çəkiləcək. Bu tənlikdə kürdlərin yeni himayədarının Türkiyə olacağı şübhə doğurmur. Beləcə, Türkiyənin yeni missiyası onu Yaxın Şərqin super gücünə çevirəcək.
Kürd separatçılarının döyüşlərə girməkdən çəkinməsi İsraili də ağır vəziyyətdə buraxacaq. Tel-əvivin ağlı olsa, qınına çəkilib, ona II Dünya Müharibəsində bəxş olunan ərazilərlə kifayətlənər və bir daha “vədolunmuş torpaqlar” sözünü nəinki dilinə, heç ağlına da gətirməz. Üstəlik, ABŞ-ın tərk etdiyi coğrafiyada ərəblərin qəzəbindən qorunmaq üçün məcburən Ankaranın himayəsinə sığınmalıdır. Əks halda, onu heç nə – nə yaxın müttəfiqləri, nə də sahib olduğu üstün hərbi qüdrəti xilas edə bilər. Tel-əvivin də, eynilə balaca müttəfiqləri kürd separatçıları kimi, qarşısında duran yeganə yol Türkiyə ilə əvvəlki münasibətləri bərpa etmək və Ankaranın himayəsinə sığınmaqdır.
Qısası, Türkiyə, atalar demişkən, “nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı” zərb məsələnin meyvələrini dərəcək. İncə düşünülmüş ağıllı və təmkinli xarici siyasətin gətirdiyi avantajlar belə olar.
