J.D. Vensin Ermənistana və Azərbaycana səfərini ABŞ-ın regional geosiyasi yanaşmasından kənar dəyərləndirmək doğru olmaz. Burada region dedikdə Yaxın Şərqi nəzərdə tuturam.
ABŞ xüsusilə son illərdə Yaxın Şərqdəki hərbi potensialını və dayaq nöqtələrini tərk edir. Hazırda İranla bağlı yaşanan gərginlik və hərbi yığnaqlar bizi aldatmasın. “Abraham Linkoln” təyyarədaşıyanının təyinatı Yaxın Şərq yox, Uzaq Şərqdir. O əvvəl axır geri qayıdacaq. ABŞ-ın yanaşmasında Yaxın Şərq regionuna yenidən qayıtmaq yox, müttəfiq güclər vasitəsilə buranı idarə etmək var.
ABŞ üçün regiondakı əsas müttəfiqlər Vensin də dediyi İsrail və Türkiyədir. Bir az aralıda Səudiyyə Ərəbistan da var. Tramp administrasiyası bir müddətdir regiondakı problemləri ardıcıl şəkildə həll edir.
İsrailə öz nəzarət bölgəsində olan məsələlərdə tam dəstək verildi. Livan Hizbullahı, Qəzzadakı Həmas böyük ölçüdə həll edildi, Suriyada İsrail üçün yeni təhlükəsiz zona yaradıldı.
Türkiyə üçün kürd məsələsinə aydınlıq gətirildi. YPG-yə açıq şəkildə deyildi ki, siz ancaq Suriya tərkibində ola bilərsiz, vəssəlam.
Yəməndə Səudiyyə Ərəbistanı 1 həftə ərzində BƏƏ dəstəkli qüvvələri sıradan çıxarıb tam nəzarəti əlinə aldı.
İndi bircə İran məsələsi qalıb. O, da İsrailin son arzusudur. Amma Türkiyə və Səudiyyə Ərəbistanı açıq reaksiya göstərir deyə qalıb. Amma elə ya da belə məsələ həll olunacaq. ABŞ nüvə və bəlkə də ballistik raket məsələsini tamamlayıb söhbəti bitirəcək. Deyəcək, vəssəlam, problemlərinizi həll elədim, elədim, daha dincəlin, bura qədər, dava-dalaş istəmirəm. Mən gedirəm Uzaq Şərqə siz burada dalaşmayın.
Regionda nizam ABŞ-ın özünə müttəfiq hesab etdiyi ölkələrə həvalə olunacaq. ABŞ isə hakim roluna yüksələcək. Regiondakı hərbi mövcudluq yükündən xilas olacaq, xərclərini azaldacaq, həm də ticarətlə qazanacaq.
Vensin dediyi sözlər də bu məqamda daha mənalı görünür. Azərbaycanla bağlı məsələlər də Türkiyə və İsrail vasitəsilə həll olunacaq. Yəni artıq Azərbaycan bu ölkələrin kurasiyasına veriləcək.
Bir sözlə “Turan”-ın günlər öncə atdığı başlıq doğru idi: Bu gün “rivizor gəlmişdi”. ABŞ-ın inşa etdiyi yeni geosiyasi iyerarxiya artıq bu cürdür…
