DigərDünyaMaraqlı

Öyrədici hekayə olacaq oxuyun…

Braziliyanın ən varlı adamının sərvəti cəmi 24 ay ərzində necə oldu ki, 30 milyard dollardan mənfi 1 milyard dollara düşür? Öyrədici hekayə olacaq oxuyun…

Özü də qeyd edim ki, bu hadisə, milyarderlərin tarixində ən böyük maliyyə çöküşlərindən biri sayılır.

Hər şey Braziliyada, Campos hövzəsində, dənizin 3 000 metr dərinliyində tapılan neftlə başladı. Geoloqlar burada çox böyük neft ehtiyatları olduğunu deyirlər. Hətta bu yataqların Səudiyyə Ərəbistanı ilə rəqabət apara biləcəyi iddia edilirdi.

Eyke Batista bütün imperiyasını bu neftə bağlamışdı. O, hər şeyini bu yataqlara yatırdı. 2012-ci ilin martında bu risk ona əvvəlcə uğur gətirir və o, dünyanın 7-ci ən varlı adamına çevrilir.

Onun OGX adlı neft şirkəti Braziliya tarixinin ən böyük IPO-sunu etdi və 3,7 milyard dollar cəlb etdi. Amma ortada bir problem var idi: hələ heç bir işlək neft yatağı yox idi. Sadəcə söz üzərində vədlər vardı.

Batistanın bütün şirkətləri “X” hərfi ilə bitirdi. Bu hərf onun üçün sərvətin artması demək idi. O, açıq-aşkar böyük sözlər verirdi. Braziliyanı neft supergücünə çevirəcəyini və Karlos Slimdən də varlı olacağını bildirirdi.

O dövrdə xammal bazarındakı yüksəliş bu arzuları real kimi göstərirdi. Amma dərin dənizdə qazıntılar başlayanda həqiqət üzə çıxdı.

Yeraltı şərait gözlənildiyi kimi deyildi. Modellər səhv idi. Beş yataqdan dördü tam bağlandı. Neft hasilatı gündə cəmi 10 min barel oldu. Halbuki ona milyonlarla barel vəd edilmişdi.

Bu uğursuzluq hər şeyi dağıtdı. 2013-cü ilin noyabrında OGX iflas etdiyini elan etdi. 2014-cü ilin yanvarında Batistanın şəxsi kapitalı artıq mənfi idi.

Bir şirkətin çökməsi digərlərini də ardınca apardı. OGX batdı, sonra MMX (mədənçilik), ardınca MPX (energetika) zəifləməyə başladı. Bütün imperiyanın borcu 11 milyard dollara çatdı.

Kreditorlar, o cümlədən Mubadala və BNDES, pullarını eyni vaxtda geri istədilər. OGX-in səhmləri 99% dəyər itirdi. İstiqrazlar nominalın cəmi 8%-i ilə satılırdı.

Batista təkcə neftə yox, başqa sahələrə də çox pul xərcləmişdi. O məşhur Marakana stadionuna, Rock in Rio festivalına, lüks otellərin bərpasına sərmayə qoymuşdu. Amma bu layihələr də pul gətirmədi, əksinə xərcləri artırdı.

O, vaxtında aktivlərini satmadı. Qüruru buna imkan vermədi. Hər yeni layihə daha çox pul yandırdı.

Sonda iş məhkəməyə qədər getdi. 2017-ci ildə o, rüşvət ittihamı ilə həbs olundu. 2018-ci ildə 30 il həbs cəzası aldı. Ona 7 il ictimai şirkət idarə etmək qadağan edildi və bazar manipulyasiyasına görə 132 milyon dollar cərimə olundu.

Ona görə deyirlər ki, nağd olsun soğan olsun! Sübut olunmamış aktivlər üzərində imperiya qurmaq çox təhlükəlidir. Batista potensialı reallıqla səhv saldı.

Bu gün Eyke Batista əvvəlki nüfuzuna və sərvətinə sahib deyil.

O, artıq milyarder deyil və biznes imperiyası tamamilə dağılıb. Uzun məhkəmə proseslərindən sonra azadlığa buraxılıb, amma hələ də hüquqi və maliyyə problemləri ilə üz-üzədir. İctimai həyatda çox az görünür və əvvəlki kimi böyük biznes layihələri yoxdur.

Bir zamanlar dünyanın ən varlı insanlarından biri olan Batista bu gün sadə və sakit həyat sürən, keçmiş uğurlarını itirmiş bir fiqur kimi xatırlanır.

 

Elnur Salehov

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğanın qərarı gündəmi silkələdi – S-400-lər iki ölkədən birinə satıla bilər

admin

Tramp yüz minlərlə ukraynalını deportasiya edəcək

redaktor

Priqojinin qətlini o bu cür planlayıb – SENSASİYA

admin