Bu gün bir çoxları “Ramiz Mehdiyevi vəzifəyə təyin edənlər, orden-medal verənlər günahkardır” fikrini təkrarlayırlar. Kimlərisə müdafiə etmək fikrim yoxdur. Ancaq, bu gün bu fikri təkrarlayanlardan biri olan, AXC hakimiyyəti dövrü ən azı Prezident Əbülfəz Elçibəy qədər səlahiyyəti olan İsa Qəmbərə bir neçə sualım var.
1. Rəhim Qazıyevin Rusiya ilə birbaşa əlaqəli olduğunu bilə-bilə niyə onu uzun müddət müdafiə naziri vəzifəsində saxladınız?
2. Vəzifədən çıxardıqdan sonra onun cinayət məsuliyyətinə cəlb olunması üçün niyə heç bir tədbir görmədiniz?
3. Şuşa işğal olunduqdan dərhal sonra 13 may 1992-ci ildə Respublika Prokurorluğunda yüzdən artıq prokurorluq işçilərinin, rəhbər şəxslərin, Baş Prokuror Murad Babayevin iştirakı ilə geniş kollegiya iclası keçirildi. Həmin iclasda Şuşanın işğalı ilə bağlı dərhal cinayət işinin qaldırılması tələbimdən sonra Bakı şəhər prokurorunun birinci müavini rəhmətlik Rövşən Əliyevin (sonralar AXC hakimiyyəti dövrü Respublika Hərbi prokuror oldu), Bakı şəhər prokurorluğunun müstəntiqi İbrahim Tatiyev (o da Baş Prokurorun istintaq üzrə müavini təyin olundu) və mənim iştirakım ilə elə həmin gün cinayət işi qaldırıldı. Həmin işin istintaq qrupuna mən də cəlb olundum. Həmin gündən başlayaraq 3 gün dalbadal 777 saylı hərbi hissənin Neftçilər Metrosu yaxınlığında yerləşən ərazisində Hərbi Hissənin komandiri olmuş Elçin Məmmədovu, onun müavinini və bir neçə digər zabitləri dindirdikdən sonra Şuşanın süqutunda R.Qazıyevin günahkar olması barədə çoxlarını xəbərdar etdim. Elə həmin andan kimlər məni həmin istintaq qrupundan uzaqlaşdırdı?
4. Necə oldu ki, 1 gündə adlarını çəkdiyim 2 şəxs və hal-hazırda, səhv etmirəmsə bu gün də dələduzluğa görə həbsdə yatan Məmmədvəli Cəfərov Prezident Əbülfəz Elçibəyin Fərmanı ilə Baş Prokurorun müavinləri təyin edildilər?
5. AXC hakimiyyəti dövrü Baş Prokurorun istintaq üzrə müavini İbrahim Tatiyevə dəfələrlə R.Qazıyevin dərhal həbs olunmasını xahiş etsəm də onun “hamımız R.Qazıyevin Rusiyanın adamı olduğunu bilirik, ancaq Prezident Əbülfəz Elçibəy və digəriləri hesab edirlər ki, bunu etsək R.Qazıyev və tərəfdarları Rusiyanın köməkliyi ilə Azərbaycanda Dövlət çevrilişi edəcəklər” fikrindən xəbəriniz varmı?
6. Respublıka Prokurorluğunun istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Məcid Xasiyevin başçılığı ilə aparılan cinayət işi tamamlansa da nə üçün rəhmətlik Heydər Əliyev hakimiyyətə gələnə qədər məhkəməyə göndərilmirdi?
7. Surət Hüseynovun rus generalı Şerbakın təsiri və idarəçiliyində olduğunu bilə-bilə nə üçün ona Milli Qəhrəman adı, polkovnik rütbəsi verdiniz, korpus komandiri, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin etdiniz?
8. Milli Məclisin qapalı keçirilən iclasında o vaxtlar Milli Təhlükəsizlik Nazirinin 1-ci müavini Sülhəddin Əkbərin geniş məruzəsindən, R.Qazıyevin Rusiya ilə əlaqələrini təsdiq edən telefon danışıqları elan edildikdən, bir çoxlarının ona rus agenti deməsindən sonra nə üçün onun Milli Məclisdə qalmasına və Dövlət çevrilişini həyata keçirməkdə Surət Hüseynova hər tərəfli kömək etməsinə şərait yaratdınız?
Bu sualları dəfələrlə artıra da bilərəm. Bu sualları verməkdə də məqsədim İsa Qəmbəri nədəsə ittiham etmək deyil, çünki ilk görünüşdə çoxlarının anlamadığı suallarımın əsaslı səbəbləri var idi. Sadəcə onun da yuxarıda qeyd etdiyim kampaniyaya qoşulması yolverilməzdir, çünki İsa Qəmbər o sualların cavabını çoxlarından yaxşı bilir. Onun bu addımı populizm və qısqanclıqdır, çünki AXC hakimiyyətinin bacarmadığını, ölkəyə rəhbərliyini daha pis, acınacaqlı dövrdə qəbul etmiş rəhmətlik Heydər Əliyev bacardı. O dövrdə də bu gün olan kimi AXC hakimiyyətində təmsil olunmuşlar, eləcə də onlara müxalifət olanlar da bəziləri açıq, bəziləri isə gizli şəkildə Surət Hüseynovun qiyamına dəstək olub, Dövləti parçalanmaqdan, məhv olmaqdan qorumağa çalışan Heydər Əliyevə qarşı oldular.
Tarix boyu Azərbaycanın ən böyük bəlası əksəriyyətin hakimiyyətə gəlmək üçün şeytanla da işbirliyinə getməyə razı olmaqlarıdır.
