DünyaSiyasət

Əli Kərimliyə Maqnitski mükafatı: Bəs ən böyük mükafat?

Həbsdə olan AXCP sədri Əli Kərimli 2026-cı ilin Beynəlxalq Maqnitski İnsan Hüquqları Mükafatına layiq görülüb. O, “Görkəmli müxalifət siyasətçisi” nominasiyasında mükafatlandırılıb.

Bəs bu mükafat necə yaranıb və nəyi ifadə edir?

2008-ci ildə rusiyalı hüquqşünas Sergey Maqnitski Rusiya dövlət məmurlarının iştirakı ilə həyata keçirildiyi bildirilən 230 milyon dollarlıq vergi vəsaitinin mənimsənilməsi sxemini ifşa etmişdi. Lakin cinayəti araşdırmaq əvəzinə onun özünü həbs etdilər. Maqnitski həbsxanada ağır rəftara məruz qaldı, tibbi yardımdan məhrum edildi və 16 noyabr 2009-cu ildə, 37 yaşında həyatını itirdi.

Bu hadisə beynəlxalq qalmaqala çevrildi. 2012-ci ildə ABŞ-də insan hüquqlarının ağır pozuntularında iştirak edən şəxslərə qarşı sanksiyaları nəzərdə tutan Maqnitski qanunu qəbul edildi. Sonradan bu mexanizm daha geniş beynəlxalq xarakter aldı.

2015-ci ildən isə onun xatirəsinə Maqnitski İnsan Hüquqları Mükafatı təqdim olunur. Mükafat korrupsiyaya qarşı mübarizə aparan jurnalistlərə, hüquq müdafiəçilərinə və siyasi fəallara verilir.

Əli Kərimli bu mükafata layiq görülən ilk azərbaycanlı deyil. 2017-ci ildə araşdırmaçı jurnalist Xədicə İsmayıl, 2024-cü ildə hüquq müdafiəçisi Jalə Bayramova (O, 15 noyabr 2024-cü ildə Londonda atasının hüquqlarını müdafiə etmək və azadlığı uğrunda apardığı beynəlxalq fəaliyyətə görə Maqnitski İnsan Hüquqları Mükafatına layiq görülüb.) da Maqnitski mükafatı alıblar. Beləliklə, Əli Kərimli bu mükafatın üçüncü azərbaycanlı laureatıdır.

Mükafatın Əli Kərimliyə verilməsi onun həbsinə və Azərbaycandakı siyasi azadlıqlar məsələsinə beynəlxalq diqqəti artırır. Lakin burada mühüm bir sual yaranır: Qərb onun azadlığı üçün mükafat və bəyanatlardan kənara çıxan hansı konkret addımları atacaq?

Çünki beynəlxalq mükafat siyasi məhbusun azadlığını avtomatik təmin etmir.

Əli Kərimlini bu mükafat münasibətilə təbrik edirik. Ona daha böyük, daha qiymətli bir mükafat arzulayırıq.

O mükafatın adı AZADLIQDIR!

Arzulayırıq ki, Əli Kərimli tezliklə həbsxanadan çıxsın, ailəsinə qovuşsun, siyasi fəaliyyətini azad şəraitdə davam etdirə bilsin.

Və gün gəlsin, Azərbaycanda heç kim siyasi baxışlarına görə həbs edilməsin.

İnsana verilə biləcək ən böyük mükafat onun azad yaşamaq hüququnun qorunmasıdır.

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Demokratlar hər iki palatanı qazandı: Trampın Ukrayna siyasəti niyə artıq əvvəlki kimi olmayacaq?

redaktor

Qərbdə müsəlmanların siyasi yüksəlişi: yeni mərhələ başlayır

redaktor

Necə oldu ki, Amerika xalqı Tramp kimi birisini seçdi?

redaktor