DünyaGündəmSiyasət

Əli Kərimlinin həbsi: Ramiz Mehdiyev məktubunun siyasi anatomiyası

Dünən axşam Əli Kərimlinin ailəsinə baş çəkməyə getmişdim. Əli bəy noyabr ayının 29-da gülünc bir ittihamla təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Samara xanımla, balaca Timurla görüşdüm. Baş verənləri müzakirə etdik. Samara xanım noyabrın 29-da baş verən olayların təfsilatını danışdı.

Qapını açmaq üçün DTX əməkdaşları qonşunun “xidmətindən” istifadə ediblər. Samara xanım bildirdi ki, həmin vaxt o, Əli bəyin iş otağında Timuru qarşıdakı imtahana hazırlaşdırırmış. Qapını Əli bəy açıb və birdən birə çoxlu sayda maskalılar evə daxil olub. Onlar evə daxil olan kimi vahimə yaratmaq üçün qışqır-bağır salaraq evdə axtarış aparacaqlarını bildirib, hamının bir otağa keçməsini tələb ediblər. Samara xanım bildirib ki, vəkilin iştirakı olmadan axtarış aparmaq üçün niyə hamı bir otağa yığışmalıdır. Axtarış aparırsınısa bizim gözümüzün qabağında aparında.

10 dəqiqəlik bir mübahisədən sonra 10 nəfər maskalı əməliyyat işçisi Samara xanımı və Timuru zorla otaqdan çıxarıb, kəmali ehtiramla Ramiz Mehdiyevin “şanlı məktubunu” Əli Kərimlinin iş stolunun siyirtməsinə yerləşdiriblər və sonra da müstəntiqlərin və əməliyyatçıların iştirakı ilə “qanuni axtarış” aparıb, artıq bir aydan artıq hökumət mətbuatında və yandaş mediada müzakirə edilən və öz məxfiliyini itirən Ramiz Mehdiyevin məktubunu qoyduqları yerdən “tapıblar”. Samara xanımın dediyinə görə Əli bəy bu “tapıntıya” görə müstəntiq və əməliyatçılara təşəkkür edib ki, belə bir gülünc, mənasız, heç bir hüquqi qüvvəsi olmayan sənədlə onu həbs edirlər.

Doğrudan da, o “şanlı məktub” Ramiz Mehdiyevin həbsindən sonra yayılan kimi biz yazdıq ki, bu uydurmadır və onu istənilən adamın adından yaymaq olar. Çünki sənədin üzərində onun Ramiz Mehdiyevə məxsusluğunu göstərən heç bir əlamət yox idi. Dövlət Şurası yaratmaq haqqında məktubda yer alan fikirlər də inandırıcı deyildi. Hökumətin nəzarətində olan mətbuat yazırdı ki, 50 nəfərdən ibarət dövlət şurası yaratmaq təklifi olub. Yaxşı, lap hesab edək ki, bu 50 nəfərin biri Əli Kərimli, ikincisi isə Gültəkin Hacıbəylidir. Bəs yerdə qalan 48 nəfər kimlərdən ibarətdir? Lap əvvəldən bu oyunun Əli Kərimli, Xalq Cəbhəsi və Milli Şura üçün qurulduğu göz qabağında idi. Ramiz Mehdiyev həbs edilən günün səhəri bunu Əli bəyə demişəm və mətbuatda yazmışam.

İndi keçək cəmiyyətinin reaksiyasına. Normal düşünən, dürüst və vicdanlı adamlar bütün baş verənlərin hakimiyyətin bir oyunu olduğun, post-Qarabağ dövrü üçün Əli Kərimlini və Xalq Cəbhəsini siyasi sənədən silmək üçün bir “hazırlıq” olduğunu yaxşı bilir və bunu elə bildiyi kimi də social mediada ifadə edir. Heç bir hüquqi gücü və əhəmiyyəti olmayan “nimdaş” bir  məktubla müxalifət liderini həbs etmək məhz bu zərurətdən irəli gəlir.

İndiyə qədər irəli sürülən dövlət çevrilişi şoularının hansı Əli Kərimlisiz səhnəyə qoyulub. 10 il əvvəl İrana bağlı şiə radikalları ilə birləşib dövləti zor gücünə “devirmək” istəyəndə Əli Kərimli idi, 9 il əvvəl sünni Gülənçi çevrilişn “imam xətibi” Kərimli başda olmaqla cəbhəçilər idi, 7-8 il əvvəl Gözəl xanım və Əfqan Muxtarlı “qaçaqmalçılığı” da Qərbədən maliyyə dəstəyi almaqla konstusyon qurluşu Əli Kərimli zor gücünə devirməli idi, 5 il əvvəl pandemiya dövründə Qarabağa dəstək adı ilə “xalqı” Milli Məclisin qarşısına çağırmaq da Əli Kərimlinin həbsinə hesablanmışdı. İndi də Ramiz Mehdiyevin saxta məktubu.

Məsələ o qədər gülməlidir ki, hökumət məsələyə ciddi don geyindirmək üçün bütün şəbəkəsin işə salıb. MTN-nın köhnə agentura şəbəkəsi yenidən format edilib. Milli Məclis səfərbər edilib, vaxtı ilə Ramiz Mehdiyevi birinci ataları hesab edənlər bülbül kimi ötməyə başlayıblar. Bir vaxtlar biz ölmüşük ki, Ramiz Mehdiyev hər yoldan ötənə cavab versin, onda bəs biz nə üçünük deyənlər indi xaç atalarının üzünə ağ olurlar.

Avtobus müxalifəti anlaşılandır. Ən dəhşətlisi odur ki, bir  zamalar “böyük ideyalarla” iddia edən bəziləri özünü DTX-nın trolu səviyyəsinə endirib və Kərimlinin həbsinə “haqq qazandırmaq” üçün kreativ və gülünc arqumentlər gətirirlər.

Ziyalı Forumu və Milli Şura ilə bağlı böhtan kampaniyasının həddi-hüdudu yoxdur. Azərbaycanın ən parlaq ziyalısı Rüstəm İbrahimova qarşı vəfatından 3 il sonra qaralama kampaniyası aparılır. Bəri başdan deyim ki, özünüzü yormayın, nə ziyalı forumunun, nə Milli Şuranın nə Rüstəm bəyin vaxtında, nə də ondan sonra Rusiya hakimiyyəti, ümumiyyətlə Rusiya ilə heç bir bağlılığı olmayıb. Hələ Milli Şura və Ziyali Forumundan əvvəl məhz Rusiya hökumətinə, Putin siyasətinə yanaşma fərqinə görə Rüstəm müəllim uzun müddət əməkdaşlıq etdiyi Nikita Mixalkovdan ayrılmışdı. Adını çəkməklə Putin avtoritarizmini tənqid etdmişdi.

Azərbaycandakı müsabilərində Ramiz Mehdiyev və Əli Həsənovu kəskin tənqid etmişdi. Bunlar hamızı saytlarda var. Baş tutmayan “Milyarderlər ittifaqı” ətrafında əfsanələr uydurulur. Bu ittifaqın ən zəngiz figuru İlham Əliyevin hələ o vaxtı qüvvədə olan qudası Araz Ağalar idi. Son illər də hökumət ona Abşeron yarmadasında 60 milyardlıq bir layihə verib.  Əgər bu ittifaq Azərbaycanıın əleyhinə iş aparırdısa burada Ağalarovların yeri harada idi?

Ziyalı Forumuna qarşı 2012-cü ildə Azərbaycan “ictimaiyyətini”  məhz Ramiz Mehdiyev səfərbəy etmişdi və yalnız Bakı Dövlət Universitetinin 246 nəfər akademik, professor və doktorunun Forum əleyhinə müraciəti “Azərbaycan” qəzetində dərc edilmişdi, İsa Həbibbəyli Ziyalı Forumu əleyhinə həmin qəzetdə yekə bir yazı yazmışdı. Sadəcə olaraq bunlara baxmaq lazımdır. Əlimiz qələm tutandan Rusiyaya qarşı yazırıq, çıxışlar edirik.

2022-ci ilin fevral ayının 22-də Rusiya ilə qeyri bərabər “İttifaq Bəyanatı” imzalayan Azərbaycan hökumətini, İlham Əliyevi kəskin tənqid etmişik və sair. Bu sənədə görə ölkənin daxili və xarici siyasətinin Rusiya ilə  koordinasiya edilməsini səhv adıım hesab etmişik. Narişkinin səfəti zamanı Rusiya ilə birlikdə Azərbaycan müxalifətinə qarşı birgə mübarizə aparmaq barədə razılığa gəlməyi milli maraqlara zidd hesab etmişik. Rusiya qarşı 30-40 ildir mübarizə aparan biz, indi gülməli də olsa bizi Rusiya ilə “şübhəli” əlaqədə şantaj edirlər.

Bir dostumuz da  iddia edir ki, Avropa Şurası Milli Şuranı Rusiya Projesi hesab edirdi. AŞ hansı sənədində, AŞPA rəsmiləri hansı açıqlamalarında bunu ifadə edib? Əgər bir hökumət yanlısı bunu deyibsə, siz araşdırdınızmı, AŞ-dan rəsmi mövqe aldınızmı. Yəni bunları etməyəndə bir yalan digər yalanlar üçün “tarixi mənbəə” rolu oynayır.

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyəli fermerdən Azərbaycana özünəməxsus təbrik – Video

redaktor

Putin infarkt keçirib, son anda həyata qaytarılıb.

admin

Putin bombardmançı təyyarəni havaya qaldırdı: Peskov SİRRİ AÇMADI

admin