Keçən il azərbaycanlı alimlərin yırtıcı jurnallarla əməkdaşlığı barədə monitorinq aparmışdım. Yadınızda olar yəqin. Düşünürdüm ki, ən azından məsələ ictimailəşmiş olar, bəlkə kimsə görər, deyər, etməyin eləməyin. Heç nə olmasa da, kimsə axtarış edəndə qarşısına çıxar. Tarixdir, qalar oralarda bir yerdə.
Məqalənin dərcindən hardasa 20 ay keçib, dedim görüm bu müddət ərzində nə dəyişib. Heç olmasa adını çəkdiyim universitetlər bir tədbir görüblərmi. Kimə deyirsən? Köhnə hamam, köhnə tas. Bu qədər sözü daşa, qayaya desəydim, çox güman indiyə nəticə almışdım. Nəinki bizim universitetlərə.
Hətta BDU, ADPU və ADNSU daha da coşub, müəllif saylarını 2-3 dəfə artırıblar. Hiss olur ki, bu universitetlərdə ümumiyyətlə baxan yoxdur ki, kim harda nə məqalə dərc edir. Sadəcə yola verirlər hər şeyi.
Deyirəm ki, ay professor, ay dosent, ay fəlsəfə doktoru, bu 3 jurnal yırtıcıdır, maşennikdir. Səndən pul qopartmağa çalışır. Orda məqalə dərc eləməyin heç bir elmi tərəfi yoxdur, gözünün nurunu, vaxtını sərf etdiyin yazılarını ora göndərib, əziyyətini heyf eləmə. Hələ üstündə pul da verib, kiminsə cibini doldurma. Heç olmasa yaz google-də axtar gör nədir bunlar. Başa düşən yoxdur.
Deyirəm ki, ay universitet rəhbərliyi, müəllif ha başa düşmür, oxumur, amma sən ki, öz adını görüb narahat olursan. Nə çətin işdir, məlumat vermək ki, bu məqalələr yırtıcıdır, uzaq durun onlardan.
2024-cü ilin aprelindən bu yana azərbaycanlı alimlər düz 12 min avro pulu bu yırtıcı jurnallara xərcləyiblər. Hələ bu rəqəm mənim ortaya çıxardığım 3 jurnal üzrə olan nəticədir. Gör indi real vəziyyət necədir. Hətta BDU-nun bir tələbəsi 360 avro, ATU-nun fəlsəfə doktoru 480 avro xərcləyib bu jurnallara. Nəticə isə sadəcə 0.
Bu yırtıcı jurnallar artıq Hərbi Elmi Tədqiqat İnstitutu (Müdafiə Nazirliyi), Heydər Əliyev adına Hərbi İnstitut, Milli Müdafiə Universiteti, Milli Nüvə Tədqiqatları Mərkəzi (Rəqəmsal İnkişaf Nazirliyi), Aerokosmik Tədqiqatlar Agentliyi (Müdafiə Sənayesi Nazirliyi) kimi strateji yerlərin tədqiqatçı heyətinə çıxış əldə ediblər. Bu gün pullarını və məqalələrini alırlar, sabah daha ciddi şeyləri alacaqlar. İş işdən keçəndən sonra da camaatın balasını bədbəxt edəcəklər.
Daha necə izah edək, nə deyək ki, bu adamlar başa düşsün.
