Azərbaycan Respublikası 1991-ci ildə SSRİ-nin süqutu ilə müstəqilliyini bərpa edib və kommunist rejimini rədd edib. Bugün Azərbaycan müstəqildir, suverendir, özünəməxsus üçrəngli bayrağı var.
Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda on minlərlə şəhid verilib.
Bir neçə gün əvvəl Bakıda keçmiş Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) və Azərbaycan SSR bayrağı qaldıraraq yürüş keçirməyə cəhd göstərən şəxslər polis tərəfindən saxlanılıb.
Saxlanılan şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı “kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təşviq edən kitablar, CD-disklər və müxtəlif elektron cihazlar” götürülüb.
Götürülən materiallar arasında “radikallığı təşviq edən kitablar”ın olmasına görə istintaq həmin qrupun fəaliyyətini təkcə ideoloji yox, həm də ictimai təhlükəsizlik və radikalizm aspektindən araşdırmalıdır.
Əgər həmin qrupun başqa bir dövlətin maliyyəsi ilə fəaliyyət göstərməsi müəyyən olunarsa, bu hadisə həm də siyasi və milli təhlükəsizlik müstəvisində qiymətləndirilməlidir.
SSRİ bayrağı və ya kommunist ideologiyası ilə çıxış edən qrupların fəaliyyəti regionda separatizm və revanşizm ideologiyasını dirçəltmək cəhdidir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası ölkənin milli ideologiyasının və xalq birliyinin əsas prioritetidir. Köhnə simvolların təbliği bu birliyi zəiflətməyə, cəmiyyətdə qütbləşmə yaratmağa xidmət edir.
Kimsə on minlərlə şəhidin qanı bahasına qazanılmış müstəqillik ideallarına zidd sayılan simvollar və ideologiya yaymaq istəyərsə, sərt və ağır cəzalar verilməlidir.
