Ərdoğan uzun müddət Türkiyədə rəqabətli avtoritarizm modelini ustalıqla tətbiq etdi.
Ancaq artıq yeni mərhələyə, hegomon partiyalı sistemə keçid etməkdə israrlıdır.
2023 seçkilərində qazanılan nəticə Ərdoğana bu keçidi başlatmaq üçün lazım olan son mandatı verdi. İndi o, sadəcə hakimiyyətdə qalmaq istəmir – rəhbərlik etdiyi AKP-nin rəqibsiz, tək güc mərkəzi kimi möhkəmlənməsini hədəfləyir. Məqsəd, formal demokratiya çərçivəsində real alternativsiz bir sistemin qurulmasıdır. Yəni, Rusiya, Venesuela və Macarıstan kimi hegemon partiyalı rejimlərə bənzər modelin Türkiyəyə uyğunlaşdırılması.
Son günlərdə Türkiyədə baş verənlər, xüsusilə də CHP-nin İstanbul təşkilatına qarşı məhkəmə müdaxiləsi və qəyyum təyinatı cəhdi , bu böyük oyunun sadəcə bir parçasıdır. Ərdoğan təkcə hakimiyyətdə qalmaq istəmir, o həm də rəqibsiz qalmaq istəyir. Təbii, Türkiyədə yenə seçki olacaq, amma seçim olmayacaq. Çünki Ərdoğan artıq heç kimlə bölüşmək istəmədiyi bir Türkiyə qurur.
Əgər bu strategiya uğurla həyata keçirilərsə, Türkiyədə artıq təmsil olunan yox, idarə olunan xalq modeli qurulacaq.
Ən təhlükəlisi isə budur: bu sistem bir dəfə qurulandan sonra, sıravi seçicinin, vətəndaş cəmiyyətinin və hətta partiya daxilindəki narazıların belə təsir imkanları sıfırlanacaq.
Avtoritar hegemonluq yavaş-yavaş, “qanunla”, “təşkilati nizamla” və “məhkəmə qərarıyla” qurulur, sonda isə onun qurulmasının iştirakçılarını da hədəfə alaraq həqiqi tək adam rejiminə çevrilir.
Biz bunun acı təcrübəsini öz ölkəmizdə yaşamışıq.