28 C
Bakı
17 Avqust 2025 19:21
DünyaGündəmSiyasət

Avtoritarizmin külündə doğan demokratiya: Nikol Paşinyan

Cənubi Qafqaz onilliklərdir ki, avtoritarizmin, saxta seçkilərin və zorakılığın hökm sürdüyü bir regiondur. Burada hakimiyyət dəyişikliyi çox vaxt xalqın iradəsi ilə deyil, qapalı siyasi oyunlar və xarici müdaxilələrlə baş verib. Belə bir mühitdə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişi və mövqeyini qoruması region üçün yeni demokratik ümid yaratdı.

2018-ci ilin yazında Ermənistanın “Məxməri inqilabı” minlərlə vətəndaşın küçələrə çıxaraq korrupsiyaya və oliqarxların hökmranlığına etiraz etməsi ilə başladı. Bu prosesin ən diqqətçəkən cəhəti zorakılığın olmaması idi: hakimiyyət dəyişdi, amma qan tökülmədi. Paşinyan xalqın iradəsi ilə hakimiyyətə gəldi və bu, Cənubi Qafqaz üçün nadir bir hadisədir.

2020-ci ilin Qarabağ müharibəsi Ermənistan üçün ağır nəticələr doğurdu. Məğlubiyyətdən sonra Paşinyanın istefasını tələb edən qüvvələr küçələrə çıxdı. Əksər postsovet liderləri belə bir vəziyyətdə repressiyalara əl atardılar, amma Paşinyan fərqli yol seçdi: məsuliyyəti üzərinə götürdü və növbədənkənar seçkilərə getdi. Bu seçkilərdə də o, xalqdan mandat aldı və demokratiyanın əsas prinsipi, “hakimiyyətin mənbəyi xalqdır”, təsdiqləndi.

Paşinyan bütün siyasi karyerası boyunca bir sadə həqiqəti nümayiş etdirib: “Xalqın seçdiyi, xalqdan qorxmaz.” Onun nümunəsi göstərir ki, demokratik idarəetmə yalnız Qərb ölkələrinə deyil, Cənubi Qafqaz regionuna da uyğun bir model ola bilər. Məğlubiyyət və böhran anında belə, demokratiya qorunmalıdır; avtoritar ənənələrin güclü olduğu regionda da dəyişiklik mümkündür.

Paşinyan sanki yanmış səhrada bitən bir yaşıl çinar ağacıdır. Bu çinar, bütün Cənubi Qafqaz xalqları üçün ümid rəmzidir və gələcəkdə bizdə də belə dəyişikliklərin mümkün olacağına işarə edir.

Bu gün Paşinyanın nümunəsi Cənubi Qafqaz xalqları üçün əsas dərsdir: demokratiya bir seçim deyil, alternativsiz inkişaf yoludur.

 

Bəhruz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

İspaniyada məhbus öz xahişi ilə öldürüldü

admin

Meteorizm nədir?

redaktor

Daha bir ölkə Rusiya avtomobillərinin girişinə qadağa qoyub.

admin