Ermənistan Respublikasının 3-cü Prezidenti (9 aprel 2008–9 aprel 2018) Serj Sarkisyan: “İllərdir ki, əziz 9 may tarixini üçqat bayram kimi qeyd edirdik. Təəssüflər olsun ki, son onilliklərdə qazandığımız şanlı qələbələrimizin sübutu olan bu bayramlardan ikisi – “Şuşi”nin azad edilməsi və “Artsax”ın Müdafiə Ordusunun yaradılmasının ildönümü Ermənistanın mövcud antimilli siyasətçilərinin itkiləri ucbatından əldən gedib. Bizim şanlı qələbələrimiz oldu və bu qələbələr gələcək nəsilləri yeni cəsarətli işlər görməyə, zəfər bayramlarımızı bərpa etməyə səsləyir”.
Gördüyünüz kimi, Xocalı qatili Serj Sarkisyan erməni gəncliyini revanşa səsləyir. Yəni Şuşi dediyi əziz Şuşamızı geri almaq arzusu ilə yaşayır. Təbii ki, Şuşanı almaq üçün də ermənilər Azərbaycanın xeyli ərazisini yenidən işğal etməlidir…
Yadımdadır, bir dəfə Serj Sarkisyan Azərbaycan torpaqlarının işğalı ilə bağlı dedi ki, biz öz işimizi gördük, bizdən sonra gələn nəsillər də öz işini görməlidir. Yəni Azərbayanın yerdəqalan ərazilərini də onlar işğal etməlidir. Serj Sarkisyan “Qərbi Ermənistan” dediyi Türkiyə torpaqlarına da göz dikməsi təzə söhbət deyil…
Azərbaycan var gücü ilə Serj Sarkisyan və Robert Koçaryanın Ermənistandan Bakıya ekstradisiya olunmasına can atmalıdır. Erməni faşizminin bədnam rəhbərlərini bütün dünyanın gözü qarşısında Bakıda mühakimə etmək lazımdır…
O da maraqlıdır ki, Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qaregin (1951) də Serj Sarkisyan kimi “Şuşi”dən və “Artsax” Müdafiə Ordusundan söhbət açıb. Bakıda mühakimə olunan erməni separatçılarına görə dua etdiklərini bildirib. II Qaregin də Serj Sarkisyan kimi erməni faşizminin mənəvi atalarından biridir…
Elbəyi Həsənli
Tacxber.com