“Politoloq Vəfa Quluzadə mənim doğma xalam oğludur. Anam onu çox istəyirdi. Ona “atam-atam” deyirdi. Vəfa Quluzadə evlənəndə anam “Evimizə gəlin gəlir” şeirini yazdı. Sonralar bu şeirə Ağabacı Rzayeva mahnı bəstələdi. Biz uşaqlıqdan Vəfa ilə bir yerdə böyümüşdük. Onunla bacı-qardaş kimi idik. Vəfanın bir oğlu, bir qızı var idi. Oğlu ondan əvvəl rəhmətə getdi. Vəfa bu dərdə dözmədi. Bir müddət sonra dünyasını dəyişdi. Bu gün Vəfanın ailəsi ilə heç bir əlaqəm yoxdur. Allah ona qəni-qəni rəhmət etsin”.
Tacxeber.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi deyib.
“Anamın sözlərinə bəstələnmiş mahnılar çoxdur. Çıxıb efirdə utanmaz-utanmaz mahnını oxuyur, demir ki, bu sözləri kim yazıb. Mənim nə yaşım var, nə də həvəsim onlarla mübarizə aparım. Elələri də var ki, tanınmayanda götürüb oxuyub, indi artıq “ulduz” olub. Mən istəsəm, onlara qadağan da edərəm. Amma bilirəm ki, nəticəsi, təsiri olmayacaq”, – deyə o bildirib.