MDB-nin Baş katibi Sergey Lebedev bildirib ki, İran bu formatda iştirakçı statusu əldə edən ilk dövlət ola bilər. Onun sözlərinə görə, məsələ hazırda müzakirə olunur və təşəbbüs MDB üzvü olan ölkələr tərəfindən əsasən müsbət qarşılanıb.
Əslində, bu məsələnin gündəmə gəlməsi təsadüfi deyil. Belə ki, İran Prezidenti Məsud Pezeşkianın 2026-cı il oktyabrın 9-da Türkmənistanın Avaza şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının sammitində birliyə üzv ölkələr ilə İran arasında “MDB+1” adlı əməkdaşlıq mexanizminin yaradılmasını təklif etmişdi. O qeyd etmişdi ki, bu format ticarət, investisiya, texnologiya, enerji və nəqliyyat sahələrində regional əməkdaşlığı genişləndirə bilər.
“MDB+” formatının yaradılması ilə bağlı qərar 2025-ci il oktyabrın 10-da Düşənbədə keçirilən sammitdə qəbul edilib. Bu mexanizm MDB üzvü olmayan dövlətlərin və beynəlxalq təşkilatların Birliklə əməkdaşlığa cəlb edilməsini nəzərdə tutur. Misal üçün, Şanxay Əməkdaşlıq Təşkilatına MDB yanında müşahidəçi statusu verilib. İranın təşəbbüsü qəbul olunarsa, Tehran MDB-nin yeni əməkdaşlıq mexanizmində iştirak edən ilk dövlət olacaq.
Ümumiyyətlə, günlərdir bu hadisə İranın MDB-yə qoşulması kimi şərh edilir. Halbuki İranın MDB-yə qoşulması kimi görünən proses, əslində, daha fərqli siyasi və iqtisadi məzmun daşıyır.
MDB 1991-ci ildə SSRİ-nin dağılmasından sonra yaranmış regional əməkdaşlıq təşkilatıdır. Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Moldova Birliyin tamhüquqlu üzvləridir. Türkmənistan isə assosiativ üzv statusunda iştirak edir. Moldovanın təşkilatın fəaliyyətində iştirakı son illərdə ciddi şəkildə məhdudlaşdırılıb.
MDB-nin əsas məqsədi üzv dövlətlər arasında iqtisadi, siyasi, humanitar, nəqliyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığı qorumaq və inkişaf etdirməkdir. MDB-yə üzv olmaqla MDB+ formatında iştirak etmək eyni şey deyil.
Tam üzvlük dövlətin Birliyin nizamnaməsinə uyğun olaraq üzərinə müəyyən öhdəliklər götürməsi, təşkilatın institusional mexanizmlərində iştirak etməsi və qərarların qəbulunda tamhüquqlu tərəf olması deməkdir. “MDB+” isə daha çevik əməkdaşlıq mexanizmidir. Bu format təşkilata üzv olmayan, lakin MDB ölkələri ilə iqtisadi və siyasi əlaqələrini genişləndirmək istəyən dövlətlərə imkan yaradır ki, Birliyin fəaliyyətində müəyyən istiqamətlər üzrə iştirak etsinlər. Başqa sözlə, bir dövlət MDB-nin tamhüquqlu üzvü olmadan da onunla genişmiqyaslı əməkdaşlıq qura bilər. Bu, xüsusilə təşkilata üzv olmaq istəməyən, lakin postsovet ölkələri ilə iqtisadi və siyasi əlaqələrini inkişaf etdirmək istəyən dövlətlər üçün əlverişli modeldir.
Əslində, MDB bununla öz coğrafi və siyasi təsir dairəsini genişləndirməyə çalışır. Yəni təşkilat yalnız keçmiş SSRİ respublikaları arasında əməkdaşlıq platforması olaraq qalmaq istəmir, ətraf regionlardakı dövlətləri də öz iqtisadi və siyasi gündəliyinə cəlb etməyə çalışır.
Tehran “MDB+” formatında iştirak etmək istəyir. Yəni İran MDB-nin üzvü olmayacaq, lakin Birliklə xüsusi tərəfdaşlıq mexanizmi çərçivəsində əməkdaşlıq edəcək. Bu fərq İran üçün də, MDB ölkələri üçün də əhəmiyyətlidir. Çünki İranın MDB-yə tamhüquqlu üzvlüyü daha geniş siyasi və hüquqi məsələləri gündəmə gətirərdi.
Sergey Lebedevin açıqlamasına görə, İranın statusu ilə bağlı məsələ hələ nəzərdən keçirilir. Deməli, hazırda söhbət qəbul edilmiş yekun qərardan yox, siyasi təşəbbüsün müzakirəsindən gedir.
İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?
Tehranın bu təşəbbüsə maraq göstərməsi təsadüfi deyil. İran son illərdə xarici siyasətində regional əməkdaşlığa, Avrasiya məkanına inteqrasiyaya və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların iqtisadi təsirlərini azaltmağa xüsusi diqqət yetirir.
İran üçün MDB+ formatının əsas üstünlüyü yeni iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi ola bilər.
İlk növbədə, ticarət məsələsi ön plana çıxır. MDB ölkələri İran üçün geniş bazar deməkdir. Bu dövlətlərlə iqtisadi əlaqələrin dərinləşdirilməsi İranın ixrac imkanlarını artıra, kənd təsərrüfatı, sənaye, neft-kimya və digər sahələrdə yeni əməkdaşlıq layihələrinə yol aça bilər.
İkinci mühüm istiqamət nəqliyyat və logistika məsələsidir.
İran coğrafi mövqeyinə görə Avropa, Qafqaz, Mərkəzi Asiya, Fars körfəzi və Hind okeanı arasında mühüm tranzit ölkədir. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də bu baxımdan Tehranın strateji maraqlarına xidmət edir.
MDB ölkələri ilə əməkdaşlığın genişlənməsi İranın tranzit potensialını artırmaq, yükdaşımaların həcmini genişləndirmək və regionun nəqliyyat şəbəkəsində mövqeyini gücləndirmək imkanı yarada bilər.
Üçüncü istiqamət enerji əməkdaşlığıdır.
İran böyük neft və qaz ehtiyatlarına malik dövlətdir. MDB məkanında da enerji resursları ilə zəngin ölkələr var. Burada rəqabətlə yanaşı, əməkdaşlıq üçün də ciddi imkanlar mövcuddur.
Onuda deyim ki, Pezeşkian Avaza sammitində vahid enerji şəbəkəsinin yaradılması ilə bağlı fikir səsləndirmişdi. İran prezidentinin yanaşmasına görə, ölkələr enerji bazarında bir-birini sıxışdırmaq əvəzinə, istehsal və təchizat məsələlərini əlaqələndirməlidir. Bu, elektrik enerjisinin mübadiləsi, qaz və neft nəqli, enerji infrastrukturunun inkişafı və regional enerji bazarının formalaşdırılması baxımından yeni imkanlar yarada bilər.
Digər mühüm məsələ maliyyə hesablaşmalarıdır. İran uzun müddətdir beynəlxalq maliyyə məhdudiyyətləri ilə üzləşir. Bu səbəbdən Tehran milli valyutalarla hesablaşmaların genişləndirilməsində, alternativ ödəniş mexanizmlərinin yaradılmasında və barter ticarətində maraqlıdır.
MDB ölkələri ilə bu sahədə əməkdaşlıq İranın xarici ticarətində manevr imkanlarını artıra bilər.