Noyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin işi üzrə növbəti iclas keçirilib. Prosesdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və qızı Kamilə Əliyeva şahid qismində dindirilib.
Tacxeber.com “Meydan TV”yə istinadən xəbər verir ki, Ramiz Mehdiyev iclasa videokonfrans vasitəsilə qatılıb. Qapalı keçirilən prosesdəki ifadələrin məzmunu barədə məlumatlar məhkəmədən xəbərdar mənbələrə istinadən yayılıb.
Həmin məlumatlara görə, Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını bildirib, dövlət çevrilişinə hazırlaşması barədə iddiaları rədd edib. O, işdə adı keçən məktubun İlham Əliyevə ünvanlandığını və tövsiyələrindən ibarət olduğunu deyib.
Mehdiyev köməkçisi Eldar Əmirov vasitəsilə kiməsə məktub və ya pul göndərmədiyini də bildirib.
Kamilə Əliyeva isə Əli Kərimlini qiyabi tanıdığını, ailəsinin onunla əlaqəsinin olmadığını söyləyib. O da məktubun atasının İlham Əliyevə ünvanladığı müraciət olduğunu qeyd edib.
Yayılan məlumata əsasən, şahidlərin dindirilməsi başa çatıb. Dekabrın 1-də iş materiallarının tədqiqinə başlanılması nəzərdə tutulur.
