Alman dilində Holz taxta, Kopf isə baş deməkdir. İkisini birləşdirəndə alınır Holzkopf — bizim «taxtabaş». Biz birinə acıqlananda «Ay taxtabaş!» deyirik. Alman da deyir: Du Holzkopf!
Başqa belə sözlər də var. Çətin anda özünü itirməyən adama biz «soyuqqanlı» deyirik, almanlar da kaltblütig. Bizdə soyuq + qan + lı, onlarda kalt + Blut + ig. Hər iki dildə insanın təmkini qanın soyuqluğu ilə ifadə olunur.
Başını kitabdan qaldırmayan adama biz «kitab qurdu» deyirik, almanlar isə Bücherwurm. Bücher kitablar, Wurm qurd deməkdir. Biz ayrı yazırıq, onlar bitişik. Qurd isə həmin qurddur.
Mərhəmətsiz adam haqqında biz «ürəyi daşdandır» deyirik. Alman da Er hat ein Herz aus Stein deyir. Sözbəsöz çevirəndə «onun daşdan ürəyi var» alınır.
Bir də «buzqıran» sözümüz var. Bizdə buz + qıran, almancada Eis + Brecher. Buzları yarıb yol açan gəmini hər iki dil gördüyü işə görə adlandırıb.
Mənə ən maraqlı gələn yenə də «taxtabaş»dır. Teleaparıcı Kamran Həsənlini dinləyəndə bu söz tez-tez qulağıma dəyir. Mənim müşahidəmə görə, onun ən çox işlətdiyi sözlərdən biridir. Xüsusən də yabançılara yaltaqlanmaqda qınadığı adamlara «taxtabaş» deyir.
Kamran bəy, arada «taxtabaş» əvəzinə Holzkopf da deyə bilərsən. Həm sözü dəyişmiş olarsan, həm də taxtabaş elə taxtabaş qalar…
