Fira Cəlilovanın gecə saatlarında paylaşdığı videoya baxdım. “Kömək edin, evimə oğru girib, 30 min manatlıq qızılımı aparıblar, anam qorxur, mən qorxuram” deyərək ictimaiyyətə müraciət edir. İlk baxışdan insanın ağlına evə basqın və ya qarət hadisəsi gəlir. Lakin sonradan mətbuatda yayılan məlumatlar tamamilə başqa mənzərə ortaya qoydu.
Məlum olur ki, onun Novxanıdakı bağ evində uzun müddətdir axtarışda olan, müxtəlif cinayətlərlə əlaqələndirilən və əvvəllər məhkumluq həyatı yaşamış Əlihüseyn Hüseynov gizlədilirmiş.
İndi isə Fira xanıma bir sualım var: Evinizdə 10 gündən artıq gizlətdiyiniz, barəsində axtarış elan edilmiş şəxsdən qorxmurdunuz, bəs həmin şəxsi qanun qarşısında cavab verməyə gətirmək üçün gələn polisdən niyə qorxurdunuz?
Əgər polis əməkdaşları əməliyyat məlumatı əsasında qanuni vəzifələrini yerinə yetirirdilərsə, onları ictimaiyyətə oğru və ya evə basqın edən şəxslər kimi təqdim etmək nə dərəcədə doğrudur?
Mən bu əməliyyatı həyata keçirən polis əməkdaşlarının yanındayam və onların fəaliyyətini açıq şəkildə dəstəkləyirəm. Polis cinayətkarlığa qarşı mübarizə aparır, axtarışda olan şəxsləri müəyyən edir, cəmiyyətin təhlükəsizliyini qoruyur. Belə məqamlarda polisə dəstək olmaq hər birimizin vətəndaşlıq mövqeyi olmalıdır. Bu səbəbdən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə bir daha təşəkkür edirəm.
Fira Cəlilovanın ictimaiyyət qarşısında paylaşdığı videoya və hadisənin sonradan üzə çıxan təfərrüatlarına hüquqi qiymət verilməlidir. Əgər o, həqiqətən də axtarışda olan şəxsin evində gizlədilməsində bilərəkdən iştirak edib və polis əməkdaşlarının fəaliyyətini bilərəkdən yanlış təqdim edibsə, bu məsələlər araşdırılmalı və qanunvericiliyə uyğun məsuliyyət məsələsi həll olunmalıdır.
Bir daha deyirəm: Tanınmış aparıcı olmaq heç kimə qanundan üstün olmaq hüququ vermir!
Polisə böhtan atmaq, hüquq-mühafizə orqanlarının fəaliyyətini gözdən salmaq və mümkün qanun pozuntularını məşhurluğun arxasında gizlətmək yolverilməzdir.
Mən polisin yanındayam! Qanunun yanındayam!
