Rusiya hökuməti reaktiv mühərriklər üçün yanacağın ölkədən çıxarılmasına qoyulan qadağanı uzadıb. Məhdudiyyət 2026-cı il dekabrın 1-dən 2027-ci il martın 31-dək qüvvədə olacaq.
Tacxeber.com “Dojd” telekanalına istinadən xəbər verir ki, baş nazir Mixail Mişustinin imzaladığı qərar birja hərraclarında alınan aviakerosinə də şamil edilir. Sənəddə qərarın ölkənin enerji təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edildiyi bildirilir.
Qadağa hökumətlərarası sazişlər üzrə tədarüklərə, humanitar yardımlara və xaricdəki hərbçilərin təminatına aid olmayacaq. Qərarda “xidməti istifadə üçün” qeydi ilə göstərilən üç qapalı istisna bəndi də var.
Hökumət məhdudiyyətin daxili yanacaq bazarında sabitliyin və fasiləsiz təchizatın qorunmasına yönəldiyini açıqlayıb. Əvvəlki qadağanın müddəti noyabrın 30-da başa çatır.
Bu arada, neft-qaz bazarı üzrə müstəqil məsləhətçi Boris Aronşteyn “Dojd”un efirində Rusiyanı ağır “yanacaq qışı”nın gözlədiyini bildirib. Onun fikrincə, qış dizelinin istehsalı ilə bağlı çətinliklər xüsusilə Şərqi Sibir, Uzaq Şərq və şimal bölgələrinə təsir göstərə bilər.
Baş nazirin müavini Aleksandr Novak da yanacaq bazarındakı vəziyyəti “gərgin” adlandıraraq bunu neft emalı zavodlarında təmir işləri ilə əlaqələndirib.
