Hörmətli Rauf bəy, yazıma cavabında deyirsən:
Hazırda Azərbaycanda son 108 ilin, Azərbaycan adlı dövlət mövcud olandan bəri, ən nəticəvi iqtidarına rəhbərlik edən adam iş başındadır. Çox ciddi iki müharibəni (2020, 2023) udub, ərazi bütövlüyümüzü təmin edib, bizi məğlubiyyət sindromundan çıxarıb.
Qarabağ zəfərinin tarixi qiymətində fikrimiz üst-üstə düşür. Dəfələrlə yazmışam, bu gün də təkrar edirəm. Azərbaycan əsgərinin və zabitinin qanı, ağlı və cəsarəti ilə qazanılan o qələbədə Ali Baş Komandan İlham Əliyevin müstəsna xidməti var. Ordunun haqqını vermək üçün ona rəhbərlik edən adamın haqqını niyə danım? Mən o zəfərin sevincini doğulduğum Zəngilanın, kəndimiz Babaylının azadlığı ilə yaşamışam. O günün mənim üçün nə demək olduğunu sən yaxşı bilirsən. Bu qələbəni bütövlükdə türk tarixinin böyük hadisələrindən sayıram və ona görə İlham Əliyevin qarşısında ehtiramla baş əyirəm.
Amma sən «son 108 ilin ən nəticəvi iqtidarı» deyəndə mənim də bir sualım var. Nəticəni hansı sahədə ölçürük? Ərazi bütövlüyündən danışırıqsa, cavabım aydındır. Gəl, vətəndaşın dolanışığına, məhkəmədə haqqını, seçkidə səsini qoruya bilməsinə də eyni açıqlıqla baxaq. Elə media azadlığından başlayaq. Mən niyə 23 ildir mühacirətdə yaşayıram? Niyə bu gün də Azərbaycanda sözünü demək istəyən adam ailəsinin gələcəyini ölkədən kənarda qurmaq barədə düşünür?
İqtidarda nüfuz sahibi olan adamlar dəfələrlə mənə deyiblər ki, Elbəyi bəy, sən yazılarında dövlətin marağından çıxış edirsən. Elədir. Mənim qənaətimə görə, bu gün dövlətin marağı Azərbaycanda təxirəsalınmaz iqtisadi və siyasi islahatlar tələb edir. Bəs bu barədə ölkə mətbuatında niyə açıq müzakirə aparmaq belə çətindir? Səni 2003-cü ilin oktyabrında həbs edəndə həmkarlarının səsini xatırla. 2004-cü ildə sənə beş il həbs cəzası veriləndə Jurnalistləri Müdafiə Komitəsi də hökmü siyasi adlandırıb etiraz etdi. Sabah eyni hadisə baş versə, Azərbaycanda neçə redaksiya sənin müdafiənə əvvəlki açıqlıqla qalxa bilər? Jurnalist həmkarının haqqını müdafiə etməzdən əvvəl öz aqibətini düşünürsə, vay bizim halımıza.
Sənin öz seçki təcrübəni də xatırlayaq. 2020-ci ilin parlament seçkisində 35 saylı Xətai üçüncü seçki dairəsində rəqiblərindən biri Ümid Partiyasının sədri İqbal Ağazadə idi. Əvvəl səni lider namizəd kimi göstərdilər. Sonra Mərkəzi Seçki Komissiyası pozuntuların seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan vermədiyi qənaətinə gəldi və dairə üzrə nəticəni ləğv etdi. Rauf bəy, sən həmin seçkiyə namizəd kimi qatılmışdın. Mən də səndən bir jurnalist kimi soruşuram: vətəndaşın verdiyi səsin taleyinə görə siyasi məsuliyyət harada başlayır, harada bitir? Bütün məsuliyyəti MSK sədri Məzahir Pənahovun üzərinə qoymaqla bu suala cavab vermiş oluruqmu? Axı hamımız bilirik ki, deputat mandatını Məzahir Pənahov paylamır.
ASAN xidmət məsələsində də səninlə razıyam. Mən özüm illərdir Prezidenti bu təcrübəni başqa dövlət qurumlarına yaymağa çağırıram. ASAN göstərdi ki, Azərbaycanda vətəndaşı qapılarda süründürmədən də dövlət işi görmək mümkündür. İndi özünü həmin vətəndaşın yerinə qoy. Sənəd almağa gedəndə vaxtına, ləyaqətinə hörmətlə yanaşırlar. Bir məmurdan məhkəməyə şikayət edəndə niyə özünü eyni dərəcədə arxayın hiss edə bilmirsən? Vətəndaş bir idarədə gördüyü hörməti başqasında da görmək üçün daha neçə il gözləməlidir?
Yazırsan ki, 2019-cu ildə böyük dəyişikliklərə başlanıb, müharibələr, Rusiya və İranla bağlı təhlükələr daxili islahatları arxa plana keçirib. Bu təhlükələrin ciddiliyini anlayıram. Amma İlham Əliyev 2003-cü ildən ölkəyə rəhbərlik edir. Artıq 23 il keçib. Hansı xarici təhlükə sahibkarı inhisardan qorumağa mane olur? Büdcədən xərclənən pulu araşdıran jurnalistin sərbəst işləməsi üçün Moskvanın, yoxsa Tehranın razılığı lazımdır? Seçki məntəqəsində səslərin dürüst sayılması barədə qərar harada verilməlidir? Bunlar Bakının öz səlahiyyətində olan məsələlərdir.
Gəl, iqtisadi nəticəyə də baxaq. Dünya Bankının məlumatına görə, 2025-ci ildə Gürcüstan iqtisadiyyatı 7,5 faiz, Ermənistan iqtisadiyyatı 7,2 faiz, Azərbaycan iqtisadiyyatı isə 1,4 faiz böyüyüb. 2026-cı ilin ilk doqquz ayında da mənzərə oxşardır. Gürcüstanda artım 7,4 faiz, Ermənistanda ilkin rüblük göstəricilər əsasında təxminən 5,9 faiz, Azərbaycanda isə 1,5 faiz olub. Bizdə neft-qaz sektorundakı geriləməni səbəb göstərə bilərsən. Amma öz Dövlət Statistika Komitəmizin məlumatına görə, qeyri-neft-qaz sektorunda da artım 2,6 faizdir. Neftdən sonrakı gələcəyimizi bağladığımız sahə belə hər iki qonşunun bütövlükdə iqtisadiyyatından daha yavaş böyüyür.
Türk dövlətləri ilə müqayisə də ürəkaçan deyil. Öz İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzimizin icmalına görə, 2025-ci ilin ilk doqquz ayında Azərbaycan iqtisadi artım tempinə görə Türk Dövlətləri Təşkilatının beş üzvü arasında sonuncu yerdə olub. Rauf bəy, mən jurnalistikanı səndən öyrənmişəm. İndi bu rəqəmləri oxuyub narahatlığımı dilə gətirəndə niyə kiməsə qoşulmuş sayılıram?
Vurğuladığım bu fərqin bir ailə üçün mənası sadədir. Ata-ana istəyir ki, övladı öz ölkəsində iş tapsın, qazancı ilə ev-ailə saxlasın, hər gözlənilməz xərc çıxanda borc axtarmasın. İllərlə qonşularımızdan belə geri qalsaq, sabah Zəngilandan, Gəncədən, Bakıdan bir gəncin dolanışıq üçün Tiflisə, hətta İrəvana üz tutmasına niyə təəccüblənək? Orada işləmək heç kəsə əskiklik gətirməz. Məni ağrıdan budur ki, bu qədər sərvəti olan ölkə öz övladına həmin imkanı evində yarada bilməsin.
Əli Kərimli barədə yazdığın bir sözün də üstündən keçə bilmirəm. Deyirsən, məhkəmənin dəhlizində iki nəfərin onun qolundan tutub apardığını gördün, bir insan kimi pis oldun. Ardınca da yazırsan: «Zəifmiş…» Rauf bəy, sən Əli bəyin o dəhlizdə necə yeridiyini görmüsən. O anda nəyə dözdüyünü yalnız özü bilir. Sən həbsdə iradəni qoruyub iki kitab yazmısan. Bunun qədrini bilənlərdən biri də mənəm. Amma sən o vaxt daha gənc idin. İndi sən də, Əli bəy də yaşa dolmusunuz. Bir insanın iradəsi haqqında onun dəhlizdə atdığı bir neçə addıma baxıb necə hökm verək? Özün həbs həyatı yaşamış adam kimi onun həbsinin «xeyrinə» olduğuna necə bu qədər əmin ola bilirsən?
Əli Kərimlinin siyasətini mən də tənqid etmişəm. İstəyim budur ki, o, seçicinin qarşısına çıxa bilsin, səsini qazanarsa, Milli Məclisdə otursun. Ermənistanda bu il müxalifət 105 mandatdan 41-ni qazandı. Gürcüstanda son parlament seçkisinin rəsmi nəticəsinə görə, 150 mandatdan 61-i müxalifətə düşdü. Boykotdan və 49 mandatın ləğvindən sonra parlamentdə müxalifətin 12 yeri qaldı. Azərbaycanda isə AXCP ilə Müsavatın birlikdə bircə mandatı da yoxdur. Hüquq müdafiəçilərinin bu ilin oktyabrında açıqladıqları siyasi məhbus siyahısında 322 nəfərin adı var. Əli Kərimlinin parlamentdə hökumətə sual verməsi dövlət üçün onun həbsdə qalmasından doğrudanmı daha təhlükəlidir?
Deyirsən, «Sonanın uşaqlarına» qoşulmuşam. Bu sözü şəxsi söhbətimizdə də demişdin. Çexiyanın Karlovı Varı şəhərindəki görüşümüz yadımdadır. Onda mənə irad tutdun ki, iqtidarı bloqerlərdən də sərt tənqid edirəm. Ayrılanda birlikdə şəkil çəkdirməyi təklif etdim, razılaşmadın. Mən o vaxt bunu yazılarımla əlaqələndirdim. Açığını deyim, xanımının və oğlumun yanında pərt oldum. Son statusunda isə birgə şəklimizi özün paylaşdın. Buna sevindim. Mustafası o ki, vallah, mən nə Sona xalanı, nə də onun uşaqlarını tanımıram. Mənim öz arşınım, öz dəyərlər sistemim var…
Bilirəm, iqtidarda da, müxalifətdə də büdrəməyini gözləyənlər çoxdur. Mənə görə sənə irad tutanların olduğunu da bilirəm. Sən də məni kifayət qədər yaxşı tanıyırsan. Qarabağın azadlığına sevinən də mənəm, Azərbaycanın bugününü və sabahını düşünən də.
Sonda, icazənlə, birbaşa Prezidentə üz tutum.
Cənab Prezident, mən Sizin Azərbaycanda köklü iqtisadi və siyasi islahatlar aparmağa gücünüz çatdığına inanıram. Elə buna görə də Sizdən daha çoxunu gözləyirəm. Vətəndaşın verdiyi səsin taleyi seçki məntəqəsində həll olunsun. Sahibkarın qazancı özünə himayədar tapmaq bacarığından asılı qalmasın. Hakim hökm çıxaranda Prezident Administrasiyasından gələcək zəngi düşünməsin. Redaktor da səhər işə başlayanda oradan göndəriləcək tezisləri gözləməsin. Qoy hər ikisi qanunun onlara verdiyi sərbəstliklə işləsin və gördüyü işə görə məsuliyyət daşısın.
Qarabağ zəfərinə görə qarşınızda ehtiramla baş əyirəm, cənab Prezident. Qalib xalqın vətəndaşı kimi bu gün Sizdən ədalət və rifah tələb etməyə də haqqım var. Vətəndaşın bu haqqına, lütfən, sayğı göstərin…
