Şimali Koreya lideri Kim Çen In həyat yoldaşı Ri Sol Cu ilə birlikdə Pxenyanda rusiyalı artistlərin konsertinə qatılıb. Proqramda müğənni Larisa Dolina da çıxış edib.
Tacxeber.com “Meduza”ya istinadən xəbər verir ki, Pxenyan Opera Teatrında keçirilən konsert Rusiya ilə Şimali Koreya arasında hökumətlərarası əməkdaşlıq komissiyasının 13-cü iclasına həsr olunub.
Dolina səhnədə “Poqoda v dome”, “Stena” və “Sçastya tebe, Zemlya moya!” mahnılarını səsləndirib. Konsertdən sonra Kim Çen In səhnəyə qalxaraq artistlərə təşəkkür edib.
Bu, müğənninin Şimali Koreyaya ilk səfəri deyil. Dolina 1988-ci ildə də ölkədə qastrolda olub, 2009-cu ildə isə Şimali Koreyanın qurucusu Kim İr Senin doğum gününə həsr olunan “Günəş bayramı” münasibətilə solo konsert verib.
