İddialara görə, İran yenə fili minib. Azərbaycan sərhədləri qarşısına özünün əldən-ayaqdan düşmüş əsgərlərini yığıb bizə əzələ nümayiş etdirir.
İranı idarə edənlərə məsləhətim: Azərbaycana qarşı güc nümayişi etməmişdən qabaq öz tarixlərinə göz gəzdirsinlər.
Vaxtilə (e.ə. VI əsrdə) Əhəməni hökmdarı II Kir də Tomiris anamızı zəif görüb Massaget sərhədləri qarşısına əsgərlərini toplamışdı. Tomiris xatun Kirə mesaj göndərib bildirmişdi ki, döyüşmək istəyirsənsə, çayın arxasında gizlənmə, ya qoşunlarını geri çək, mən Əhəməni ərazisinə daxil olum, ya da mən qoşunlarımı çəkim, sən Massaget ərazisinə daxil ol. Uzun məsləhətləşmələrdən sonra Tomiris xatun qoşunlarını xeyli geri çəkib Əhəməni ordusunun Massaget torpaqlarına girməsinə şərait yaratmışdı. Nəticədə, qana susayan II Kirin kəsilmiş başı bir vedrə insan qanı içərisinə salınmış, gözü doyacaq qədər qan içməklə mükafatlandırılmışdır.
Üzərindən hardasa 1200 il keçəndən sonra farslar görünür, içdikləri qanın dadını unutmuş və Ağ Hun (Eftalitlər) dövlətinin əlinə-qoluna dolaşmağa başlamışdılar. Sasanilərin ən böyük imperatorlarından sayılan Firuz şah (özünə “şahənşah” deyirdi) 3 dəfə Ağ Hunların üstünə hücuma keçmiş, hər dəfəsində də əsir düşüb xərac ödəyərək bağışlanmışdı. Sonuncu hücumu tarixə düşəcək qədər ibarətamiz hadisə ilə xatırlanır. Salnaməçilərin birldirdiyinə görə, 484-cü ildə Ağ Hun xanı Ağsuvar Sasanilərlə döyüş xətti üzərində böyük xəndək qazaraq üstünü bağlamış, az sayda əsgərini düşmən üzərinə göndərmişdi. Döyüşün qızğın anında Ağ Hunların öncül qüvvələri ənənəvi “qurd qapanı” taktikasına uyğun olaraq geriyə çəkilmiş, Sasani qoşunları da onların arxasınca düşmüşlər. Ağ Hunlar xəndəyin ancaq 10-15 nəfər sığa bildiyi hissəsindən keçərək öz ordusuna qovuşmuş, düz xətt üzrə hücum edən və sürətini saxlaya bilməyən Sasani ordusu isə dərin xəndəyə düşüb məhv olmuşdu. Yəni Ağ Hunlar bütün Sasani ordusunu xəndəyə gömmüşdülər. Ardınca da Firuz şahın 3 il Ağ Hun əsarətində qalan oğlu Qubadı hakimiyyətə gətirib bütün Sasaniləri özlərinin vassalına çevirmişlər.
Sasaniləri bu utanverici məğlubiyyətdən xilas edən yenə Göytürk imperiyası olmuşdur. Öz qardaş dövlətinə qarşı Sasanilərlə ittifaq quran Göytürklər Ağ Hunları məğlub edib, ərazilərini düşmən “müttəfiqləri” ilə bölüşdürmüşlər.
Amma Sasanilərin bu uğuru da uzun sürməmişdi. Ağ Hunlara qarşı Göytürklərlə ittifaq quran Xosrov şah 627-ci ildə Bizans imperiyası ilə Ninova savaşında ağır məğlubiyyətə uğramış və Sasani hakimiyyət tarixdən silinmişdi.
Türklərlə əsrlər boyu döyüşlərdə yıxılan pəhləvan güləşə döymaz moduyla savaşan İran 10-cu əsrdən etibarən Türklərin idarəçiliyi altına düşmüş, 1925-ci ildə ingilislərin və rusların himayəsilə öz qondarma hakimiyyətlərini qura bilmişlər. Yenə biz Azərbaycan türklərinin sayəsində.
Amma görünən budur ki, 1000 illik qardaşları olan ermənilər kimi, İran da tarixdən dərs çıxarmaq əvəzinə yenidən qaşınmağa başlayıblar. Eynən II Kir və Firus şah kimi Türkü zəif hesab edib buynuzunu Azərbaycanın qılıncına sürtürlər. Unudurlar ki, Azərbaycanın ən böyük ordu birlikləri elə İranın öz içində yaşayır və onlar böyük səbrsizliklə İran-Azərbaycan qarşıdurmasını gözləyirlər.
İranı idarə edənlər anlamalıdır ki, rəsmi Bakının məqsədi güc yoluyla öz ata-baba torpaqlarına sahiblənmək, qan tökmək olmadığından Tehranın bu axmaq “qəhrəmanlığına” səbrlə yanaşır. Bizim məqsədimiz İranın qansız-qadasız dönüşüm prosesi keçirməsi və yenidən Türk Birliyinə daxil olmasıdır. Ən azı ona görə ki, biz Türk dünyasının Hind dənizinə açılan qapısını risk altına atmaq istəmirik. Elə buna görə də İranı yaralamadan diri tutmaqda maraqlıyıq. Tehran da özünün ən optimal qurtuluş yolunun bizim təqdim etdiyimiz variantdan keçdiyini anlamalı, boş yerə qan çıxarmaqdan çəkinməlidir.

