Tarix

İran ordusunun generalı, SSRİ-yə casusluq etdiyinə görə edam edilən Əhməd Moqarrebi

Əhməd Moqarrebi 1911-ci ildə Tehranda anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi təhsil alıb. 1940-cı illərdə kommunistyönümlü Tudə partiyasına qoşulub.

Moqarrebi 1945-ci ildən KQB ilə əməkdaşlığa başlayıb. İkinci dünya müharibəsində Almaniya üzərində qələbəyə verdiyi töhfəyə görə İranda bir çoxları SSRİ-ni ən proqressiv ölkə sayırdılar. Moqarrebi də KQB ilə bir müddət təmənnasız, ideya bağlılığı üzündən əməkdaşlıq edir, yalnız casusluqla bağlı bəzi xərcləri ödəmək üçün kiçik məbləğdə ödənişlər alır. SSRİ-nin heç də proqressiv olmadığını anlayandan, siyasi baxışlarında dəyişiklik yaranandan sonra isə pul tələb etməyə başlayır.

Baş nazir Müsəddiqin 1953-cü ildə devrilməsindən sonra Tudə üzvlərinə qarşı repressiyalar başlayır. Mayor Moqarrebi də 1955-ci ildə şübhəli bilinərək həbs edilir, amma 7 ay sonra bəraət və 1000 rial kompensasiya alır.

Həbsdən çıxandan sonra Moqarrebinin hərbi karyerası uğurla davam edir və o, şahın ən etibar etdiyi adamlardan birinə çevrilir. İran ordusunun strateji planlaşdırma departamentinin rəhbəri, ABŞ və digər xarici ölkələrdən silah alınmasına məsul şəxs olur. 1974-cü ildə sərləşkər (general-mayor) rütbəsinə yüksəlir. O, tutduğu mövqeyə və əlaqələrinə görə, KQB-nin İranda ən dəyərli agentinə çevrilir. Digər agentlərin cəmi bir Moqarrebi etmir.

İranın təhlükəsizlik xidməti SAVAK-ın əks-kəşfiyyat şöbəsi 1970-ci illərin ortalarında sovet səfirliyinə öz agentini yerləşdirə bilir. Həmin agentin verdiyi məlumat əsasında KQB əməkdaşlarının Naft küçəsində yaşayan İran hərbçisindən məlumat aldıqlarını öyrənir. Həmin küçədə 3 hərbçinin yaşaması təsbit edilir və hər üçü izlənilir. Bir gün itini gəzdirən Moqarrebiyə naməlum bir şəxsin yaxınlaşaraq nəsə verdiyini görürlər.

General 1977-ci ilin mayında ABŞ-a səfər edəndə SAVAK agentləri evə daxil olaraq axtarış aparırlar, amma bir şey tapmırlar. Onların diqqətini çap maşınına oxşayan, amma bir qədər qeyri-adi görünən aparat çəkir. Lakin onun əsl funksiyasını müəyyənləşdirə bilmirlər. Sonralar məhkəmədə məlum olur ki, həmin aparat qısaməsafəli ötürücü imiş. General onunla məlumat ötürürmüş, KQB işçiləri isə evinin yanında maşın saxlayaraq qəbul edirmişlər.

Əhməd Moqarrebi 1977-ci ilin sentyabrında evinin qarşısında KQB zabiti Boris Kabanovdan 4 min dollar ekvivalentində İran rialı alarkən həbs edildi. Kabanov diplomatik immunitetə malik olduğundan azad edilərək ölkədən qovuldu.

General Moqarrebinin ifşasının İran hakim dairələrində doğurduğu rezonansı İngiltərədə Kim Filbinin, Almaniyada Günter Giyomun ifşası ilə müqayisə etmək olar.

İstintaq və məhkəmə sürətlə keçirildi və sərləşkər edama məhkum edildi. Onun əfv müraciəti rədd olundu. Hətta baş nazir Cəmşid Amuzagərin xahişi də faydasız oldu. Şah başqasını bəlkə də əfv edərdi, amma Moqarrebiyə şəxsi etibarına xəyanət etdiyi üçün qəzəbli idi.

Əhməd Moqarrebi 1977-ci il dekabrın 25-də güllələnərək edam edildi.

“Tarixçi” whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l

“Tarixçi” teleqram kanalı
https://t.me/yadigarsadigli

 

Tacxeber.com

Oxşar xəbərlər

İrana qardaş məsləhəti: Qaşınmamışdan əvvəl tarixinizə göz gəzdirin!

redaktor

Bakının qeyri adi heykəllər qrupu “Üç gözəl”

redaktor

21 noyabr 1472-ci il, Böyük Moskva knyazı III İvanla Bizans şahzadəsi Sofya Paleoloqun nikahı bağlanır

redaktor