“Cyber Partisans” və “Silent Crow” haker qruplarının ələ keçirdikləri Rusiya Federal Statistika Xidmətinin (Rosstat) məlumatlarının “Meduza” və “Mediazona” internet resursları tərəfindən təhlili 24 fevral 2022-ci ildən sentyabr 2026-cı ilə qədərki müddətdə Ukraynadakı işğalçılıq müharibəsində Rusiya ordusunun aralarında 17 general, 7.9 min zabit olmaqla 720 min həbçisinin öldüyünü təsdiqlədi.
“Rosstat”-ın məlumatlarını təhlil edən “Vajnıe istorii” internet resursu isə müəyyən edib ki, döyüş zonalarında rus əsgərlərinin ölüm səbəblərinin 92 faizi partlayışlar və qəlpələrdir. Təhlillər göstərib ki, ölümlərin yalnız 1.3 faizini güllə yaraları təşkil edir. “Vajnıe istorii”-nın üzə çıxardığı bu qənaət o deməkdir ki, yaralılların da böyük hissəsi hansısa bədən əzasını, bir qayda olaraq əl və ya ayqlarını itirirlər. Buna görə də sosioloqlar xəbərdarlıq edirlər ki, Rusiyada “şikəst kişilər təbəqəsi” yaranır və onların sayı milyona çata bilər. Məlumatların təhlil 2026-cı ildə ələ keçirilən ərazinin hər kvadrat kilometrinin Rusiyaya 180 hərbçisinin ölümü hesabına başa gəldiyini göstərir. Bu, isə ötən illə müqayisədə üç dəfə çoxdur.
Demoqraf Aleksey Rakşanın dərc etdiyi hesablamalara görə, 2025-ci ildə Rusiyanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində 1.167 milyon insan doğulmuş və 1.931 milyon insan ölmüşdür. Yəni, ötən il Rusiyanın əhalisi təxminən 764 000 nəfər azalıb. Demoqraf qeyd edir ki, bu rekord göstəricidir. Rusiyada əhali azalması isə xroniki hal alıb. Belə ki, 2024-cü ildə Rusiyanın əhalisi 596 200 nəfər, 2023-cü ildə 495 200 nəfər, 2022-ci ildə isə 599 600 nəfər azalıb.
“Rosstat”-ın məlumatlarını təhlil edən “Dosye” Mərkəzi və “NEST” Mərkəzinin təhlilləri nəticəsində məlum olub ki, Rusiyada kişilərin orta ömür uzunluğu 2025-ci ildə 65.3 ilə düşüb. Bunun da nəticəsində Rusiyada kişi və qadınların ömür uzunluğu arasındakı fərq 14.1 ilə qədər artıb ki, bu da 1959-cu ildən bəri rekord göstəricidir. Məlumatların təhlilinin üzə çıxardığı digər maraqlı məqam ondan ibarətdir ki, Rusiyada uşaqlar və gənc qadınlar arasında intihar halları artmaqdadır.
Important Stories-ə görə, 10-19 yaş arası uşaqlar və yeniyetmələrin intiharlarında 12 faiz, 15-19 yaş arası qızların intiharında 26 faiz, 20-29 yaş arası qadınların intiharında 11 faiz artım müşahidə olunub. Bunun nəticəsi olaraq 2025-ci ildə Rusiyada qeydə alınan intiharların ümumi sayı tarixi anti rekorda çatıb. Belə ki, ötən il 9 600 nəfər intihar edib.
Aydın görünür ki, Rusiyada demoqrafik sabitlik ciddi şəkildə pozulub. Bu fəlakətli vəziyyətin yaranmasının bir səbəbi müharibədirsə, digəri Putinin bərbad iqtisadi siyasətdir. Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin əməkdaşı Daria Nekipelovanın araşdırmalarına görə Putinin hakimiyyəti dövründə Rusiya iqtisadiyyatı texnoloji gerilik tələsinə düşüb. Daria Nekipelovanın araşdırması üzə çıxarıb ki, Putinin hakimiyyəti illərində Rusiya elmi və texnoloji potensialının əhəmiyyətli bir hissəsini itirib. Belə ki, Putinin hakimiyyəti illərində tədqiqatla məşğul olan insanların sayı dörddə bir, qlobal ixtiralardakı Rusiyanın payı iki dəfə azalıb. Səbəb isə Rusiyanın Misir və Malayziya kimi tədqiqatlara ÜDM-nin 1 faizindən azaını xərcləməsidir. Daria Nekipelovanın araşdırmasının üzə çıxardığı digər acınacaqlı hal Rusiyanın qlobal sənaye bazarındakı mövqeyi ilə bağlıdır. Belə ki, 2021-ci ildən 2025-ci ilə qədər maşın və avadanlıqların ixracı dörddə bir azalıb.
Daria Nekipelovanın araşdırmasının üzə çıxardığı ən diqqət çəkən məqam isə ondan ibarətdir ki, texnoloji gerilikdə dönüş nöqtəsi 2012-ci ildə, yəni Putinin üçüncü müddətə prezident seçilməsindən sonra başlayıb. Bunun da nəticəsində sənaye robotlaşdırma sıxlığına görə Rusiya qlobal orta göstəricidən dörd dəfədən çox geridə qalır. Belə ki, 2024-cü ildə Rusiyada hər 10 000 işçiyə 29 sənaye robotu düşdüyü halda, qlobal orta göstərici 132 olub. Nekipelova bu vəziyyəti “texnoloji gerilik vergisi” adlandırıb. Daria Nekipelovanın araşdırması Rusiya iqtisadiyyatın dəyərləndirilməsi baxımından nə qədər önəmlidirsə, yaranmış vəziyyətin əsas səbəbini müəyyən etmək baxımından daha önəmlidir.
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin əməkdaşı Daria Nekipelovanın araşdırmasına görə Rusiyanın texnoloji gerilik tələsinə düşməsinin səbəbi Putinin üçüncü dəfə Kremlə qayıdışı olub.
Rosstat-ın məlumatlarının ictimailəş(diril)məsi, demoqraf Aleksey Rakşanın dərc etdiyi hesablamalar və Daria Nekipelovanın araşdırmasının gündəmə gəlməsi Rusiyanın bəlalarının ünvanı haqqında ümumi rəyin yaranmasına və güclənməsinə səbəb olur. Belə qənaət yaranır ki, Putinin üçüncü dəfə hakimiyyətə qayıdışı ilə başlayan bəlalar Rusiyanı bir dövlət, rus xalqının varlığını isə dövlət qurucu millət kimi təhdid etməyə başlayıb. Bu mütləqiyyət rejimin süqutunun başlanğacıdır.
Rusiya tarixi bizə xatırladır ki, mütləqiyyət rejiminin yıxılması imperiyanın dağılması ilə nəticələnir. Birinci dəfə çar II Nikolayın taxt-tacdan qardaşı böyük knyaz Mixail Aleksandroviçin xeyrinə imtina etməsi, Mixail Aleksandroviçin isə taxtı qəbul etməkdən imtina etməsi monarxiyanın süqutu ilə nəticələndi. Monarxiyanın süqutu isə imperiyanın parçalanmasını tətiklədi.
SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun hakimiyyətdən kənarlaşdırılmaq üçün baş verən QKÇP qiyamı (Avqust qiyamı) Sovet İttifaqının dağılmasını geri dönməz prosesə çevirdiyi kimi, M.Qorbaçovun 1991-ci il dekabrın 25-də vəzifəsindən istefası da Sovet İttifaqının dağılması prosesinin son nöqtəsi oldu.
Rusiyanın ucqarlarında isə qeyri-rus xalqlar arasında Rusiyanın gələcəyi ilə bağlı bədbinlik daha güclüdür. Rusiya imperiyasının ucqarlarında mərkəzdənqaçma prosesi geri dönməz xarakter almağa başlayır. Bu prosesin Şimali Qafqaz və İdel-Ural bölgəsində daha qabarıq şəkil alması isə bizim üçün ciddi xəbərdarlıq siqnalıdır.
Zaman bizi sürətlə böyük tarixi hadisəyə, Dərbənd başda olmaqla Şimal torpaqlarımızın azad olacağı günə doğru aparır.
Dərbənd Azərbaycan dövlətçiliyinin beşiyi, Dədə Qorqudun əmanətidir!
Dərbən Azərbaycan xalqının iki müqəddəs şəhərindən biridir!
Dərbənd Azərbaycandır!
