“Neuralink” şirkəti beyin implantının yeni klinik sınağına başlamaq üçün ABŞ Qida və Dərman Administrasiyasından — FDA-dan icazə aldığını açıqlayıb.
Tacxeber.com şirkətin noyabrın 25-də yaydığı məlumata istinadən xəbər verir ki, “LINK” adlı sınaq amiotrofik lateral skleroz — ALS xəstəliyi səbəbindən ağır iflici olan insanları əhatə edəcək.
Tədqiqatda iştirakçıların beyin siqnalları vasitəsilə rəqəmsal cihazları idarə etmək imkanları qiymətləndiriləcək. Məqsəd onların gündəlik həyatda daha müstəqil olmasına, ünsiyyət qurmasına və texnologiyadan istifadəsinə kömək etməkdir. İmplantın uzunmüddətli təhlükəsizliyi və etibarlılığı da yoxlanılacaq.
Şirkətin bildirdiyinə görə, ABŞ, Kanada və Böyük Britaniyada davam edən əvvəlki tədqiqatlarda artıq 30-dan çox insana implant yerləşdirilib. İştirakçılar cihazdan təhsil, kompüter oyunları və yaxınları ilə ünsiyyət üçün istifadə ediblər.
Yeni sınağa iştirakçı qəbulu açılıb. Verilən icazə implantın kütləvi satışının təsdiqlənməsi deyil; onun təhlükəsizliyi və effektivliyinin klinik şəraitdə araşdırılmasını nəzərdə tutur.