Norveçin “Norse Atlantic” aviaşirkəti maliyyə vəziyyətinin kritik olduğunu açıqlayıb. Noyabrın 25-də şirkətin səhmləri Oslo birjasında 85 faiz ucuzlaşaraq tarixi minimuma düşüb.
Tacxeber.com “Reuters”ə istinadən xəbər verir ki, yanacaq xərclərinin kəskin artması ucuz uzunməsafəli uçuşlar həyata keçirən şirkətin vəziyyətini ağırlaşdırıb.
Aviaşirkət qısamüddətli öhdəliklərini qarşılamaq və fəaliyyətini davam etdirmək üçün əlavə maliyyə axtarır. Rəhbərlik mümkün satış da daxil olmaqla müxtəlif variantları nəzərdən keçirir. Bununla belə, şirkət maliyyələşmə danışıqlarının uğurla nəticələnəcəyinə zəmanət olmadığını bildirib.
Böhran artıq sərnişinlərə də təsir edib. “Pakistan International Airlines” “Norse”un onun üçün həyata keçirməli olduğu iki reysin ləğv edildiyini açıqlayıb. Pakistan şirkəti Böyük Britaniya uçuşlarını öz təyyarələri ilə yerinə yetirəcəyini bildirib.
Norveçin “VG” nəşri noyabrın 26-na keçən gecə “Norse”un öz marşrutlarında da bir neçə uçuşun ləğv olunduğunu yazıb. Həmin vaxt aviaşirkət bütün fəaliyyətin dayandırıldığını təsdiqləməmiş və ləğvlərin səbəbini açıqlamamışdı.
